06:19
(077) 610-22-33

“Əlimdə onlarla təkzibedilməz sübut var“

  • >
2 816 5 Mart 2015 22:41 | Cəmiyyət

"Mənim heç vaxt Mehriban Zeynalova adlı problemim olmayıb. Bu qadını şəxsən tanımıram, məni heç vaxt maraqlandırmayıb, mətbuatda bir dəfə də olsun adını çəkməmişəm. Ancaq görünür onun mənimlə ciddi problemi var".


Bu fikirləri Moderator.az -a açıqlamasında sabiq millət vəkili, Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının rəhbəri Gültəkin Hacıbəyli bildirib. G.Hacıbəyli M.Zeynalovanın onun haqqında davamlı olaraq ittihamlar səsləndirməsini də başa düşə bilmədiyini vurğulayıb:

"Günlərdir heç vaxt canlı olaraq üzünü görmədiyim Mehriban Zeynalova mətbuatda mənim adımı hallandırır, barəmdə absurd ittihamlar səsləndirir, mənə böhtan atır, məni məhkəmə ilə hədələyir və nəhayət, barəmdə xüsusi ittiham qaydasında şikayət verərək mənim Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağımı tələb edir. Bəli, o, mənə qarşı mətbuatda dediyi kimi təzminat davası açmayıb, məhz cinayət icraatı qaydasında iş qaldırıb. Bu canfəşanlığın təəssübünü çəkdiyi insan alverçisi Aynur Mehdiyeva və qardaşı Mahmud Mehdiyevdən və ya Daxili İşlər Nazirliyinin əməkdaşı olmasından qaynaqlandığını, yəni siyasi sifariş olub-olmadığını yaxın günlərdə biləcəyik. Hər halda Baş prokurorluğun "çiçəyi burnunda" müstəntiqindən sonra DİN-in Fond rəhbəri ilə üzərimə gəlməsi ehtimalı kifayət qədər yüksəkdir. Keçək məsələnin mahiyyətinə. Aznews.az saytı bir yazı yayımlayıb. Orada filippinli insan alveri qurbanı Llanto Fe Diazın öz dili ilə iradəsinə zidd olaraq Azərbaycandan deportasiya edilməsindən, M. Zeynalovanın bu işdə iştirakından, konkret olaraq, yol xərcinin rəhbərlik etdiyi DİN-in İnsan alveri qurbanlarına Kömək Fondunun hesabına ödənilməsindən, həmin pulun isə Fonda A.Mehdiyeva tərəfindən verilməsindən danışılır. Mənim o yazıya yaxından-uzaqdan heç bir aidiyyatım yoxdur və həmin saytın rəhbəri Elçin Zahiroğlunu həyatda canlı olaraq görməmişəm. Yalnız Mehriban Zeynalovanın mətbuat konfransından sonra məhz bu məsələ ilə bağlı onunla iki dəfə telefonla danışmışam. Mən Fenin ölkədən iradəsinə zidd olaraq, aldadılaraq çıxarılmasının hətta M. Zeynalovaya bəlli olmayan təfərrüatlarına bələdəm, çünki Fe mənə dəfələrlə zəng edib, yazıb, başına gələnləri bütün detalları ilə mənə, vəkilinə və digər dostlarına danışıb. Lakin bu işdə Mehriban xanımın birbaşa iştirakı barədə, yəni Kömək Fonduna onun rəhbərlik etdiyini bilmirdim, bu faktı Aznews.az saytından oxudum.

Məqalədə Fenin öz dilindən Zeynalovaya qarşı ağır ittihamlar səsləndirilir. Mən facebook səhifəmdə həmin yazının linkini paylaşmışam. "Mehriban Zeynalovanın adı insan alverində hallanır" başlıqlı yazı və orada bilavasitə insan alveri qurbanının öz dilindən səsləndirilən ittihamlarla bağlı bir cümlədən ibarət obrazlı, mülahizə xarakterli fikrimi ifadə etmişəm: "Adını Təmiz Dünya qoyub çirkli işlərlə məşğul olmaq necə də asanmış". Vəssalam. Mənim bu ifadədən başqa heç yerdə heç bir münasibətim olmayıb. Mənim bu yığcam reaksiyam ağır ittihamlardan ibarət həmin yazıya adekvat münasibət idi. Bu, mənim Azərbaycan Konstitusiyası və Avropa Konvensiyası ilə qorunan ifadə azadlığımın ayrılmaz tərkib hissəsidir. Lakin indi yazı, oradakı ittihamlar qalıb bir kənarda, yazınının linkini facebookda paylaşdığım üçün Mehriban Zeynalova mənim cinayət məsuliyyətinə cəlb edilməyimi tələb edir. Əlimdə Fenin mesajlarından, yazışmalarından səsyazısınadək onlarla təkzibedilməz sübut var, lakin mən onları açıqlamaq niyyətində deyildim, çünki heç vaxt Daxili İşlər Nazirliyi kimi hədəfim olmayıb. Ancaq Zeynalova bu mövzunu beynəlxalq gündəmə gətirərək təmsil etdiyi qurumu hədəfə çevirmək istəyirsə, bu onun hüququdur. Vəzifə borcu Feni müdafiə etmək olan bir şəxsin Feyə olmazın məhrumiyyətlər yaşatmış, onu insan alverinin qurbanına çevirmiş Aynur Mehdiyevanın və qardaşı Mahmud Mehdiyevin təəssübünü çəkməsi də çox düşündürücüdür. Zeynalova mətbuat konfransında mənə böhtan ataraq mənim guya filippinli insan alveri qurbanını keçmiş baldızımdan və qardaşından qisas almaq üçün alətə çevirdiyimi deyir, Mehdiyevlərin himayəçisi rolunda çıxış edir.

Bütün bu suallara, eləcə də kimin kimdən qisas almasına Fe mətbuat vasitəsilə özü aydınlıq gətirəcək. Məhz mənə görə Feyə haqsızlıqlar edildiyi üçün, bu günədək yaşadığı məhrumiyyətlər müqabilində bir manat kompensasiya ala bilmədiyi üçün, məhkəmə çəkişməsi hüququ məhdudlaşdırıldığı üçün bu ləyaqətli və vicdanlı qızın qarşısında mənəvi məsuliyyətimi hiss edirəm, onun hüquqlarını sonadək qoruyacağam və məni bundan nəinki bir, beş məhkəmə perspektivi də çəkindirə bilməyəcək. Əslində, belə perspektiv mənim mətbuatda gedən yazıya və oradakı hələ də təkzib olunmamış ittihamlara adekvat olan bir cümləlik fb statusumla bağlı yox, Mehriban Zeynalovanın mətbuat konfransı keçirərək barəmdə səsləndirdiyi yumşaq desək, əsassız ifadələrlə bağlı daha ciddidir.

P.S. Mehriban Zeynalova fb-da link paylaşdığım üçün məndən təzminat alıb insan alveri qurbanlarına verəcəyini deyir. Yaxşı olar ki, o, konkret olaraq insan alveri qurbanı Llanto Fe Diazın onu istismar etmiş Aynur Mehdiyevadan ona vurduğu maddi və mənəvi ziyana görə təzminat almasına kömək etsin, Fond hesabına Fenin vəkil xərclərini ödəsin, aprelin 22-sinə təyin edilmiş məhkəməsində iştirak etməsinə kömək etsin. Axı bu onun, bilavasitə vəzifə borcudur."
Bağla X