10:51
(077) 610-22-33

“Daha mükəmməl film çəkə bilərdik” - Elşad Eyvazlının etirafı

  • >
2 796 10 Mart 2015 09:50 | Cəmiyyət

25 uşağın həyat hekayəti film oldu



Bir neçə gün bundan öncə Parlament Jurnalistlər Birliyinin sədri, "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlının "Böyüməyən uşaqlar" kitabının ssenarisi əsasında eyni adlı film ictimaiyyətə təqdim olunub. Bununla bağlı Elşad Eyvazlı AzNews.az-ın suallarını cavablandırıb.

- Xocalı soyqırımı zamanı hər iki valideynini itirən 25 gəncin həyatından bəhs edilən "Böyüməyən uşaqlar" kitabının film halına gətirilməsi ideyası necə yarandı?

-Bu ideya qəfildən yaranmayıb. Bu haqda hələ kitabı yazanda düşünürdük. İstəyirdik ki, "Böyüməyən uşaqlar" həm də film halında təqdim olunsun.

"Böyüməyən uşaqlar" artıq "Xocalıya ədalət" kampanıyasına daxil edilib.

Film ideyası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşdük. O, məsələdən xəbər tutan kimi tam dəstək verəcəklərini bildiridi.

Mən həm də QHT Şurası nəzdində "Şuşaya azadlıq" kampaniyası çərçivəsində yaradılmış işçi qrupunun rəhbəriyəm. Ona görə bu işi birbaşa QHT Şurasının filmi kimi təqdim etmək lazımdır.

Biz istədik ki, 25 uşağın acı taleyini dünyaya çatdıraq. Bilirsiniz, elə dönəmdə yaşayırıq ki, dünyanı soyqırımlarla, insan qətliamları ilə təəccübləndirmək, heyrətə gətirmək mümkün deyil.

Çünki İSİD hər an yeni üsullarla insanları qətl edir. Dəhşətli, görünməmiş insan qətlləri nümayiş etdirir.

Ona görə düşündük ki, Xocalı soyqırımını dünyaya insan taleləri formasında çatdıraq.
Və nəhayət, insanların acı taleyi haqda film çəkmək qərarına gəldik . Film artıq dünyanın 8-dən çox ölkəsində nümayiş olunub və mənə elə gəlir ki, pis qarşılanmayıb. Yeri gəlmişkən, "Böyüməyən uşaqlar" kitabı da artıq Avropa ölkələrində, Türkiyədə 4 dilə tərcümə olunub.

İndi Avropanın əksər böyük kitabxanalarında, universitetlərdə həmin kitaba rast gəlmək mümkündür.

- Hər halda bu film sizin ilk işiniz idi, ssenarinin yazılmasında çətinlik olmadı ki…

- Hər şey filmə baxandan sonra bilinir. Vaxt az idi. Film hazırlandı. Baxdıq ki, bu filmi daha mükəmməl çəkə bilərdik. Amma buna maliyyə imkanlarımız imkan vermədi, çünki filmdə hər şey maliyyəyə bağlıdır. Biz bu filmi ucuz qiymətə hazırladıq.

Filmdə daha çox həvəskarlarla çalışdıq. Çox məsuliyyətli bir iş idi, mənə də çətin oldu, ancaq çalışırdım ki, daha da müəkkəməl olsun. Bilmirəm, buna nə dərəcədə nail olduq, amma indi görürəm ki, nöqsanlı tərəfləri var. Etiraf edim ki, film mənim istədiyim kimi alınmadı.

- Filmin çəkilişi zamanı kino mütəxəssislərindən məsləhət aldınızmı?

- Əlbəttə, müraciət etdim, ancaq onlar əlavə xərc istədilər. Vəsaitimiz isə professionalların tələb etdikləri məbləğə adekvat deyildi.

Nəhayət, elə oldu ki, öz bacarığımızı ortaya qoyduq. Bir daha demək istəyirəm, ümumən film yaxşı alındı, amma daha yaxşı ola bilərdi.

Yəqin ki, filmin üzərində yenidən işləyəcəyik.

- Filmin adı kitabda olduğu kimi "Böyüməyən uşaqlar"dır. Axı o uşaqlar çoxdan böyüyüb…

- Təbii ki, o uşaqlar fiziki cəhətdən böyüyüblər. Boylarının ölcüsü 2 metr olanı, ailə quranı, polis rəisi olanı da var. Mən o uşaqlarla çox təmasda oldum. Onlar biri-biri ilə görüşəndə sarmaşıb ağlaşırlar.

Bilirsiniz, sanki həmin gecə o uşaqların həyatları güllələnib, ömürləri yarımçıq qalıb. Daha bundan sonra böyüyə bilmirlər. Bunların ruhları orda qalıb, həyatları gülləbaran edilib. Onlarla təmasda olanda da görürəm ki, doğrudan da həmin uşaqlar böyüməyib. Onların bütün arzu-niyyəti məhv olub və mənəvi böyüməkləri dayanıb. Daha o uşaqlar böyüyə bilmirlər. Onların hər birinin sosial problemi var. Amma onların hər birinə dünyaları versən, indi mənası yoxdur. Elə o yaşda da qalacaqlar.

Təşəbbüs var ki, həmin uşaqların 25-ni də bir yerə yığılsın, qoy onlar bir yerdə yaşasınlar. Onları axtaranda da bir yerdə tapsınlar. Bu mənada onların bir binada yaşaması daha məsləhətdir.

- Bu filmin gerçəkləşməsində "İrəli" gənclər hərəkatının dəstəyi nə dərəcədədir, çünki "İrəli" iddia edir ki, filmi onlar çəkib…

- Bilirsiniz, bu, elə bir işdir ki, burada "Mən bunu etdim" demək doğru deyil. Ümumilli məsələdir.

Bu filmi onlarla çəkdik. Texniki dəstəyi də onlar verdilər. Əgər bizə dəstək verməsəydilər, filmi çəkə bilməzdik. Mən bu məsələdə "İrəli"nin sədri Mirhəsən Seyidovun, rejissor Cavanşirin, montajçı Asifin adını xüsusi qeyd etmək istərdim. Milli Məclisin deputatı Cavanşır Feyziyev əvvəldən sonadək məsləhətlərini verdi. Baxanlar deyirlər ki, mükəmməl tərcümə olunub. Bu da Cavanşır Feyziyevin xidmətidir.
Əsas odur ki, kim çəkirsə çəksin, ortaya bir məhsul qoyulsun. Biz də "Böyüməyən uşaqlar"ın böyüməyən taleyini yaratdıq…

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X