11:34
(077) 610-22-33

Arif Rəhimzadə: “Rusiyada demokratik islahatlara ehtiyac var”

  • >
1 905 22 Aprel 2014 13:02 | Cəmiyyət

"Bu hadisəni çox yüksək dəyərləndirirəm. Büstün Sankt-Peterburqda qoyulması Azərbaycan tərəfinin təşəbbüsüylə baş tutub. Amma görüləcək işlər təkcə bununla yekunlaşmır. Cənab prezident İlham Əliyevin tapşırığına əsasən Topçubaşovun yubileyi ilə bağlı da bir sıra tədbirlər keçiriləcək". Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Arif Rəhimzadə Rusiya Dövlət Dumasının keçmiş binasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri və ikinci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun büstünün qoyulmasına münasibət bildirərkən səsləndirib. A.Rəhimzadə bildirib ki, Topçubaşov nəinki Sankt-Peterburqda, ümumən Rusiyada qəbul olunan bir şəxsiyyətdir və bu büstün qoyulması həm də onun ideyaları ilə razılaşmaqdır: "Məhz onun ideyaları dünyəvi ideyalardır və hansısa dövrü əhatə etmir. Onun ideyasının əsasında demokratikləşmə dururdu. Topşubaşov hələ o vaxt bildirib ki, Rusiyada demokratik islahatlara ehtiyac var. Onun bu ölkədə qəbul olunması sübut edir ki, Topçubaşovun ideyaları bir əsrdən artıq zaman keçsə də, yenə aktualdır".

A.Rəhimzadə abidənin qoyulmasında əməyi keçən insanlar barədə də danışıb. Bildirib ki, rusiyalı heykəltaraşın ağ ural mərmərindən hazırladığı büstün ərsəyə gəlməsində Xarici İşlər Nazirliyinin, bu şəhərdəki konsulluğumuzun böyük zəhməti olub. A.Rəhimzadə sonda qeyd edib ki, gələcəkdə Rusiya Dövlət Dumasında digər deputatların abidələrindən ibarət qalereyanın yaradılması mümkündür və bununla bağlı ilkin razılaşma əldə olunub.

Qeyd edək ki, Topçubaşovun büstünün açılışı aprelin 17-də baş tutub. Açılış mərasimində Azərbaycan tətəfindən 10-a yaxın deputat – Arif Rəhimzadə, Adil Əliyev, Elton Məmmədov, Rasim Musabəyov, Mirkazım Kazımov, Rüfət Quliyev və başqaları iştirak edib.

İntiqam Valehoğlu
AzNews.az
Bağla X