22:25
(077) 610-22-33

“Ürəyinə 3 bıçaq vurmusan, necə qəddarsan” - Bank müdirinin anası

  • >
2 227 6 Oktyabr 2015 23:19 | Kriminal

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin aprelin 22-də “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


AzNews.az xəbər verir ki, "Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Fuad Şabayev ifadə verib.

Oteldə yerləşən "Olympus" zalının koordinatoru F.Şabayev bildirib ki, hadisə vaxtı evdə olub: "Axşam saat 9-da zəng gəldi ki, belə hadisə olub və Azər vurulub. Məndən əvvəl təcili yardım və polis gəlmişdi".

Təqsirləndirilən Mövlud Səfərovun vəkili Cavid Rzazadənin suallarını cavablandıran F.Babayev bildirib ki, Sənan Quliyev zala "borisovka"da gəldiyi üçün ona xüsusi şəpit verilmədi. Çünki "borisovka" ilə gəzməyə icazə var. Mövluda isə şəpit verildi. Bizim zal aerobika üçündür. Ordakı tatamiləri isə Ruslan Əfəndiyev alıb orada məşq keçirdi".

Mərhum Azər Məmmədovun anası Gülsabah Əhmədova bildirib ki, təhlükəsizlik məsələləri ilə bağlı F.Şabayevi və otelin rəhbərliyini məhkəməyə verəcək.

F.Şabayev oteldə və zalda təhlükəsizlik işlərinə görə məsuliyyət daşımadığını deyib: "İdman zalının ayrıca təhlükəsizlik xidməti yoxdur. Orada nəsə hadisə olanda bizə deyirlər, biz də otelin təhlükəsizlik xidmətinə məlumat veririk. Mən orada sıravi işçiyəm. Təhlükəsizlik xidmətinin əməkdaşlarının səlahiyyətləri məndən daha çoxdur. "Olympus" idman klubu birbaşa olaraq ümumi direktora tabedir. Təhülkəsizlik kameralarına ayrıca şöbə nəzarət edir. Onların kimliyi gizli saxlanılırdı və birbaşa rəhbərliyə tabe idilər".

Vəkil Cavid Rzazadə hadisədən sonra idman zalının girişindəki qeydiyyat stolunun yuxarısında olan iki kameradan birinin sökülməsini göstərən fotonu şahidə göstərib bu barədə sual vermək istədiyini bildirib.


Zərərçəkmişin hüquqi varisi Gülsabah Əhmədovanın nümayəndəsi Samir Əliyev buna etiraz edib.

Hakim S.Hüseynov həmin fotonun sübutlar siyahısında olmadığını deyərək buna icazə verməyib.

Hakim Zeylan Ağayev şahiddən qeydiyyat stolunun üzərindən hər hansı kameranın sökülüb-sökülmədiyini soruşub. F.Şabayev isə belə bir şey görmədiyini deyib.

Təqsirləndirilən Sənan Quliyev şahidə sual vermək istədiyini deyib: "İdman zalının soyunma otağında belə kamera var. Amma əsas yerdə, foyedə yoxdu. Niyə? Mən də bir ananın övladıyam və başqa bir ananın övladı ölüb. Hadisə vaxtı orada bir adam olmadı ki, özünü qabağa verib "dava etməyin" desin".

Bundan sonra Gülsabah Əhmədova ilə S.Quliyev arasında belə bir dialoq yaşanıb:

G.A: Azər özünü verdi də qabağa, vurub öldürdün. Oğlumun ürəyinə 3 bıçaq vurmusan, görə necə qəddar adamsan.

S.Q: Azər məndən əl çəkmədi, üstümə düşmüşdü, vurdum.

G.A: Sən də üstünə düşərdin, vurardın, döyərdin. Kişi deyilsən?!


Bundan sonra vəkil Vasif İsrafilov vəsatət verərək hadisəni əks etdirən video görüntülərin onlara təqdim edilməsini istəyib. Təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə ediblər.

