01:27
(077) 610-22-33

Dövlət Statistika Komitəsi açıqlama verdi

  • >
844 14 Avqust 2012 14:25 | İqtisadiyyat

Ümumi daxili məhsul istehsalı artıb



Dövlət Statistika Komitəsi 2012-ci ilin yeddi ayının makroiqtisadi göstəricilərini açıqlayıb. Məlumatda bildirilir ki, ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisədə ölkənin həm iqtisadi və həm də sosial sahələrinin dinamik inkişaf etdiyinə dəlalət edir. Yeddi ay ərzində məhsul istehsalı çoxalmış, xidmətlərin çeşidi genişlənmiş, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi yüksəlib.


2012-ci ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1.6 faiz, yaxud müqayisəli qiymətlərlə 476.5 milyon manat artaraq 30.8 milyard manata çatıb. ÜDM-in 67.4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 52.3 faizi sənayedə, 9.6 faizi inşaat kompleksində, 5.5 faizi kənd təsərrüfatında yaradılıb. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26.5 faiz, o cümlədən nəqliyyatda 4.9 faiz, ticarət və pullu xidmətdə 8.4 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 11.5 faiz təşkil edib. ÜDM-in 6.1 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3364.7 manat (4280.9 ABŞ dolları) təşkil edərək 0.2 faiz artıb.


Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10.5 faiz artıb, neft sektorunda isə 6.0 faiz azalıb. Ümumi daxili məhsulun tərkibində ən böyük paya malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 20.3 milyard manatlıq sənaye məhsulu istehsal edilib və iyul ayında sənayedəki geriləmə bir qədər ixtisar edilərək ilin əvvəlindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz təşkil edib. Məhsulun 76.8 faizi mədənçıxarma bölməsində, 17.9 faizi emal bölməsində, 4.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

2011-ci ilin yanvar-iyul ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 4.8 faiz azalıb, emal bölməsində 10.3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 5.0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 3.1 faiz artıb.


Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7.3 faiz artsa da, neft sektorunda 4.7 faiz azalma baş verib. Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 25.8 milyon ton, əmtəəlik qaz hasilatı 10.3 milyard kub metr təşkil edib.


Emal sektorunda qida məhsulları istehsalı 4.1 faiz, içki istehsalı 8.7 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 2.0 dəfə, geyim istehsalı 31.0 faiz, poliqrafiya fəaliyyəti 2.0 dəfə, rezin və plastik məmulatlar istehsalı 3.1 dəfə, tikinti materialları istehsalı 25.0 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 12.4 faiz, hazır metal məmulatları istehsalı 1.8 dəfə, elektrik avadanlıqları istehsalı 2.5 dəfə, maşın və avadanlıqların istehsalı 1.6 faiz, sair nəqliyyat vasitələri istehsalı 14.2 faiz, mebel istehsalı 3.2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 2.3 faiz artıb. İlin yeddi ayında 12.2 milyard kv.saat, yaxud 9.4 faiz çox elektrik enerjisi istehsal olunub.


Müşfiq

Az.News.az

Bağla X