14:30
(077) 610-22-33

Müəllimlərdən Hadı Rəcəbliyə cavab: “Milli Məclisə buraxılmasın”

  • >
9 540 12 Mart 2015 17:48 | Cəmiyyət

Millət vəkili Hadı Rəcəblinin ölkə mediasında verdiyi müsahibəsi zamanı işlətdiyi “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır” sözləri müəllimlərin də qəzəbinə səbəb olub.

Müəllimlər bu kimi fikirlərin onlara təhqir olduğunu hesab edirlər.

83 nömrəli orta məktəbin müəlliməsi Fatma Hacıyeva AzNews.az-a deyib ki, Hadı Rəcəbli ranqlı bir adamın bu sözləri necə işlətdiyini anlaya bilmir: "Müəllim hambaldır, yoxsa qulluqçu? Belə adamların dediyi sözlərə görə bu sənəti seçdiyimizə peşman oluruq. Bu, müəllimlərə göstərilən ən pis münasibətdir".

F. Hacıyeva müəllimlikdən aldığı maaşın ona yetmədiyini, buna görə də əlavə uşaq hazırlaşdırdığını vurğulayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin gənc müəlliməsi Turan Qarayeva isə düşünür ki, müəllim işdən sonra yalnız öz müəllimlik peşəsi ilə məşğul olmalıdır: "Çünki müəllimin əsas vəzifəsi başqa-başqa sənət sahiblərini yetişdirməkdir. Xüsusilə bu, məktəb müəllimlərinə aiddir".

T. Qarayeva ikinci iş kimi müəllimlik etdiyini və şanslı müəllimə olduğunu qeyd edib.

Elitar Gimnaziyanın müəllimi Vəli Əliyev aldığı 200 manat maaşın heç kommunal xərclərə yetmədiyini bildirib: "Hadı müəllim o sözləri bəlkə də məcazi mənada deyib. Çünki müəllimlər onsuz da işdən sonra uşaq hazırlaşdırırlar. Özünüz də bilirsiniz ki, müəllim maaşı ilə ailə saxlamaq olmaz. Amma bu, o demək deyil ki, müəllim daş daşımalıdır. Daş daşıyandan müəllim olmaz".

V. Əliyev dərslik yazdığını, əlavə olaraq da uşaq hazırlığı ilə məşğul olduğunu vurğulayıb.

Bakı Dövlət Universitetinin dosenti Sabir Məmmədli Hadı Rəcəblinin müəllimlərlə bağlı təklifini yanlış yanaşma adlandırıb: "Müəllim intellektual fəaliyyətlə məşğul olmalıdır. Dövlət illərlə xərc çəkib mütəxəssis hazırlayır, valideynlər dəridən-qabıqdan çıxıb kirayə ev tutur, uşaqlarını oxutdururlar, bəzən ödənişli təhsilə görə ağır maliyyə durumuna düşürlər. Bütövlükdə bunların hamısı ona görə edilir ki, nəticədə savadlı mütəxəssis yetişsin. Müəllim bütün boş vaxtını əlavə bilik toplamaqla, cəmiyyət üçün, dövlət üçün, millət üçün savadlı, intellektual gənc nəsil yetişdirsin. Hadı Rəcəbli isə müəllimlərə tövsiyə edir ki, boş vaxtlarında daş qaldırsın və öz dolanışığını qaydaya salsın. İlk növbədə dövlət öz vəzifəsini yerinə yetirməlidir və müəllimin intellektual mülkiyyətinə lazımi dəyər verib, onu yetərli maaşla təmin etməlidir. Bu gün bütün dünya fasiləsiz təhsildən, ömür boyu təhsil almaqdan danışır. H.Rəcəbli isə intellektual mülkiyyəti aparıb daş qaldırmağa, hörgü hörməyə bağlayır. Yəni biz bu millət üçün, onun gələcəyi üçün bu şəkildəmi savadlı nəsil hazırlamalıyıq?"

AMEA Fizika İnstitutunun əməkdaşı professor Qüdrət İsaqov Hadı Rəcəblinin "müəllimlərə fəhləlik" təklifini ziyalıya və istənilən vətəndaşa yaraşmayan bir hərəkət kimi dəyərləndirib: "Hadı Rəcəbli unudub ki, müəllim adı, müəllim peşəsi dünyada ən şərəfli ad və ən şərəfli peşədir. Mən öz müəllimlərimi görəndə həmişə ayağa qalxmışam, yerimi onlara vermişəm, onları məclisin yuxarı başına dəvət etmişəm. Mənim fikrimcə, Hadı Rəcəblinin müəllim haqqındakı aşağılayıcı fikri onun dalbadal deputat olmasıyla birbaşa bağlıdır. Yəni o, bu il də və gələcəkdə də deputat olacağına arxayındır. Görünən budur ki, özünəarxayınlıq onda ağlına gələni danışmağa stimul yaradır. Belə fikirləri ilə Hadı Rəcəbli bütün müəllimləri təhqir edir. Belə insanların dəfələrlə deputat olması Azərbaycan təhsilinə biganə münasibətdən irəli gəlir. Hadı Rəcəbli müəllim haqqında dediklərinə görə bir daha Milli Məclis üzvlüyünə yaxın qoyulmamalıdır. O, özünün bu fikirləri ilə Milli Məclisi də aşağılayır. Millət fikirləşir ki, deputat belə deyirsə, Milli Məclis də bu gündədir".

Nigar ETİBAR
AzNews.az
Bağla X