07:12
(077) 610-22-33

Bank müdiri kasıbın “çörəkpulunu” mənimsədi – Kredit qalmaqalı

  • >
2 252 13 Mart 2015 16:44 | Hadisə

AtaBank-ın Göyçay filialının müdiri bir ailəni çörəksiz qoyub.


Belə ki, filialın müdiri Seymur Mehdiyev banka kredit borcunu ödəyə bilməyən Ucar rayon sakini Cavid Məmmədovun ailəsinə məxsus sosial müavinət kartlarını mənimsəyib.

Bu barədə 3 uşaq atası olan C. Məmmədov AzNews.az –a şikayət edib. O, uşağının müalicəsi üçün AtaBank-dan 3000 manat kredit götürüb. Bir müddət keçdikdən sonra kreditin aylıq ödənişlərini verə bilməyib. Belə olan halda bank rəhbərliyi ünvanlı sosial yardım almaq üçün Məmmədovlar ailəsinə verilmiş kartı və 6 aylıq uşağa verilmiş sosial müavinət kartını götürüb. Ünvanlı sosial yardımdan gələn 250 manatı və yeni doğulmuş uşağa görə verilən 45 manat pulu çıxararaq ailənin bankdakı borcuna köçürüblər. "Ailəm yoxsulluq həddində yaşadığı üçün ünvanlı sosial yardım alırıq. Yoxsulluğa görə ölməyib yaşamaq üçün və körpənin sağlam böyüməsinə görə dövlətin verdiyi pulu AtaBank-ın filial müdiri mənimsəyir. Bu vaxta kimi qohum-qonşunun köməyi ilə acından ölməmişik. Bizim tək dolanışıq yerimiz o kartlardır. Seymur Mehdiyev ailəmi aclıq içində yaşamağa məhkum edib. 3 az yaşlı uşağımda zəiflikdən xəstəlik əmələ gəlib. Mən bu barədə S. Mehdiyevə müraciət etdim. Mənə dedi ki, hara istəyirsən get şikayət et. Sonradan öyrəndim ki, bu, tam qanunsuzdur. Harada görünüb ki, sosial müavinət kartlarını bank müdiri özündə saxlasın və ailənin yeganə dolanışıq pulunun hamısını kredit borcuna götürsün?"

Cavid Məmmədov məsələ ilə bağlı prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Mərkəzi Bankın sədri Elman Rüstəmova və digər aidiyyəti orqanlara şikayət ərizələri ilə müraciət edib.

Məsələ ilə əlaqədar AzNews.az-ın əməkdaşı bankın filial müdiri Seymur Mehdiyevlə əlaqə saxlayıb. O, C. Məmmədovun ailəsinə məxsus kartları götürmədiyini, şikayətinin heç bir əsasının olmadığını, bankın borcunu ödəyə bilmədiyi üçün belə yalanlara əl atdığını deyib: "Dekabr ayında banka gəldi, dedi ki, ailəmi dolandıra bilmirəm. Kredit verin, avtomobil alım, taksi fəaliyyəti ilə məşğul olum, ailəmi saxlayım. Evini girov qoyub 7000 manat kredit götürdü. Onun bizim bankda 4000 manat da krediti var idi. Əlavə kredit verdik. Özü də etiraf edir ki, ödəyə bilmirəm. Ödəyə bilmədiyi üçün də belə yollara əl atır".

S. Mehdiyev müştəriləri Cavid Məmmədovun gecikmələrlə bağlı dəfələrlə xəbərdar olunduğunu, lakin buna baxmayaraq ödəniş etmədiyini vurğulayıb.

Nigar ETİBAR
image description
Bağla X