- Köhnə - Hadisə
- 8 May 2013 14:56
- 1 483
Zabitlər üçün yeni bina istifadəyə verildi
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, tikintisinə ötən ilin aprelində başlanmış 60 mənzilli 6 mərtəbəli yaşayış binasının ümumi sahəsi 6100 kvadratmetrdir. Binada mərkəzi qazanxana, havalandırma sistemləri quraşdırılmış, rabitə-kommunikasiya, elektrik xətləri çəkilmiş, su hovuzu, digər yardımçı sahələr yaradılıb. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir. Bir sözlə, bina bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə tam təchiz olunub.
Yeni mənzil alanlar adından çıxış edənlər yaşayış binasının istifadəyə verilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Təntənəli mərasimdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov və nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov iştirak edib.
AzNews.az