16:40
(077) 610-22-33

191 cinayətkar qrup, 9 mütəşəkkil dəstə zərərsizləşdirilib

  • >
208 1 Fevral 2013 16:20 | Kriminal

Bu gün Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib.


Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iclasda bildirilib ki, 2012-ci ildə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən şəxsiyyət əleyhinə olan, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə və xuliqanlıq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmış, banditizm və cinayətkar birlik yaratma kimi cinayətlər ümumiyyətlə qeydə alınmamış, törədilmiş 21.897 cinayətin 86,2 faizinin açılması təmin edilməklə bu göstərici 3,3 faiz yaxşılaşıb.

Eyni zamanda, əvvəlki illərdə törədilməklə bağlı qalan 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması, habelə çoxsaylı ağır cinayətlər törətmiş 191 cinayətkar qrup və 9 mütəşəkkil dəstənin zərərsizləşdirilməsi təmin olunub. Qabaqlayıcı tədbirlərin imkanlarından səmərəli istifadə olunmasının nəticəsidir ki, əhalinin hər min nəfərinə düşən cinayətlərin sayı azalaraq 236-ya bərabər olmuş, qrup halında, o cümlədən əvvəllər məhkum olunmuş şəxslərdən ibarət qruplar tərəfindən, ailə münaqişəsi zəminində və odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı azalıb. Eyni zamanda, qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərinin açılması və istintaqının təşkili işində kifayət qədər müsbət nəticələr əldə olunub. Məqsədyönlü istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan cinayətlərin, o cümlədən Suraxanı və Cəlilabad rayon prokurorluqlarının birgə səyi nəticəsində 15 il bundan əvvəl, 1997-ci ildə itkin düşmüş V.Abdullayevin qəsdən öldürüldüyü və təqsirkar şəxs müəyyən edilib. Kollegiya iclasında qeyd edilib ki, Azərbaycan Prokurorluğu orqanlarında istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyi və keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər bu sahədə müsbət iş göstəricilərinin əldə edilməsi ilə nəticələnib. Belə ki, Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 16.550 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunan 9.430 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq olunma faizi 8,1-ə bərabər olub, cinayət işləri üzrə maddi ziyanın ödətdirilməsində səmərəli tədbirlər həyata keçirilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş 1,9 milyon manat ziyanın real ödəmə və əmlak üzərinə həbs qoyulması yolu ilə 100 faiz ödətdirilməsi təmin olunub. İstintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinin nəticəsi olaraq, hesabat ilində 318 cinayət işi üzrə icraata xitam verilməsi və 1.258 icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilmiş, qanunsuzluq hallarının aradan qaldırılması və təqsirli əməkdaşların cəzalandırılması məqsədilə 793 təqdimat verilib. Xidməti vəzifələrinin icrasına vicdanlı münasibət nümunəsi göstərən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması, təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb edilmələri təmin olunmuşdur. Buna misal olaraq, ötən il martın 1-də Quba şəhərində bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud şəkildə pozulmasına səbəb olan hərəkətlərin təşkili, özgə əmlakının qəsdən zədələnərək məhv edilməsi, 20 iyul 2012-ci ildə Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş vermiş yanğın hadisəsi faktları üzrə başlanmış cinayət işləri üzrə həyata keçirilmiş istintaq hərəkətləri göstərilib. Eyni zamanda, 3 dekabr 2011-ci il tarixdə Siyəzən rayonu ərazisində Elvin Vəliyevin və 19 may 2012-ci ildə Şamaxı rayonunda Akim Əfəndiyevin meyitlərinin aşkar edilməsi və çoxsaylı digər qəsdən adam öldürmə cinayətləri üzrə idarə əməkdaşları tərəfindən keyfiyyətli istintaq aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin olunub. Təqdirəlayiq hal kimi diqqətə çatdırılıb ki, şəxsiyyət əleyhinə cinayətlərə qarşı mübarizə işinin düzgün təşkilinin nəticəsi olaraq, Sumqayıt şəhərinin Corat qəsəbəsində R.Rzayevanın qəsdən öldürülməsi, Mingəçevir şəhərində Pərvin Beydullayevin öldürülməsi və onun bacısı Pərvanənin öldürülməsinə cəhd göstərilməsi, Masallı rayonunun "Viləş" su kanalı ərazisində cinsi zorakılığa məruz qalmaqla sonradan boğulub öldürülmüş Nuray Ağayevanın meyitinin aşkarlanması, Qax rayonunun Alatəmir kəndində Sakmelaşvilinin və Abşeron rayonunun Saray qəsəbəsində Şamo Məmmədovun meyitlərinin aşkar edilməsi faktları üzrə peşəkar istintaq hərəkətləri həyata keçirilib. 2011-ci illə müqayisədə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Baş Prokurorluğun müvafiq qurumları və əlaqədar tabe prokurorlara tapşırıq verilib ki, hesabat ilinin nəticələrinə görə bağlı qalmış 8 belə cinayətin, o cümlədən Bakı şəhərinin Yasamal, Ağdaş, İmişli, Balakən, Xızı, Şəmkir və Şəki rayonları, habelə Sumqayıt şəhərinin hər birində 1 fakt olmaqla açılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilsin.

Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi və hər bir əməkdaş ölkəmizdə reallaşdırılan böyük quruculuq işlərində öz səlahiyyətləri daxilində yaxından iştirak etməklə, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə bütün uğurlarımızın əsas təminatçısı kimi ölkədə formalaşdırılmış dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlət maraqlarımızın hər cür cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı qətiyyətli mübarizənin təşkili, vətəndaş cəmiyyətinə xas olan demokratik dəyərlərin etibarlı müdafiəsi işində öz xidmətlərini göstərəcəkdir.
Bağla X