08:59
(077) 610-22-33

Rövnəq Abdullayev: “Yekun qərar gələn il veriləcək”

  • >
362 6 Dekabr 2012 14:01 | İqtisadiyyat

Azərbaycan öz enerji problemlərini həll etdikdən sonra region dövlətləri və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır.

APA-nın Türkiyə müxbirinin məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev İstanbulda keçirilən Beynəlxalq Xəzər Forumu çərçivəsində təşkil olunmuş panel iclasda bildirib.

Azərbaycanın əsas tərəfdaş olduğu layihələr barədə geniş məlumat verən ARDNŞ prezidenti Avropa Birliyi ölkələri üçün Cənub Qaz Dəhlizi strategiyasının işləndiyini qeyd edib. O bildirib ki, Azərbaycan qaz ixracı ilə bağlı potensial qaz kəmərləri layihələri ilə bağlı dəyərləndirmələr aparır və 2013-cü ildə bununla bağlı yekun qərar veriləcək.

TANAP layihəsinin Cənub Qaz Dəhlizində mühüm yer tutduğunu bildirən R.Abdullayev bu layihənin ilkin mərhələdə 16 mlrd. kubmetr həcmində qaz nəqletmə gücünə nəzərdə tutulduğunu, bunun 6 mlrd. kubmetrinin Türkiyəyə satılacağını bildirib. O qeyd edib ki, gələcəkdə Xəzər regionundakı digər enerji ehtiyatlarının da bu layihəyə qoşulması nəticəsində kəmərin gücünün 30 mlrd. kubmetrə çatdırılması proqnozlaşdırılır.

Azərbaycanın bu layihəyə çox ciddi yanaşdığını qeyd edən ARDNŞ prezidenti artıq TANAP-la bağlı qanun layihəsinin parlamentdə ratifikasiya edildiyini və dövlət başçısı tərəfindən imzalandığını da vurğulayıb.

R.Abdullayev eyni zamanda Azərbaycanın Türkiyəyə fəal investisiya yatıran ökələr sırasında olduğunu, TANAP-la birlikdə Türkiyəyə yatırılan investisiyanın ümumi həcminin 17 mlrd. dollar olacağını bildirib.

AzNews.az
Bağla X