“Bakcell“in “ulduzu” söndü – Vətəndaşlar aldadılır

Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" abonentlərini aldadır. Belə ki, sadiq abunəçilərə təklif edilən "Ulduzum" adlı loyallıq proqramından istifadə mümkün olmur.

Abunəçilərin AzNews.az-a verdiyi məlumata görə, "Bakcell" bütün abunəçilərinə müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif etdiyini bildirsə də, bu imtiyazdan yararlanmaq mümkün deyil.

"Ulduzum"a qoşulan hər kəsə partnyor restoran, geyim, aksesuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzlərində 3-10 faiz endirim vəd edilir.

Bunun üçün "1" yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaqla abunəçi "Ulduzum"a üzv ola bilər. Proqrama qoşulan abunəçilər "Ulduzum" və "Ulduzum Premium" üzvləri olmaqla 2 qrupa bölünüb. 5 ildən çox "Bakcell"in abunəçisi olan şəxslər, əvvəlki ayda balansına 15 AZN yükləmiş abunəçilər, Gold və Klass XXL tarifində olan bütün abunəçilər "Ulduzum Premium" proqramına qoşula bilər. Bütün digər abunəçilər isə "Ulduzum" kateqoriyasına aid edilir.

Abunəçilər "1" yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərməklə proqrama qoşulur. Daha sonra "*" yazıb 5555 qısa nömrəsinə SMS göndərməklə abunəçi 4 rəqəmli şifrə alır. SMS-in qiyməti 0.03 AZN-dir. Abunəçi aldığı Kodu Ulduzum partnyor şəbəkəsində təqdim etməklə endirimlərdən faydalana bilər.

Ancaq məsələ burasındadır ki, abunəçilərin SMS-ləri qeydə alınmır və endirimdən faydalanmaq üçün tələb edilən şifrə verilmir. Beləliklə də proqramda adı çəkilən partnyorlardan endirim əldə etmək mümkün olmur. Baxmayaraq ki, "Baksell" abunəçilərinə gün ərzində 10 dəfə şifrə əldə etmək imkanı verildiyini bildirir.

Narazı abunəçilər, şirkətə problemlə bağlı zəng vurduqda isə müxtəlif bəhanələr göstərilir.

Qeyd edək ki, "Baksell" bu proqramda partnyorları siyahısındakı "Nissan", "Ford", "Renault", "İnfiniti" kimi avtomobil markalarında 1 faiz, 189 taksi sifarişində 10 faiz, elektron mağazalarda 3-5 faizlik endirim vəd olunur. Partnyorlar proqram çərçivəsində şifrə təqdim edən müştərilərə endirim tətbiq edildiyini bildirsələr də, "Baksell"dən həmin şifrələri əldə etmək demək olar ki, mümkün deyil.

Elnur
AzNews.az