11:13
(077) 610-22-33

Əliyevlə Təhmasibi medal qazana bilmədi

  • >
447 6 Avqust 2012 21:58 | İdman


Bu gün Azərbaycanın daha iki yunan-roma güləşçisi London Yay Olimpiya oyunlarında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bunlar Həsən Əliyevlə Səman Təhmasibi idi. 60 kq-da mübarizə aparan Həsən Əliyevin startdakı rəqibi norveçli Stiq-Andre Berge olub. O, bu görüşün ilk yarısını qələbə ilə başa vursa da, ikinci hissədə uduzub. Əlavə raundda isə məhz həmyerlimiz qalib gəlib və 1/4 finala adlayıb (1:0, 0:1, 2:0). Yarımfinal yolunda idmançımız cənubi koreyalı Jihyun Junq ilə mübarizə aparıb. Həsən bu görüşdə də 2:0, 1:0 hesabıyla qalib gələrək, yarımfinala vəsiqə qazanıb.

Final yolundakı rəqib isə qonşu Gürcüstan təmsilçisi - Revaz Laşxi olub. Təəssüf ki, idmançımız bu gərgin görüşdən məğlub ayrılıb və qızıl medal şansını itirib. Buna baxmayaraq, onun hələ bürünc medal qazanmaq şansı var idi. Bunun üçün bir təsəlliverici görüşdə qalib gəlmək bəs edəcəkdi. Rəqib isə rusiyalı Zaur Kuramaqomedov idi. Əliyev hər iki hissəni məğlub başa vurub - 0:2, 0:2. Beləcə, güləşçimizin medal qazanmaq istəyi baş tutmayıb.

84 kq çəki dərəcəsində yarışan Təhmasibi isə gürcüstanlı Vladimir Qeqeşidzeni mübarizədən kənarlaşdırmalı idi. O, bu görüşün ilk hissəsində uduzub - 0:2. İkinci raundda isə o, bunun əvəzini çıxmağı bacarır - 2:0. Çox təəssüf ki, əlavə hissədə Qeqeşidze qalib gəlib və Səmanın yolunu kəsib. Belədə güləşçimizə sadəcə gürcü rəqibinin finala çıxmasını arzulamaq qalırdı.

Çünki belə olan halda Təhmasibi üçün bürünc medal uğrunda mübarizə aparmaq şansı yaranacaqdı. Amma gürcü güləşçi də yarımfinalda uduzub və Təhmasibi üçün Olimpiada medalını qazanmaq arzusu heçə enib. Maraq üçün xatırladaq ki, yunan-roma güləşçilərimiz Londonda artıq iki medal qazanıblar. Rövşən Bayramov (55 kq) gümüş, Emin Əhmədov (74 kq) isə bürünc medala sahib çıxıb.


AzNews.az

Bağla X