09:39
(077) 610-22-33

Hərbi məlumatların yayımlanması ilə bağlı qanuna ehtiyac varmı? – Rəylər

  • >
1 851 25 Avqust 2014 13:16 | Cəmiyyət

Bundan sonra hərbi məlumatları özbaşına və yaxud yanlış yayan jurnalistlər

qanun qarşısında cavab verməli olacaqlar. Bununla bağlı Milli Məclisin qanun layihəsi hazırlayır. Qanun layihəsində müdafiə sektoru ilə bağlı qadağan olunmuş informasiyanı yayan şəxs barəsində konkret cəza tədbirlərinin görülməsi nəzərdə tutulur.

AzNews.az sözü gedən qanun layihəsi ilə bağlı, bir sıra qəzet və elektron saytlarının baş redaktorlarının fikirlərini öyrənib. Onların bəziləri bu qanun qəbuluna ehtiyac olduğunu və bəziləri isə bunun əksini bildiriblər.

"Hərblə bağlı kimin ağlına nə gəlirsə, döşüyür"


"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki
, ümumiyyətlə, xəbər sahəsindən asılı olmayaraq, jurnalist yanlış informasiya yaymamalıdır: "Hesab edirəm ki, bütün sahələr kimi müdafiə sahəsində də mətbuat nümayəndələrimiz xəbəri dəqiqləşdirməli, informasiyanın əhəmiyyəti, onun ölkəmizə nə dərəcədə ziyan və yaxud xeyir gətirdiyini də anlamalıdır. Digər tərəfdən jurnalist müdafiə ilə bağlı hər hansısa məlumatdan xəbardardısa, bu hərbi sahədə yaranan bəzi boşluqdan irəli gəlir. Müdafiə sahəsində çalışan insanlar hərbi sirlərin qorunub saxlanılmasında böyük məsuliyyət daşıyırlar. Ona görə də, bu gün bəzi media orqanlarında hərblə bağlı kimin ağlına nə gəlirsə döşüyür. Qanun qəbul edirlər eləsinlər. Amma bizim o qədər qanunlarımız var ki, onlar icra olunsa, hesab edirəm ki, bu kifayət edər".

"Bu qanuna ehtiyac yoxdur"


Jurnalist-teletənqidçi Qulu Məhərrəmli
bununla bağlı ayrıca qanunun qəbuluna ehtiyac olmadığını bildirib: "Bu məsələdə jurnalistlər özləri-öz məsuliyyətini dərk etməlidirlər. Azərbaycanda informasiya əldə etmək və yaymaq haqqında, informasiya təhlükəsizliyi haqqında qanunlar var. Burda yalan məlumat yayan insanların məsuliyyəti ayrıca olaraq göstərilib. Ona görə də ayrıca qanunun qəbuluna zərurət görmürəm".
Ekspert onu da əlavə edib ki, yeni internet mediasında məsuliyyət o dərəcədə unudulub ki, artıq onlar özlərini sosial şəbəkədə hiss edirlər. Onun sözlərinə görə, vətəndaş mediasının olmayan prinsiplərini mətbuatda tətbiq edirlər.

"...jurnalistlər məsuliyyətə cəlb edilməlidir"


"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki,
bütün dünyada olduğu kimi Azərbaycanda da hərb sektoru qapalı bir sahədir. Onun sözlərinə görə, bu sahə ilə bağlı məlumat yazarkən hər kəsin diqqətli və məsuliyyətli olması vacibdir: "Azərbaycanda informasiya yayımlanması ilə bağlı xüsusi qanunlar var. Müdafiə sahəsi ilə də bağlı əlavə qanunun qəbuluna ehtiyac görürəm. Hesab edirəm ki, jurnalistlərin bu məsələyə ciddi yanaşması tələb olunur. Jurnalist hərblə bağlı hər hansı bir informasiyanın yaymazdan əvvəl götür-qoy etməli və düşməsi vacibdir. Məlumatın ölkəmizin təhlükəsizliyi, əhəmiyyəti barədə də dəyirini bilməlidir".

