03:08
(077) 610-22-33

Həbsdə olan AXCP üzvü prezidentə müraciət etdi - Mətn

  • >
3 316 13 Dekabr 2013 15:47 | Hadisə

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Rahib Hacıyev Azərbaycan prezidentinə müraciət edib.

Qurumun saytında verilən müraciətdə deyilir:

"Mən, Hüseynov Rahib Zahid oğlu AXCP Gənclər təşkilatının üzvü, Azərbaycan Respublikası CM-in 234.4.3 maddəsi ilə təqsirləndirilərək həbs olunmuşam. Sizə ünvanladığım bu məktubda Vətənimə və millətimə qarşı bilməyərəkdən atdığım səhv bir addıma görə hədsiz dərəcədə peşman olduğumu və səmimi etiraflarımı bildirmək istəyirəm.

Əvvəlcədən qeyd etmək istəyirəm ki, ailəliyəm, 4 və 5 yaşlarında iki qız övladlarım var. Artıq 5 aya yaxındır ki, Bakı İstintaq Təcridxanasında cəza çəkirəm və bu müddət ərzində atdığım addımın nə dərəcədə səhv olduğunu yetərincə anlamışam.

Buna görə məni bir an belə rahat buraxmayan vicdan əzabından qurtulmaq üçün etdiyim səhvi Vətənim və millətim qarşısında, eyni zamanda dövlətimizin bütün dünyada təmsilçisi kimi Sizin qarşınızda etiraf etməkdən daha düzgün bir yol görmürəm. Mən üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyası özünün maddi və siyasi mənafeyi üçün mənim siyasi təcrübəsizliyimdən sui-istifadə edib, məndən yararlanaraq özlərinə divident qazanıblar.

Bu cür siyasi qurumlar müxalif simalar məndən və mənim kimi təcrübəsiz insanlardan beynəlxalq arenada ölkəmizə və Vətənimizə təzyiq göstərmək üçün bir alət kimi istifadə ediblər. Mən cəza çəkdiyim müddətdə aldandığımı, etdiyim səhvin həyat təcrübəmin azlığının nəticəsi olduğunu artıq başa düşmüşəm və özümü tam islah olunmuş hesab edirəm.

Mən AXCP-nin lideri Əli Kərimliyə səslənərək mən və mənim kimi yüzlərlə, minlərlə gənclərin beynini radikal düşüncələrlə doldurub Vətənimizə, millətimizə, Prezidentimizə qarşı səhv addımlar atmağa vadar etmək fikrindən daşınmağa çağırıram.

Əli Kərimli və tərəfdarları düşünməlidirlər ki, bu gün biz gənclər onların utopik ideyalarının qurbanlarına çevrilərək, həbsxanalarda çürümək əvəzinə azadlıqda olub, düşmən tapdağı altında qalan torpağımızın azadlığı uğrunda çalışan Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşib, bu işdə ona böyük dəstək olmalı və xalqımızın xoşbəxt gələcəyi haqqında düşünməliyik.

Mən bu cür utopik çağırışlara uyub, həbsxanalara düşən bütün gəncləri bu düzgün əqidə ətrafında birləşməyə, bir daha belə səhv addımlar atmamağa və Vətənə vicdanla, sədaqətlə xidmət etməyə çağırıram.

Cəvab Prezident! Deyirlər insan səhvlər üzərində öyrənir. Mən də bu müddət ərzində azadlığın nə qədər dəyərli olduğunu və Sizin köməyinizə ehtiyacım olduğunu hiss edərək ailəmin və övladlarımın mənə olan ehtiyacını anladım, Ümummilli Liderimizin və Sizin xalqımızın azadlığı naminə dövlətimizin siyasi və iqtisadi inkişafı uğrunda çəkdiyiniz əziyyətləri düzgün qiymətləndirə bilmədiyim üçün dərin xəcalət hissi keçirirəm.

Bütün bunları düşünərək məni Vətənim, xalqım, millətim qarşısında səhv addım atmağa vadar edən üzvü olduğum partiyadan qəti surətdə imtina edirəm və bu qərarımı bundan sonra Sizin rəhbərliyiniz altında xalqıma daha da vicdanla xidmət etmək üçün ailəmin və övladlarımın xoşbəxt gələcəyi naminə qəbul etdiyim ən düzgün və məqsədəuyğun qərar hesab edirəm.

Qeyd etmək istəyirəm ki, mən bu ərizəni heç bir kənar təzyiq olmadan öz vicdanımın səsinə qulaq asaraq yazmışam.

Cənab Prezident! Bağışlamaq böyüklükdür və böyüklərə xas olan xüsusiyyətdir. Mən də Vətənimə qarşı atdığım səhv addıma görə özümü günahkar sayıram və böyük ümidlərlə göydə Allahın və yerdə Sizin böyüklüyünüzə dayanaraq dərin kəramət sahibi hesab etdiyim üçün məni bağışlamağınızı xahiş edirəm".


AzNews.az
image description
Bağla X