02:07
(077) 610-22-33

Hakimliyə namizədlər imtahan verdilər

  • >
1 151 3 May 2013 10:35 | Hadisə

Bu gün Azərbaycanda hakimliyə namizədlər üçün növbəti seçim turu çərçivəsində yazılı imtahan keçirilib.

Trend xəbər verir ki, imtahan Azərbaycan Texniki Universitetinin İdman Sarayında baş tutub. İmtahanda hakimliyə namizədlərin seçiminə qatılmış 414 nəfər arasından daha öncəki 3 mərhələdən uğurla keçmiş 76 nəfər iştirak edib. Onlardan 12 nəfəri qadın olub.

Hakimliyə namizədlər vahid zalda, bərabər şəraitdə keçirilən yazılı imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sualı 4 saat ərzində cavablandırıblar. Kazuslar Hakimlərin Seçki Komitəsinin (HSK) qapalı iclasında hazırlanmış 8 sual arasından təsadüfi yolla seçilib.

Namizədlər hüquqi kazusları həll etməklə müvafiq məhkəmə qətnaməsi və hökmlərini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

Şəffaf prosedurlarla keçirilən imtahan internet vasitəsilə online rejimində birbaşa yayımlanıb.

İmtahanın gedişini nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən yerli QHT və hüquq-müdafiə təşkilatlarından olan 30-dək müşahidəçi və KİV nümayəndələri izləyib.

HSK-nın sədri İman Nağıyevin bildirdiyinə görə, hakimliyə namizədlərin kodlaşdırılmış cavabları ayrı-ayrılıqda, anonimlik təmin edilməklə, ikiqat yoxlama üsulu ilə Hakimlərin Seçki Komitəsinin üzvləri və hüquqşünas alimlər tərəfindən yoxlanılacaq, bu zaman namizədlərin qanunun məzmununu dolğun açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetiriləcək.

"İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış şəxslər şifahi müsahibə mərhələsinə buraxılacaqlar. Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının (MHŞ) İnternet səhifəsində yerləşdiriləcək. Sonuncu - 6-cı mərhələdə isə namizəldərin dünyagörüşü üzrə bilikləri yoxlanılacaq. Daha sonra Məhkəmə-Hüquq Şurası seçilmiş namizədlər arasında ixtisaslaşdırma aparacaq və onların hakimliyə təyin edilmələri üçün ölkə Prezidentinə təqdimat verəcək," - deyə komitənin sədri əlavə edib.

Qeyd edək ki, 2012-ci ilin sentyabrın 18-dən etibarən başlayan bu dəfəki seçim sayca 4-cüdür. Bu dəfəki imtahan prosesinə cəlb edilən hakimliyə namizədlər daha əvvəl yazılı və şifahi itahanlardan uğurla keçib, hakim vəzifəsinə hazırlanmaları üçün 1 il müddətində tədris kursu, o cümlədən məhkəmələrdə yarım illik təcrübə keçiblər.

Xatırladaq ki, hazırda Azərbaycanda 85 vakant hakim yeri mövcuddur.

AzNews.az
Bağla X