03:31
(077) 610-22-33

Bakı 2015: Bizim göyərçinlər, onların raketi və 4 trilyonluq faciə...

  • >
1 677 6 May 2015 15:34 | Cəmiyyət

Nicat Dağlar


Azərbaycanın I Avropa Oyunlarına sərf etdiyi vəsait, tikilən yeni idman qurğuları və bu oyunlara hazrlıq prosesinin ayrı-ayrı elementlərinə dair Qərb mətbuatında təqdim olunan "təhlillər" bütün əndazələri aşır. Amerikalı dostlarımız heç İranın nüvə proqramına bu qədər yazı həsr etməmişdilər…

Azərbaycan uranımı zənginləşdirir? Kütləvi qırğın silahımı hazırlayır? Rəsmi Bakı Amerikanın "məsum bir uşaq kimi bəsləyibi, nazını çəkdiyi" yaxın Şərqi qana qərq edəcək raketlərəmi pul sərf edir?.. Axı nə baş verir ki, Dövlət Departamentindəkilər də qarışıq bəziləri bütün səylərini Azərbayaca qarşı yönəldib xüsui əməliyyatlar hazırlayır, kampaniyalar təşkil edirlər? Əlbəttə ki, sadaladıqlarımızın heç biri deyil. İdman yarışına hazırlaşırıq, I Avropa Oyunlarına ev saibliyi edəcəyik və bunun üçün nələr tələb olunursa hamısını ən yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Dövlət Departamentindən borc almamışıq, kiminsə pulunu xərcləməmişik, beynəlxalq maliyyə institutlarını bu işlərə cəlb etməmişik və deməli bu oyunlara nə qədər vəsait sərf olunduğu da xarici dairələrin müzakirə predmeti ola bilməz. Azı da, çoxu da bizimdir.

Azərbaycanın idman yarışına böyük pullar sərf etdiyindən danışan, bu barədə müxtəlif yazılar sifariş etdirən Qərbdəki demokrat yoldaşlar nədənsə Birləşmiş Ştatlar İraq müharibəsinə TRİLYONLARLA dollar sərf edəndə bu qədər narahat olmamışdılar. Bu pullar günahsız insanların qətlinə yönəldilib, şəhərlər bombalanıb, kəndlər, qəsəbələr yer üzündən silinib. Odur ki soruşuruq: Qazancını sülhə, dostluğa və həmrəyliyə sərf edən Azərbaycanı tənqid hədəfində gətirənlər qana-qadaya, aha-naləyə sərf olunan böyük pulların hesabını niyə aparmırlar?

Braun Universiteti nəzdindəki beynəlxalq araşdırmalar institutu tərəfindən aparılmış "Costs of War"(Müharibə xərcləri) təqdiqata görə, Birləşmiş Ştatların İraqda apardığı "demokratiya" müharibəsinə çəkdiyi xərc 2 trilyon dolları ötüb və bunun da 1,7 trilyonu bilavasitə hərbi əməliyyatların maliyyələşdirilməsinə sərf olunub. Azəbaycanın idman yarışının təşkilinə ayırdığı vəsait isə zirehli "azadlıq maşınlarının" yanacağına sərf olunan pullarla belə müqayisə oluna bilməz. Görəsən başqa bir ölkədə bir idman qurğusuna çəkilən xərci hesablamağa vaxt ayıranlar göydən yağış kimi yağdırılan bombaların da sayını və qiymətini hesablayırlarmı? Unudublarsa, Əfqanstandakı hərbi əməliyyatlara çəkilən xərcləri də xatırlada bilərik. Elə həmin tədqiqat sənədinə görə, Birləşmiş Ştatlar Əfqanıstanda hərbi kampaniyalara ümumilikdə 1 trilyon dollar vəsait sərf edib ki, bunun da 80 faizi Barak Obamanın prezidentliyi dövründə xərclənib.

Suriya müharibəsinə isə ABŞ hər gün 7-10 milyon dollar arası vəsait sərf edir. Strateji Təhlil və Büdcə Qiymətləndirilməsi Mərkəzinin (Center for Strategic and Budgetary Assessments, CSBA) hesablamalarına görə, bu xərclər getdikcə daha da artacaq. Burada söhbət əlbəttə ki, dövlətin pulunun çoxluğundan, büdcənin böyüklüyündən gedə bilməz. Diqqət ancaq xərclənmiş vəsaitin törətdiyi fəsadlara yönəlməlidir. Bax, bunu araşdırmaq lazımdır, bunun haqq-hesabı aparılmalıdır ki, trilyonlarla ölçülən hərbi əməliyyatlar xərcinin müqabilində Ağ Ev qeyd olunan ölkələrdə hansı naticələri hasil edə bilib? Hanı demokratiyanın al bayrağı? Qan içində çabalayan ölkələrdə insan haqlarımı tanınır? Haradadır dediyiniz haqq-ədalət? Əsir düşərgələrində şüşə qablara otuzdurulan adamların fəryadındamı, yoxsa doğmaları qətlə yetirilmiş səfil uşaqların ahındamı?..

Paradoksa baxın: Dünyanın bir hissəsinin qana bələnməsinə trilyonlarla dollar xərcləyənlər bir idman yarışına görə anti-Azərbaycan ruhunda köklənib müxtəlif məqalələr yazdırır, kampaniyalar təşkil edir, xərclər ətrafında hesablamalar aparırlar. Niyə? Bəlkə xəbərimiz yoxdur, Azərbaycan dövlətinin mühasibatlıq sisteminin bir ucu gedib Dövlət Departamentinə çıxır?

Ümumiyyətlə, 2 milyona yaxın insan itkisilə nəticələnmiş son 10 ilin müharibələrinə üst-üstə 4 trilyon dollardan artıq vəsait sərf etmiş ölkə hansı haqla idman yarışına xərclənən pulları təftiş edə bilər? Az xərcləmişik, çox xərcləmişik, amma bundan bir kimsənin burnu qanamayıb. Biz sülhə, dostluğa çağıran idman bayramına hazırlaşırıq. Tikdiyimiz yeni arenalardan isə tanklar yox, çempionlar çıxacaq. Biz səmaya raketlər deyil, göyərçinlər uçuracağıq.
Bağla X