18:11
(077) 610-22-33

Elnarə Tofiqqızının həkimləri bir-birini ifşa etdi – Nazirə növbəti müraciət

  • >
3 942 28 Mart 2014 09:30 | Cəmiyyət

""Medi Sina" klinikasının adını birinci dəfə idi eşidirdim. Mən orda heç vaxt olmamışdım. Heç bir əməliyyatı da orada icra etməmişəm. Elnarə Tofiqqızının yaxın həkimi kimi orada iştirak etmişəm".

Bu sözləri AzNews.az-a açıqlamasında Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişməsində zərərçəkən tərəfin ittiham etdiyi həkimlərdən biri Fərəcullah İdrisov dedi. Onun sözlərinə görə, o, əməliyyatda iştirak etməyib:

"Mən o əməliyyatda iştirak etməmişəm və xanımı oraya yönəltməmişəm. Mən xanımın nə müalicə, nə cərrah, nə də ki, narkoz həkimi olmuşam. Xanım operatorun təkidi ilə orada əməliyyat olundu. Mahir Məmmədov özü deyib ki, mən xanımı "Medi Sina"ya aparıb, orda edəcəm əməliyyatı".

"E.Tofiqqızını klinikaya həkimlər gətirib"

"Medi Sina" klinikasının Baş həkimi Abbas Bağırov da Elnarə Tofiqqızının "Medi Sina"ya onu əməliyyat edən həkimlər tərəfindən gətirildiyini bildirdi:

"Fərəcullah İdrisov Elnarə Tofiqqızının əməliyyat olunması üçün Mahir Məmmədova müraciət edib. M.Məmmədov Müdafiə Nazirliyinin Baş Klinik Hərbi Hospitalında onkoloqdur. Əvvəlcə, Hərbi Hospitalda xanımın əməliyyat olunmasını istəyiblər. Amma razılaşmayıblar. Mahir doktor da "Medi Sina"ya gəlib-gedirdi. O məsləhət görüb ki, əməliyyat "Medi Sina"da olsun. Sonda xanımı özəl klinikaya gətirərək əməliyyat etdilər. Xəstə bizə deyil, sözü gedən həkimə, Fərəcullah İdrisova müraciət etmişdi".

"Fərəcullah İdrisov Hərbi Hospitalda əməliyyata razı olmadı"

Bir müddət öncə bu barədə mediaya danışan Müdafiə Nazirliyinin Baş Klinik Hərbi Hospitalının həkimi Mahir Məmmədov isə məsələyə aydınlıq gətirərkən F.İdrisovun Hərbi Hospitalda əməliyyata razılıq vermədiyini bildirmişdi:

"Mən Müdafiə Nazirliyinin hospitalında işləyirəm. Xəstənin həkimi Fərəcullah İdrisova onun hospitalda əməliyyat olunmasını təklif etdim, amma həkim razılaşmadı".

Anesteziya Mahir Məmmədovun təlimatı ilə keçirilib

Elnarə Tofiqqızına narkoz vermiş anestezioloq Firuz İbrahimov isə açıqlamasında xəstənin əməliyyata hazırlanmazdan öncə ürəyinin kardioqram edildiyini, nəticənin çox normal olduğunu deyib:

"Ümumiyyətlə, anesteziyada risk yoxdur, orda riskin azlığı və ya çoxluğu var. Anesteziyada əks göstəriş də yoxdur. Elnarə Tofiqqızı risk qrupuna aid olan xəstə idi. Çəkisi 100 kiloqramdan artıq olan xəstələr anesteziya əməliyyatında riskli xəstə sayılır".

F.İbrahimov həmçinin anesteziyanı cərrah Mahir Məmmədovun təlimatı ilə keçirdiyini bildirib:

"Əməliyyatda iştirak edən cərrah Mahir Məmmədov "Medi Sina"da birinci dəfə əməliyyata girdiyini dedi. Ümumiyyətlə, həmin klinikada cərrahiyə şöbəsi tam standartlara cavab vermirdi".

Prokurorluq istintaq hərəkətlərini aparmır


A.Niftəliyev AzNews.az-a açıqlamasında həkimlərin bir-birini təkzib etdiyini, yalan danışdığını söylədi: "Bütün məsuliyyətin altına girən də, əməliyyat üçün Mahir Məmmədov və Firuz İbrahimovla danışıb, nəfslərinə görə törədilən bu qətlin təşkilatçısı da Fərəcullah İdrisovdur. O, necə əməliyyata girmədiyini iddia edə bilər ki, qətldən sonra hadisə yerinə gələn Nəsimi rayon prokurorunun köməkçisi və hazırda istintaq qrupunun üzvü olan İsmayıl Rövşənov da onun əməliyyat geyimində olduğunu görüb. Bu insanlar vicdanlarını o qədər itiriblər ki, əzab çəkmək, bir qətlə görə səmimi peşmançılıq keçirmək əvəzinə, heç bir suçlarının olmadığını deyirlər. Belələri tam mənası ilə qatildir və görün, Azərbaycan səhiyyəsində necə qəssablar çalışır".

A.Niftəliyev istintaqın gedişindən ciddi narahat olduğunu da bildirdi: "Yanvarın 22-də Baş prokurorun müavini cənab Rüstəm Usubovun məni qəbul etməsindən sonra qaldırdığım vəsatətin təmini istiqamətində addımlar atıldı və şahidlərlə birgə ifadə verdim, üzləşmə də oldu. Amma artıq bir aydan artıqdır ki, zəruri istintaq hərəkətlərindən digəri – həkimlərin üzləşməsi aparılmır. Zərərçəkən kimi hüququmdan istifadə edib vəkilim vasitəsilə dəfələrlə müstəntiqdən bunun səbəbini soruşmuşam. Hər dəfə ekspertizanın son rəyinin gəlmədiyi bildirilir. Ortada bir çete işləyir, sanki: bir tərəfdən 2 aya yaxındır ki, Milli Anatomiya və Ekspertiza Birliyi artıq 4 dəfə verdiyi və tam mənası ilə üzdə olan rəyə aid əlavə sualları cavablandırmağı gecikdirir. Digər tərəfdən isə Nəsimi Rayon Prokurorluğu qaldırdığım vəsatət üzrə istintaq hərəkətlərinin aparılmasını hansısa qaranlıq səbəbdən ertələyir".

A.Niftəliyev növbəti dəfə Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət göndərdiyini də bildirdi: "Səhiyyə Nazirliyi dünən, martın 27-də müraciətimə rəsmi cavab göndərib. Orada qeyd olunur ki, mənə göndərilən cavab Baş Prokurorluğa və Nəsimi Rayon Prokurorluğuna, istintaqa da təqdim edilib:

"Məktubda isə rəsmi şəkildə qeyd olunur ki, Elnarə Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya "Medi Sina Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib. Ekspertizanın 4, Səhiyyə Nazirliyinin isə bu rəsmi mövqeyindən sonra Nəsimi Rayon Prokurorluğunda işin süründürülməsinin səbəbi olduqca qaranlıqdır və görünür, bu işlə artıq Korrupsiyaya qarşı Mübarizə İdarəsi məşğul olmalıdır".

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Amid İsbəndərov
AzNews.az
Bağla X