Baş redaktor deyib ki, bu gün Azərbaycanda bir sıra elektron saytlar və eyni zamanda yazılı mətbuat orqanları var ki lazımsız, eyni zamanda düzgün olmayan, qeyri-dəqiq olan hərblə bağlı informasiya yayırlar: "Təəssüf ki, bu da ordumuza xələldən başqa bir şey gətirmir. Bizlər yalnız və yalnız bu cür məlumatların ziyanını duyuruq. İnzibatçılığın tərəfdarı olmasam da, hər halda jurnalist öz məsuliyyətinin dərk etməsi üçün ayrıca qanunun qəbuluna ehtiyac var. Yanlış məlumatlar, təbii ki, düşmən dəyirmanına su tökməkdən başqa bir iş deyil. Hesab edirəm ki, bilərkdən hərbi məlumatları diqiqləşdirmədən yazan jurnalistlər məsuliyyətə cəlb edilməlidir.


"Bu qanun ziddiyyətlər yaradacaq"


"Xalq Cəbhəsi" qəzetinin baş redaktor Elçin Mirzəbəyli
isə yeni qanunun qəbulunun deyil, mövcud qanunlara bir sıra dəyişikliklərin tərəfdarıdır: "Azərbaycan qanunvericiliyində cəmiyyətdə təşviş yaradan, təxribat xarakterli məlumatlar yayan şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər müddəa var. Mən bilərəkdən jurnalistlər yox, şəxslər sözünü işlətdim. Çünki peşəkar jurnalistlər və onların çalışdıqları media qurumları adətən belə səhvlərə yol vermirlər. Bu baxımdan, elə qanunvericiliyin indiki tələbləri səviyyəsində də müvafiq addımların atılması mümkündür. Doğrusu, mən konkret bir faktla bağlı, indiki halda hərbi məlumatların xüsusi icazə olmadan, yaxud təhrif olunaraq yayılması ilə əlaqədar ayrıca bir qanunun qəbulunu təsəvvür etmirəm. Çünki bu istiqamətdə qəbil edilmiş "Dövlət sirri haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunlar var. Əgər həmin qanunların təkmilləşdirilməsinə ehtiyac varsa, bu zaman adı çəkilən qanunlara əlavə və dəyişikliklər edilə bilər. Bu istiqamətdə yeni bir qanunun qəbulu isə hüquqi ziddiyyət yarada bilər ki, bu da arzuolunan deyil.

"Bizim internet mediada anarxiya hökm sürür"


"Azadinform" informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev isə hesab edir ki, cəbhədə yaranmış gərginlik vaxtı saytların hərbi xəbərlərə məsuliyyətsiz yanaşması yeni qanunun qəbulunu zəruri edib: "Müharibənin öz qanunları var. Onun sözlərinə görə, Azərbaycan hazırda müharibə şəraitindədir və müharibəni faktiki olaraq iki cəbhədə aparır. İşğal olunmuş torpaqlarımızda silahla və mediada. Son günlər cəbhədə yaşadıqlarımız fonunda medianın problemə yanaşmasını xatırlayanda belə bir qanunun hazırlanmasını təqdirəlayiq hesab edirəm. Baş verənlər sübut etdi ki, bizim internet mediada həqiqətən də anarxiya hökm sürür. Atəşkəs elan olunanda sonra Azərbaycan mediası, xüsusən də internet media belə fövqəladə vəziyyətlə qarşılaşmamışdı. Nə yaxşı ki, qarşılaşdı və baş verən hadisələr sübut etdi ki, bizim yeni media çap mətbuatından fərqli olaraq problemə professional yanaşmadı. Yayılan informasiyalar bir tərəfli və bir çox hallarda heç bir mənbəyə əsaslanmadan ictimaiyyətə çatdırıldı. Bu da təbii ki, insanlarda təşviş yaradırdı. Bəziləri hətta bir az da irəli gedərək, həmin dövrün cəbhə xəbərlərinə təlim video görüntülərini və yaxud da aidiyyəti olmayan fotoşəkillər yerləşdirərək, çaşqınlığı daha da artırdılar. Mənbəyi bəlli olmayan, şəxsi e-mail adreslərdən gələn cəbhə xəbərlərini manşet edən sonra da təkzib yayan mediamızı gördük. Bu sahədə xəbər "istehsalı" cəbhədə baş verən hadisələrdən çox-çox qabaq da idi, sanki yayılan xəbər cəbhədəki hadisələri idarə edirdi. Düşünürəm ki, media olaraq bizlər xəbər istehsalı zamanı ilk növbədə məsuliyyətimizi dərk etməliyik. Təəssüf ki, məlum hadisələr zamanı hisslərimiz məsuliyyətimizi unutdurdu".

N.Niftiyev hesab edib ki, bütün bunlar onu deməyə əsas verir ki, indiki zamanda belə bir qanuna həqiqətən də ehtiyac var.

Amid
AzNews.az
Bağla X