18:39
(077) 610-22-33

Müvəqqəti Mühacir Parlamenti yaradıldı - SENSASİYA

  • >
979 15 Mart 2014 19:22 | Dünya

15 martda Kopenhagendə son dərəcə diqqətəşayan bir hadisə baş verib. Bir qrup Güney Azərbaycan aydını bir araya gələrək, Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasını bəyan ediblər.

Musavat.com-a Kopenhagendən göndərilən məlumatda deyilir:

"Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin Yaradılması Haqqında Məlumat

Bu gün, 15 Mart, 2014-cü ildə Danimarkanın Kopenhaqen şəhərində bir qrup Güney Azərbaycandan olan siyasi mühacir tarixi zərurətdən irəli gələn Güney Azərbaycan Mühacir Parlamentinin yaradılması barədə qərar qəbul edib.

Müvəqqəti Mühacir Parlamenti bəyanat və müraciət qəbul edib, o cümlədən Müvəqqəti Mühacir Parlamentinin məsul heyətini seçib.

Aşağıdakı şəxslər Məsul Heyətinin üzvləri seçiliblər:

Firidun Pərvizniya
Mahmudəli Çöhrəqanlı
Nurəddin Qərəvi
Əhməd Obalı
Eldaq Qaradağlı
Abdullah Əmirhaşimi
Mehmet Müştaq
Səməd Fərtaş
Səttar Sevgin"

********

Musavat.com-a Kopenhagendən Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin xaricdə yaşayan siyasi mühacirlərə ünvanladığı müraciət də daxil olub.

Həmin müraciətdə deyilir:

"Dəyərli dostlar,
İllər uzunudur ki, xalqımızın haqq və hüquqları uğrunda yorulmadan mübarizə aparırsınız, bu mücadilədə səhhətinizi, yurd-yuvanızı, doğmalarınızı zərbə altında qoymusunuz. Heç kim, heç bir təhdid və qorxu sizləri mübarizənizdən çəkindirə bilməyib. Vətəninizdən nə qədər uzaq olsanız da Azərbaycan adı, onun insanlarının hüquq və haqları sizin həyatınızın əsas qayəsi, amalı olub.

Müxtəlif təşkilatlarda, qurumlarda olsaq da bizi birləşdirən tək amal olub - Azərbaycan. Bu gün Güney Azərbaycanın həmişəkindən daha çox bizim birliyimizə ehtiyacı var. Biz bir olmadıqca, biz gücümüzü birləşdirməyənə qədər Azərbaycanımızın haqlarını ala bilməyəcəyik, vətəndaşlarımızın problemləri həll olunmayacaq.

Regionumuzda baş verən hadisələr bizi daha sıx birləşməyə məcbur edir. Hər birimiz üzvü olduğumuz təşkilatların işini davam etdirməklə yanaşı, Güney Azərbaycan adına daha böyük birliyə imza atmalıyıq. Məsul Heyyət olaraq bütün siyasi mühacirlərimizi Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti ideyasını dəstəkləməyə və hər birinizi bu ideyanın müəllifi, qurucusu olmağa dəvət edirik.

Gücümüz sonsuzdur, yetər ki Azərbaycan adına bir yerdə olaq, birləşək, vətənimizin əsil sahibinə çevrilək.

Yaşasın Güney Azərbaycan!"


*******

Musavat.com-a Kopenhagendən göndərilən və Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradıldığını elan edən bəyanat da daxil olub.

Həmin bəyanatda deyilir:

"Müasir İran coğrafiyasının böyük bir hissəsi tarixi Azərbaycan topraqları olmaqla yanaşı, həmin ərəzilərdə Türklərin yaşaması danılmaz faktdır.

Dünya ictimaiyətindən bu faktlar gizlədilsə də bu gün artıq çoxlarına bəllidir ki, İran adlanan ərəzidə on milyonlarla Azərbaycan Türkü yaşayır və uzun illərdir ki onların mədəni siyasi hüquqları farsçı Tehran rejimi tərəfindən sistemli şəkildə pozulur, on minlərlə insan milli haqlarının pozulması səbəbindən dünyanın müxtəlif ölkələrinə üz tutur, yaşamaq, bərabərlik, dil, muxtariyyət, milli hüquqlarından qəsdən məhrum edilir.

Azərbaycan Türkləri olaraq İran tarixinin uzun dönəmlərində hakimiyyət başında olarkən ərazidə yaşayan xalqların hüquq və bərabərliyinə hörmət etmiş, milli ayrı-seçkiliyə yol verməmiş, millətlərə və etnik qruplara dost əli uzatmışıq.

Lakin, təəssüflə qeyd etmək istərdik ki, on illər uzunu İran deyilən dövlətdə hakimiyyət başında olanlar xalqımızın hüquq və azadlıqlarını, etnik və milli haqlarını kobudcasına pozaraq ayrı-seçkilik siyasətini yürütmüş, millətimizin milli, siyasi, və mədəni hüquqlarını əlindən almış, on minlərlə insan həyatını itirmiş, milyonlarla insan öz ata-baba yurdundan siyasi və milli baxışlarına görə muhacirət etməyə məcbur olmuşlar.

Tarixin muxtəlif dönəmlərində Güney Azərbaycan xalqı öz istiqlalını əldə etməyə cəhd etsə də edilən cəhdlər qana boyanmış, on minlərlə insan həyatını itirmiş, yaşayış yerini dəyişməyə məcbur edilmişdir. Tarix boyu dəfələrlə haqlarımız pozulsa da dünya birlikləri, ayrı ayrı dövlətlər bu hadisələrin üstündən sükutla geçmiş İranda haqları tapdalanan soydaşlarımızın ya səsini eşitməmişlər, ya da görməməzlikdən gəlmişlər.

Bütün keçilən yolları, mübarizə tariximizi, xalqın arzu və istəklərini nəzərə alaraq 15 Mart 2014-cü ildə Danimarkanin paytaxti Kopenhaqen şəhərində toplaşan Güney Azərbaycan siyasi muhacirləri Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasını elan edir və Güney Azərbaycan dövlətinin hüquqi statusunu müəyyən edilməsi məsuliyyətini də Mühacir Parlamenti öz üzərinə götürür".








AzNews.az
Bağla X