13:27
(077) 610-22-33

Azərbaycanda Ebola virusuna hazırlıq...

  • >
601 19 Avqust 2014 13:10 | Cəmiyyət

Azərbaycanda Ebola virusu ilə bağlı hər hansı şübhəli hal aşkar olunarsa, həmin şəxsin yerləşdirilməsi üçün müvafiq yer ayrılıb.


Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya açıqlamasında deyib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müvafiq palatalar yaradılıb və hər hansı hal aşkar olunarsa, virus şübhəli şəxslər oraya yerləşdiriləcək. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Azərbaycanda Ebola virusuna qarşı bütün hazırlıq işlərini görüb, şübhəli hal aşkar olunarsa, xəstələrin yerləşdirilməsi üçün palatalar, müasir tematik müalicənin aparılması üçün də kifayət qədər dərman var. V. Qasımov qeyd edib ki, bu virusun spesifik müalicə preparatları yoxdur, amma simptomatik müalicə üçün kifayət qədər dərman və ehtiyat mövcuddur.

Nazirlik rəsmisi əlavə edib ki, virusun simptomlarını, xüsusən də hərarəti aşkarlamaq üçün temperaturu ölçən xüsusi aparat – termovizorun quraşdırılması təklif edilib: "Bu aparatların sərhədlərdə quraşdırılması üçün Səhiyyə Nazirliyi tərəfindən Dövlət Gömrük Komitəsinə müvafiq müraciət olunub. Nazirlik tərəfindən vəziyyətlə bağlı məlumat verilib, aparatın quraşdırılması təklif edilib və onlar tərəfindən də bu istiqamətdə iş görülür. Məndə olan məlumata görə, artıq bu istiqamətdə iş gedir və aparatlar quraşdırılır. Bu, hərarəti ölçən aparatdır. Bizim üçün əsas məsələ Afrika ölkələrindən gələn insanların yoxlanılmasıdır. Hər hansı hal aşkar olunarsa, bu barədə Səhiyyə Nazirliyinə məlumat veriləcək".

Qeyd edək ki, səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov Ebola virusu xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib. Əmrdə xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin yaradılması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi və s. bu kimi xüsusi qabarlayıcı tədbirlərin görülməsi ilə əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib.

AzNews.az
Bağla X