00:38
(077) 610-22-33

Sən doğulanda elə 40 yaşında olmusan...

  • >
3 072 5 Mart 2015 11:38 | Cəmiyyət

Nicat Dağlar



Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Ceyhun Musaoğlunun 40 yaşına...

Ceyhun, əslində dünənin uşağıyıq... Sənin 20 yaşın nə vaxt oldu? 30-u nə vaxt qeyd etdik ki, indi 40 yaşına təbrik yazıram? Mən xatırlamıram, bilirəm ki, sənin də yadında deyil. Səni ÖZÜM bilirəm deyə əminəm ki, yaddaşında gəncliyinin balaca bir fraqmenti də qalmayıb. Yaşamadıq onu! Əlimizdən aldılar gəncliyimizi. Ətrini də duya bilmədik... Yaddaşında qalanlar yaddaşımda qalanlardır. Onları da sıralamaq istəmirəm. Bilirsən, məncə sən doğulanda elə 40 yaşında olmusan. Tanıdığıma görə belə deyirəm. Baxışını oxuya bildiyim, xəttini tanıdığım, tərzinə bələd olduğum, mənə əziz və qiymətli olan nə varsa hamısını etibar edə biləcəyim bir adam - yəni SƏN, 40 yaşına hamı kimi çata bilməzdi. Sən elə həmişə bu yaşda olmusan - təkcə özünü yox, ətrafındakıları da düşünmüsən, təkcə özünə görə yox, ətrafındakılara görə də narahat olmusan... Kiminsə dara düşdüyünü eşidib, "ona kömək eləmək lazımdır..." çağırışı ilə telefonlarda qalmısan. Başqalarının qara taleyinə sənin kimi acıyan, bütün günü həyəcan içində olan, "Görəsən necə olacaq" sualı ilə qovrulan bir adam - yəni SƏN, saçını aram-aram ağarda bilməzdi. Saçın elə doğulduğun gün ağarıb. Gəlib gördün ki, hamı kimi deyilsən - dərd elədin bunu özünə...

Ceyhun, açığı nədənsə barəndə danışarkən, yazarkən içimdə olanları olduğu kimi üzə çıxara, ifadə edə bilmirəm. Niyəsini bilmirəm, amma bu belədir. Əmin ol ki, deyə bildiklərim deyə bilmədiklərimin yanında çox zəifdir. Amma narahat deyiləm buna görə. Çünki adım qədər əminəm: sən də məni oxuya bilirsən!

Çox yaşa, əziz qardaşım. Həmişə ailənin yanında, həmişə yanımızda ol! Elnarə xanım xoşbəxt qadındır - sənin kimi ömür-gün yoldaşı var! Bircə balan Ləman bəxtəvər övladdır - sənin kimi atası var. Bilirəm, atan da anan da səninlə fəxr edir. Qardaşlarının qürur ünvanısan. Mən də Allahıma şükür edirəm ki, sənin kimi DOSTUM var.
Bağla X