14:14
(077) 610-22-33

“Get, sənin işinə Mehriban Əliyeva baxsın”

  • >
3 445 27 Sentyabr 2012 13:36 | Cəmiyyət

AzNews.az cəmiyyətin sosial, hüquqi və digər problemlərini işıqlandırmaq, araşdırmaq və həllinə yardımçı olmaq məqsədilə 0519400020 nömrəli telefonu müraciət və şikayətləri qəbul etmək üçün vətəndaşların ixtiyarına verib. Redaksiyamıza daxil olan məlumata əsasən, Sabunçu qəsəbəsi, Nəsib Məlikov küçəsi, mənzil 24A ünvanında yaşayan Mehriban İbrahimova hüquq pozuntusundan və problemini heç bir aidiyyəti qurumun həll etməməsindən şikayətlənir.

Belə ki, fiziki zorakılığa məruz qalan və elə zorakılığı törədən şəxslər tərəfindən boyunbağısı oğurlanan M. İbrahimova 3 ildir ki, şikayəti üzrə heç bir nəticə əldə etməyib. Halbuki, məsələ üzrə Sabunçu Rayon Polis İdarəsindən tutmuş Bakı Şəhər Baş Prokurorluğuna kimi müraciət edib. Ancaq bütün bunlar da fayda verməyib.

Vətəndaşın problemi yaşadığı rayonda yerləşən qapı-pəncərə sexinə sifariş verməsi ilə başlayıb: "2010-cu ildə evim üçün plastik pəncərə sifariş vermişdim. Sabunçu rayonunda toyuq-cücə bazarının yanındakı qapı-pəncərə sexini işlədən Məmmədov Mürsəlim adlı şəxs gəldi evimə, ölçdü-biçdi, pəncərə düzəltdi evimə. Ancaq külək əsən kimi pəncərə düşdü yerə. Getdim sexə ki, şikayət eləyim gəlib düzəltsinlər. Sexdə 4 nəfər idilər. Ər-arvad işləyirlər sexdə. Şikayətimi dinləmək əvəzinə, yoldaşı Məmmədova Həqiqə əlini atıb boynumdan sepimi qırıb çıxardı, özü də sexdən çıxartmaq üçün arxadan taxta ilə başıma vurdu".

Şikayətçi bildirir ki, bu zərbədən kəllə-beyin travması alıb və bu səbəbdən 3 ildir ki, müalicə olunur: "3 ildir xəstəxanaya gedib gəlirəm bundan ötrü. Bədənimdə xəsarətlər vardı sübut üçün. Təcili yardım da gəlmişdi üstümə. Şahidlər də vardı, amma özlərinə problem yaranmasın deyə şahid kimi çıxış etmədilər. Bununla bağlı Sabunçu Rayon Polis İdarəsi, rayon 12 saylı polis bölməsinə, Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Prokurorluğuna müraciət etmişəm. Ərimdən boşanmış, əlil qadınam. Bu 3 ildə Azərbaycanda qanun olmadığına görə heç kim şikayətimə baxmır. Polis bölməsindən tədqiqatçı mənə dedi ki, get sənin işinə Mehriban Əliyeva baxsın. Vurulan mən, sepi alınan mən, amma 3 ildir heç nəyə nail ola bilmirəm. Çünki mənim pulum yoxdur, o biri tərəf kimi verim məhkəmədə qalib gəlim. Şahidlər də deyir ki, həmin sexi işlədən şəxs polisə işləyən adamdı. Polis idarəsindən isə deyirlər ki, sənin əlində sübutun yoxdur, ancaq sübut mənim başımdan aldığım qapalı kəllə-beyin travma. Şəkillərimi də göndərmişəm, bədənim gömgöy idi. Ancaq Mürsəlim deyir ki, guya mən sexin qapı-pəncərəsinə vurub sındırmışam. Axı mən elə güclü bir qadın deyiləm ki, bunları edəm. Mən dərmanla yaşayıram, ürək getməm var. Özü də onlar 4 nəfər olub, ancaq mən tək olmuşam. Necə oranı dağıda bilərəm? Tək qadınam deyə qalmışam çarəsiz..."

M. İbrahimovanın sözlərinə görə, sexin işçisi Mürsəlim Məmmədov bildirib ki, nə qədər şikayət edirsən et, mən pulumu verib canımı qurtaracam: "Dedi ki, vay sənin halına...Təhdid eləyir həmişə məni. Evimdə də qorxa-qorxa yaşayıram.
Hətta sexin içində mənə dedi ki, səni zorlayaram, çıx get burdan. Mən onun səsini diktofona da yazmışdım sübut üçün, amma polislər telefonumu alıb yoxa çıxardılar o yazılan səsi də. Hər şey boşa çıxdı".

Vətəndaş iddia edir ki, məlum qurumların onun şikayətini nəzərə alınmamasının səbəbi qarşı tərəf kimi onlara "hörmət" edə bilməməsidir: "2010-cu ildə Sabunçu rayon 12 saylı polis şöbəsində Sadiq müəllim rəis işləyirdi. Onu işdən çıxarıblar. Sonra mənim işimə tədqiqatçı Faiq İsayev baxıb. O özü mənə demişdi ki, sənin işin həll olunardı, amma şikayət etdiyin tərəf Sadiq müəllimə rüşvət verdiyi üçün nəzərə alınmadı. Mənim də pulum olsaydı çoxdan tutdurmuşdum Mürsəli. Sonra şöbədən tədqiqatçı Cavanşir müəllim, Oqtay müəllim məsələdən xəbərdar olublar. Sabunçu Rayon Polis İdarəsindən isə Anar Məmmədov bu işə baxıb. Ancaq şikayətim geri qaytarılıb".

Beləliklə, 3 il ərzində yazdıqca yazılan şikayət ərizələri heç bir fayda verməyib. Vətəndaşın şikayəti əsassız sayılaraq "yola verilib". Elə bizim kimi...

Belə ki, məsələ üzrə Sabunçu RPİ ilə əlaqə saxlamağa çalışdıq, ancaq zənglərimizə cavab verilmədi. Rayon üzrə 12 saylı PB-nin qeydiyyat şöbəsindən Nazilə xanım isə məsələdən xəbərdar olduqdan sonra şikayətçi vətəndaşın "şələşur" qadın olduğunu, ümumiyyətlə nə istədiyini aydınlaşdıra bilmədiklərini dedi. Daha sonra şöbənin növbətçi hissəsindən Ceyhun Əliyevlə danışa biləcəyimizi bildirdi. Ancaq növbətçi hissədən özünü təqdim etməyən şəxs məsələdən xəbərdar olduqdan sonra bizə verdiyi cavab ancaq "hə nolsun?" oldu: "Biz neyləyək? Siz kimsiz ki?" Əməkdaşa təkrar olaraq özümü təqdim etdim. Ancaq qarşılığında isə "müsahibə" sözünü "müsabiqə" bilən bu əməkdaş cavab verdi ki: "jurnalistsən get müsabiqəni al da ondan-bundan. Şikayətçi özü gedib maraqlansın da..." Bu sözlərlə də telefon üzümüzə qapadıldı.

DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etməyimizi bildirdi. Eyni zamanda, polis əməkdaşlarının mətbuat nümayəndələrilə bu formada danışmağa haqları olmadığını qeyd etdi.

Mövzunu diqqətdə saxlayacağıq.

Sevinc Fədai
AzNews.az
Bağla X