09:07
(077) 610-22-33

Tarixçiliyin səfaləti

  • >
3 729 10 Aprel 2014 14:15 | Cəmiyyət

Renesans humanistləri orta əsrlərin qaranlığında müasir Avropanı "Türkə söyməyi" müqəddəs xəstəlik halına gətirərək yaratmağa çalışdılar.

Bu günün Şərq hümanistləri isə "Qərbə söyməyi" özlərinin müqəddəs xəstəliyinə çevirmək mübarizəsi aparırlar. Amma Renesans humanistlərindən fərqli olaraq, Şərq humanistləri tarixçilik bataqlığından da xilas olmaq məcburiyyətindədirlər. Bu bataqlıq müasir bütün mikrobları öz sularında bəsləyir. Və Şərqli hümanistlər bu bataqlıqda boğulurlar.

Renesans min il keçmişə gedərək gələcəyin Avropasını yaratdı. Romanın xərabələri arasında möhtəşəm Qərbin zövqlərini, əyləncələrini, fikirlərini kəşf etdi. Şərq hümanistlərinin ayağına isə son iki yüz ilin müasir tarixi dolaşır və onları Şərq üçün möhtəşəmlik abidəsi olan orta əsrləri qucaqlamağa qoymur. Zamandan qopmaq qorxusu bizi keçmişdən uzaqlaşdırır. Mobil telefonlara, komputerlərə, bahalı maşınlara sahib ola bilməmək qorxusu ucbatından orta əsrlərdə işləyən çarxların səsini, at arabalarının gurultusunu, dünyaya diz çöktürən qılınclarımızın zəfər qıvılcımlarını eşitmək istəmirik. Biz, tarixin səsinə qulaqlarımızı bağlayaraq daha çox modern rahatlığa ərişəcəyimizə inanırıq. Renesans humanistləri Antik dövrün fikirlərini dirildərkən Fransisken, Yezuit rahibləri öz dövlərinin üstün Şərq texnologiyasını öyrənib öz ölkələrində tətbiq edirdilər. Şərqli zehniyyət isə öz keçmişini diriltməyi maariflənməyə xəyanət hesab edir.

J.L.Borxesə görə "Karfagen Romanın uydurmasıdır". Bu günün Şərqi isə Avropanın uydurmasıdır, Azərbaycanın rusların uydurması olduğu kimi. Fransisko Petrarka qədim yunan və latın dillərini çox pis bilirdi. Amma o, yəhudi mütərcimlərin ərəbcədən tərcümə etdikləri Qədim Yunan və Roma əsərlərini oxumaq əvəzinə, savadsız dil anlayışı ilə Siseronun öz dilində oxumağa cəhd etdi. Nəticədə Renesansın xəbərçisi oldu. Onu rəsm sənətində Martini, təbabət və astronomiyada Dondi, ilahiyyat elmlərində dominikli rahib Kolonna ve Dionisi, siyasət elmində isə Rienzo və Bukakko təqib etdi. Beləcə, Renesans ordusunun sərkərdələri oldular və sürətlə öz humanist ordularını yaratdılar.

Bəs biz? Keçimişi son 200 ilin kitablarından günün şərtlərinə uyğunlaşdıraraq öyrənməyə, təbliğ etməyə cəhd edirik. Ən istedadlımız belə əlinə keçən qədim dövrə aid bir əsəri 200 ilin metod və üslub işgəncəsindən keçirərək tədqiq edir. Biz, bizə ancaq səfalət bəxş edən və bizi səfillərə çevirən 200 ilik tarixçiliyimizin yaratdığı bəxtsiz oğrularıq.

Kitabxanalarımızda Nizami, Xaqani, Nəsimi, Füzuli və Xətaidə ... kommunist ideologiyasının rüşeyimlərini axtaran tonlarla yazılar var. Amma Nizaminin, Xaqaninin, Nəsiminin nə dediyini onların öz baxışlarından tədqiq edən bir məqaləmiz belə yoxdur. Biz tariximizi istədikləri kimi öyrədənlərin öyrətdiklərinin diplomlu həvarisiyik.

Şərqin səfaləti onün müasirliyidir. Əfqanidən üzü bəri biz Şərqi Qərbin istədiyi kimi öyrənən səfillərik. Müasir zövqlərin ucuz və sırtıq qəhərmanlarıyıq. Şərqin müasirləşməsi Qərbin illuziyasıdır. Müasirləşməni texniki tərəqqi zənn edən bədbəxt filozoflarımız, onun elm və kimlik istesal edən böyük mədəni-əxlaqi sənaye olduğunu əsla başa düşmədilər.

200 illik tariximizin mütəqlidlərini mütəfəkkir hesab edənlər maariflənmənin Qərb modeli olduğunu, bu libasın Şərqliyə geydirilmiş "dəli köynəyi" olacağını anlamaq istəmədilər. Texniki tərəqqinin bütün nemətlərinə sahib olsaq belə, bizim səadətimiz Qərb tullantılarının zərbəsi ilə daima çalxalanacaqdır.

Renesans xristianlıqdan bir şey yaxşı öyrəndi: İsanın ölünü diriltməsini. Hümanistlər öz keçmişlərini İsa əxlaqı ilə diriltdilər. Şərqin dirilərini isə Şeyx Nəsrullah kimi İsfahan lotuları öldürdülər və hümanistlərimiz bu faciəni bütün dünyaya faş etməyi mütəfəkkirlik əxlaqı hesab etdilər.

Xalqların əxlaqı onların sirləridir - namus kimi qorunmalı və gizlədilməli sirlər... Əxlaqını təhqir edərək tənqid etmək səfalətin mütəqlidlərimizin beyinlərində yaratdığı ruhu sarsıtıdan irəli gəlirdi.

4 min illik tarixini 200 illik müasirlik adına qarnını otarmaq bahasına satan tarixçilik ancaq səfalətin tarixini dastanlaşdırmağa qadirdir...

AzNews.az
Bağla X