06:46
(077) 610-22-33

Rövşən Lənkəranskinin obyektlərini əlindən aldılar

  • >
278 26 Fevral 2013 16:06 | Kriminal

Ded Xasanın adamları onunəsas gəlir mənbələrinə əl qoydular






Ded Xasanın öldürülməsində əsas şübhəlilərdən biri hesab edilən azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski son zamanlar bir neçə mühüm obyektindən məhrum edilib. Bu barədə məlumatı "Rosbalt" yayıb. Məlumata görə, Lənkəranskinin adı bu məsələdə hallandırıldıqdan və İstanbulda öldürülməsi barədə məlumat yayıldıqdan sonra digər mafiozlar onun əmlakını bölüşdürməyə başlayıblar:

"Son həftələrdə Rövşən Lənkəranski ona xüsusi gəlir gətirən iki obyektindən məhrum edilib. Bunlar Moskva regionunda göyərti topdansatış bazarı və meyvə-tərəvəz bazasıdır. Topdansatış bazarı uğrunda R.Lənkəranski son illərdə gərgin mübarizə aparıb və bu mübarizədə 20 nəfərə yaxın insan öldürülüb. Yay aylarında Levon Canqveladze bu bazarın gəlirlərinə şərik çıxmaq istəyib. Məsələni müzakirə etmək üçün tərəflər Birləşmiş Ərəb Əmirliklərində görüşüblər. Söhbət baş tutmayıb. R.Lənkəranski Canqveladzenin sifətinə külqabı ilə zərbə endirib. O birisi isə Rövşən Lənkəranskini qarnından yaralayıb. Ancaq sonradan Ded Xasan klanına qarşı mübarizədə tərəflər əməkdaşlığın vacibliyini dərk edərək münaqişəni davam etdirməyiblər. Son həftə ərzində isə həmin bazar bütünlüklə Canqveladzenin nəzarətinə keçib. Levonun adamları Rövşənin adamlarını hətta bazardan da çıxarıblar".

Saytın yazdığına görə, R.Lənkəranskinin digər obyekti isə bir qrup tərəfindən mənimsənilib. Bu qrupa Qoca Yasamalski kimi tanınan Əlibala Həmidov rəhbərlik edir. R.Lənkəranskinin ikinci obyektinə sahib çıxanların Ded Xasanın klanına daxil olduğu da vurğulanır. Onlardan Qoca Yasamalski bu ilin yanvarında həbsxanadan azad edilib.

Məlumata görə, Lənkəranskinin bir neçə, nisbətən kiçik obyektini isə "kriminal general" adlandırılan Vaqif Süleymanovun nəzarətinə keçirib. Hazırda həbsdə olan V.Süleymanovun işlərini onun azadlıqda olan sadiq əməkdaşları aparır.

Sayt azərbaycanlı "qanuni oğru"ların son zamanlar fəallıq nümayiş etdirdiyini bildirərək onların "sxodka"larda iştirakını vurğulayıb: "Onlar tez-tez "sxodka" keçirir, Rövşən Lənkranskinin imperiyasını bölüşdürürlər. Keçən həftə Vaqif və Qocanın təşəbbüsü ilə Rövşən və Emin adlı iki azərbaycanlı "taclandırılıb". Onların hər ikisi həbsxanadadır. Ancaq Eminə yaxın şəxslərin 50 nəfərin iştirakı ilə kafedə keçirdikləri mərasimə polis hücum edərək bir neçə nəfəri saxlayıb".

Elnur Əzimov
AzNews.az

Bağla X