00:35
(077) 610-22-33

Prokurorluq Şirvan şəhərində baş vermiş qətlin təfərrüatlarını açıqladı

  • >
424 19 Mart 2013 12:23 | Kriminal

Şirvan şəhərində baş vermiş qətl hadisəsinin təfərrüatları açıqlanıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər Prokurorluğunun böyük prokuror köməkçisi Tural Qəhrəmanov jurnalistlərə açıqlamasında bildirib ki, martın 18-də saat 18.45 radələrində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsinin İcra Nümayəndəliyinin qarşısında Şirvan sakinləri Abdullayev Əlvan Eldar oğlu ilə Davud və Zaur Aşurov qardaşları, onların yeznəsi Nağdəliyev Yasər Səyyad oğlu arasında dava olub. Bundan sonra Əlvan Abdullayev qardaşı Rəşad Abdullayevi hadisə yerinə çağırıb. Münaqişə 19.30 radələrində Şirvan şəhəri H.Zərdabi küçəsi 1 saylı evin qarşısında davam etdirilib. Münaqişə zamanı Əlvan Abdullayev hələlik istintaqa məlum olmayan ov tüfəngi ilə iki dəfə atəş açaraq Aşurov Zaur Davud oğlunu öldürüb.

Abdullayev Əlvan Eldar oğlu şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb.

Hadisəyə tərəflər arasında şəxsi münasibətlər zəminində uzun müddətdir davam edən ədavətin səbəb olduğu bildirilib. Eyni zamanda istintaq tərəfindən münaqişəyə səbəb olan müxtəlif versiyalar da araşdırılır. Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb.

Qeyd olunub ki, digər şəxslər - Şirvan şəhər sakinləri - 1982-ci il təvəllüdlü Aşurov Davud Əliyusif oğlu, 1970-ci il təvəllüdlü Nağdəliyev Yasər Səyyad oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Rəşad Eldar oğlu ov tüfəngindən açılan atəş nəticəsində müxtəlif bədən xəsarətləri, o cümlədən qırma yaraları və küt alət zədələri ilə Şirvan şəhər Xəstəxanasının cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin saytında da Şirvan şəhərində baş verən silahlı insident barədə məlumat yerləşdirilib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 18-də Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində, qəsəbə sakinləri, əvvəllər məhkum olunan Əlvan Abdullayev, onun qardaşı Rəşad, Zaur Aşurov, onun qardaşı Davud və Salyan rayon sakini Yasər Nağdəliyev arasında münaqişə baş verib. Bu zaman Rəşad, Davud və Y. Nağdəliyev biri-birilərini döydüklərindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Ə. Abdullayev isə ov tüfəngindən atəş açaraq Z. Aşurovu qətlə yetirib.

Ə. Abdullayev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

AzNews.az
Bağla X