17:40
(077) 610-22-33

Bircə dəfə “suuus!” deyin...

  • >
2 600 5 Avqust 2014 11:43 | Cəmiyyət

Jalə Mütəllimova

Bir şəhidin qadını: Mən ölürəm ondan ötrü...
Bir şəhidin atası: Arxayın get, mən bir balanı böyüdənəcən yaşayacam...
Bir şəhidin anası: Dörd balan qaldııııı.....
Bir şəhidin bacısı: Mənə indi dedilər ki, qardaşın ölüb, mən elə bilirdim, balamsan mənim...
Bir şəhidin qardaşı: Qaqam, mən tək qaldım....

Helikopter pərlərinin sürətli hərəkəti, tibbi yardım maşınları, yaylım atəşləri, atışma səsləri, yaralı iniltiləri, yardıma tələsən həkimlərin panikası, hay-küyü, evlərə göndərilən meyitlər, ağılar, bayatılar, sosial şəbəkələrdəki "soyuq müharibə ", içimizdə olan ermənilər, kimlərinsə içimizdəki nökərlərinin sevinci, öz generalını ələ salan, əsgərinə rişğənd edən şou-biznes nümayəndələri, üzü cəbhə bölgələrinə yollanan maşın-maşın çılğın, emosional Azərbaycan gənci, vətəndaşı, İP dərdi çəkən tanışlar, dərdlərə şərik olmaq üçün neçə yerə bölünməyə hazır insanlar, təxirə salınan ziyafətlər, heç nəyini yarıda qoymağı düşünməyən insanlara ittiham və iradlar...Nəhayət, ən dəhşətlisi içimdə özümə bəslədiyim səssiz, amma böyük bir nifrət....

Mən evimdəyəm...
Mən rahatam...
Mən hər səhər işə gedib, axşam evə dönürəm...
Mən naharda yemək sifarişi verə bilirəm...
Mən vəziyyətə görə danışa, gülə, ağlaya, yəni həyatla oynaya bilirəm...
Mən ölən ölünün yiyəsinə "Allah rəhmət eləsin" deyirəm...
Mən toy edənə "mübarəkdir" söyləyirəm....

Bir sözlə, bu kimi zaman öldürən, heç nə qazandırmayan işlərlə məşğulam...

Mən bir əsgərə bircə patronu uzadacaq əl olmuram...
Mən bir əsgərin yarasını sarıyacaq qədər yararlı bilinib ehtiyatdan hospitala çağırılmıram....
Mən bir əsgərin alnının tərini lap elə əlimin dalıyla da olsa, silmək imkanından məhrumam...
Mən bir erməniyə bircə güllə atacaq qədər irəlidə deyiləm...
Mən bir gərəkli əsgərin qarşısında sipər olmaq istəyimi reallaşdıra bilmirəm...

Mən, mən, mən sadəcə yararsız olmağın dəhşətini yaşayıram...Çünki sosial şəbəkələrdəki dezinformasiyaları oxumaq, susmaq, gözləməklə məşğulam.

Məsələn oxuyuram ki, Ağdam və Füzuli alındı. Sonunda da gülüş işarələri görürəm... Rişğənd eşidirəm ki, lənət olmuş ermənilər azərbaycanlı generalların Bodrum istirahətini yarıda qoydu. Xəbərdarlıqla rastlaşıram ki, şəhidlərin ailələri ölülərinin başlarına baxsınlar, ermənilər bizim meyitləri alçaldıb, biri ana söyüşü söyür, biri bacı, biri də Misirdə çəkilən şəkli paylaşır ki, bəs bura filan rayondakı filan məsciddir, indicə bura 40 meyit gəldi. Uzdəniraq bir reper Allah bilir nəyin təsirindən "əsgər ölmək üçündür" deyir və pis çıxsa da deyəcəm, camaatla "mırt" tutur. Sabah da hamının nəslini düzür sıraya, bir video paylaşır həyasızcasına, çoxları da İP daha çox olsun deyə filan hüquq müdafiəçisinin qızının təhqirini başa çıxarır. Bir dövlətə minnət eləyirlər ki, yanımızda deyil, birinə deyirlər ki, bizi dəstəkləmir, başqa birindən tələb eləyirlər ki, niyə erməninin qulağını burmursan....

Amma daha ciddi mətləblər var. Qarabağ var, onun bəlkə bir, ya bir neçə rayonuna dönə bilmək ehtimalı var. Və bu ehtimallardan ötrü can verən oğullar var. Bəli, vəhşilər balalarımızı əlimizdən alırlar. Amma qanları yerdə qalmır o balaların. Çoxlarınınsa bu qisasları alacaq kişilərin kürəyinə dayaq olmağa gücü çatmır deyəsən... Heç nə bacarmasaq da, sadəcə dayaq olaq. Lap ölsək də, dayaq olaq. Çünki bizə görə şəhidliyi də sevə-sevə qəbullanır o adamlar. Şəhid olurlar ki, canları, qanları torpağa qarışsın... Torpaq olurlar ki, ayağımızı basmağa yerimiz olsun, yer ayaqlar altından qaçmasın, yeriyək, gəzək, yaşayaq. Bu millət, bu ölkə, bu vətən olsun deyə gedənlərdir onlar. Amma lütfən bütün bunların fonunda kimsə qarşısında bir stəkan pürrəngi çay, ya da bəlkə pivədən filandan içə-içə ağzını da Allahın deyə bilmərəm, amma nəyinsə yoluna qoyub, danışmasın.

Bəlkə də deyən olacaq ki, bəs sən bu yazını yazanda neyləyirdin? And olsun Allaha, bir mahnıya qulaq asırdım. Amma vətənpərvərlik ruhunda yazılan bir mahnıya...Yazı masamın yerləşdiyi otaq bayırda 35 dərəcə isti olmasına baxmayaraq, buz kimi sərindir. Bu sərinliyə baxmayaraq, mən nə çay, nə də pivə içirəm. Sadəcə dispenserdən götürülmüş sərin su var qarşımda. Hər dəfə bir qurtum içəndə məni bir az da üşüdür sərin su. Amma təkcə sərin su yox. Həm də o boyda hadisələrin qarşısında baş verənlərdən üşənir adam. Yəni bu mövzuda danışan, yazanlardan bir balaca fərqliydim bu yazını yazana qədər. İndi yəqin dərs keçər, "dahi" deyib lağ eləyən də olar, bilmirəm. Bircə onu bilirəm ki, o səslər hələ qulağımdadır:

Bir şəhidin qadını: Mən ölürəm ondan ötrü...
Bir şəhidin atası: Arxayın get, mən bir balanı böyüdənəcən yaşayacam...
Bir şəhidin anası: Dörd balan qaldııııı.....
Bir şəhidin bacısı: Mənə indi dedilər ki, qardaşın ölüb, mən elə bilirdim, balamsan mənim...
Bir şəhidin qardaşı: Qaqam, mən tək qaldım....

Ən uzaqdan gələn səs şəhid Qaryağdının atasının səsidir: "Qaryağdı heyyy" deyir...

Elə istəyirəm gerisini söyləsin. Desin, "a bala, ay əhlikef, o dağın döşündəki mal-heyvana da göz yetir hərdən"...

Ha diqqət kəsilirəm, olmur. Elə ağı deyir bu kişi: Qaryağdı heyyy...

Eşitmirsiz?!... Əlinizi ağzınıza aparıb, "bircə dəfə suuus" deyin....Adamın lap qulağı batır ki...

Lent.az
Bağla X