22:32
(077) 610-22-33

İki nəfəri öldürən məmur oğlu danışdı

  • >
1 998 14 Avqust 2014 10:51 | Kriminal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Virtualaz.org saytının prosesi izləyən müxbirinin verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə xalq artisti Ağasəlim Abdullayev, onun oğlu Vüqar Abdullayev və gəlini Səadət Abdullayeva da iştirak edirdilər.

Prosesdə dövlət ittihamçısı Elton Qafarov ittiham aktını elan etdi.

Təqsirləndirilən şəxs X.Mədətov ona elan olunmuş ittihamla özünü təqsirli bildi. Lakin kəskin baş ağrılarından əziyyət çəkdiyini deyərək hazırkı mərhələdə sərbəst ifadə verməkdən imtina etdi: "Neçə gündür özümü pis hiss edirəm. Bu səbəbdən ifadə verə bilməyəcəyəm. Amma sualları cavablandıra bilərəm".

Dövlət ittihamçısının suallarını cavablandıran X.Mədətov törətdiyi əməldən peşman olduğunu, hadisə zamanı spirtli içki qəbul etmədiyini dedi.

X.Mədətov zalda əyləşən zərərçəkmişlərə üzünü tutaraq "Allah rəhmət eləsin. Bu hadisədə özümü təqsirli bilirəm. Sizin üçün, ailəniz üçün böyük faciədər. Amma inanın ki, bu, mənim və mənim ailəm üçün də faciədir".

Bu yerdə A.Abdullayevin gəlini Səadət Abdullayeva onun sözünü kəsdi: "Sən hansı faciədən danışırsan? Sən uşağını itirmisən? Sən bilirsənmi övlad itirmək nə deməkdir? Bu, ancaq sənin başına gəlsə bilərsən. Səni Allaha tapşırıram!"

Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov "Mercedes-Benz Gelandewagen-55" markalı avtomobilini idarə edərkən xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi "VAZ-2106"-a çırpılıb. Nəticədə "VAZ-2106"da olan sərnişinlər - xalq artsitinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi CM-in 263.1.4-cü maddəsinə tövsif olunub.

Qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.

Məhkəmə prosesi avqustun 22-də saat 14:00-da davam edəcək.

AzNews.az
Bağla X