Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi bütün iştirakçı ölkələri əməkdaşlığı intensivləşdirməyə çağırıb. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi bütün iştirakçı ölkələri əməkdaşlığı intensivləşdirməyə çağırıb.

OPEC+ Nazirlərindən bütün iştirakçı ölkələrilərə çağırış

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi bütün iştirakçı ölkələri əməkdaşlığı intensivləşdirməyə çağırıb.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, aprelin 20-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) səkkizinci görüşü keçirilib. OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasının (JTC) məlumatına əsasən, OPEC və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılmasına dair sazişə əməl etmə səviyyəsi 2018-ci ilin mart ayında ən yüksək səviyyəyə, yəni 149 faizə çatıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə neft ehtiyatları 2016-cı ilin iyul ayındakı 3,12 milyard barrel səviyyəsindən cari ilin martında 2,83 milyard barrelə qədər düşüb. Bu da 300 milyon barrel azalma deməkdir. Lakin buna baxmayaraq, hazırkı neft ehtiyatlar bazardakı böhrandan əvvəlki səviyyədən də yüksəkdir.

Monitorinq Komitəsi OPEC-in katibliyinə bazardakı qeyri-müəyyənliyin həllinə dair hərtərəfli təhlillər aparmağı tapşırıb. JMMC bütün iştirakçı ölkələri Əməkdaşlıq Bəyannaməsini əsas götürməklə şəffaflıq, ədalətlilik və bərabərlik prinsiplərinə əsaslanan əməkdaşlığı intensivləşdirməyə çağırıb.

OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin bu il üzrə növbəti iclası iyunun 21-də Vyanada, OPEC-in mənzil qərargahında keçiriləcək.

Qeyd edək ki, neft hasilatının azaldılmasına dair sazişin icrasına nəzarət və onun şərtlərinə dair tövsiyələrin hazırlanması üçün Nazirlərin Birgə Monitorinq Komitəsi yaradılıb və iki aydan bir toplaşır. Komitəyə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, Səudiyyə Ərəbistanı və OPEC-in baş katibi daxildir. Monitorinq Komitəsinin bu il üzrə ilk iclası yanvarın 21-də Omanda, ikinci iclası isə aprelin 20-də Ciddədə keçirilib.

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul edilib. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyini bu ilin ötən aylarında tam yerinə yetirib.