Vəkil Cavid Rzazadə isə ötən iclasda şahid Leyla Yaqubovanın ifadəsini xatırladıb. Yaqubova bildirib ki, Sənan Quliyev Azər Məmmədovu və Ruslan Əfəndiyevi bıçaqla vurarkən çıxış qapısının yanındakı divara söykənmişdi: "Mövludun isə həmin vaxt qeydiyyat stolunun qabağında olduğunu deyib. Sənanla Mövludun arası 5-6 metr olub. Bu məsafədən isə Mövludun Azərlə Ruslanın qollarını arxadan tutması mümkün deyil. Kamera görüntüləri təqdim olunmalıdır ki, bunlar aydınlaşsın"

Hakim Azad Məcidov bildirib ki, kamera görüntüləri növbəti iclasların birində məhkəmə zalında ümumi olaraq nümayiş olunacaq.

Dövlət ittihamçısı çıxış edərək vəsatətin təmin olunmamasını istəyib: "Hazırkı mərhələdə sübutlar tədqiq olunmağa başlamayıb. Protokolda da hər şey qeyd olunub, ona da baxış keçirilməyib".

Nümayəndə Samir Əliyev bildirib ki, video görüntülərin müdafiə tərəfinə verilməsi onun mediada yayımlanması ilə nəticələnə bilər: "Bu isə zərərçəkmişin anasının psixoloji vəziyyətinə mənfi təsir edir".

Hakimlər yerində müşavirə edərək qanunvercilikdə belə bir halın nəzərədə tutulmadığını bildirərək vəsatəti təmin etməyiblər.

Vəkil Cavid Rzazadənin ötən iclasda verdiyi 5 vəsatətdən yalnız biri, otel rəhbərliyinə kameraların yerləşmə mexanizmi barədə məlumatın məhkəməyə təqdim edilməsi üçün sorğu göndərilməsi təmin edilib. Digər vəsatətlər təmin edilməyib.


Vəkil Cavid Rzazadə məhkəmə tərkibinə etiraz vəsatəti verib. O bildirib ki, ibtidai istintaq zamanı şahid Ömərova Məlahət Sabir qızının ifadəsinin alınma saatının cinayət işi məhkəmənin icraatında olduğu dövrdə saxtalaşdırılmasını, video görüntülərin onlara təqdim edilməməsini, cinayət prosesinin bütün iştirakçıları məhkəmə iclas zalına ümumi giriş qapısından daxil olsa da, hər prosesdə dövlət ittihamçısının məhkəmə kollegiyası ilə birlikdə müşavirə otağının yerləşdiyi sahədən məhkəmə zalına daxil olduğunu və həmin qapıdan tərk etdiyini, hakimin şahidlərə "bu ifadəni təsdiq edirsiz?" sualı ilə müraciət etməsini əsas gətirərək S.Hüseynov, A.Məcidov və Z.Ağayevdən ibarət məhkəmə tərkibinə etiraz etdiyini bildirib.


Gülsabah Əhmədova bu vəsatətə etiraz edib: "Cavid Rzazadə Nəsimi rayonu və Bakı şəhər prokurorluğundan, dövlət ittihamçısından, hakimlərdən narazıdır. Mən də onun vəsatəti ilə razı deyiləm".

Nümayəndə Samir Əliyev də vəsatətə etiraz edib.

Dövlət ittihamçısı çıxış edərək vəsatətə münasibət bildirib: "Mən məhkəmə zalına müşavirə otağından girib çıxıram, amma müşavirəyə təsir etmirəm. Mən özüm də məhkəmədən narazıyam, çünki müdafiəçi vəkil etikasını pozur. Biz insan haqlarını müdafiə edirik, söz oyunu oynamaq lazım deyil. Şahidlər də əgər yalan veriblərsə, buna görə məsuliyyət daşıyırlar. Özləri də burada istintaqa verdikləri ifadəni təsdiq ediblər. Müdafiəçilər məhkəmə iclasına gecikir, məhkəməyə hörmətsizlik edirlər. Bunlar da nəzərə alınsın. İstədikləri vaxt, istədikləri geyimdə zala gəlirlər. Bilmirsən məhkəməyə gəliblər yoxsa idman zalına. Xahiş edirəm, vəsatət təmin edilməsin".

Məhkəmədə fasilə elan edilib. Müavirədən qayıdan hakimlər kollegiyası konkret əsaslar olmadığına görə vəsatəti baxılmamış saxlayıblar.

Vəkil Vasif İsrafilov Bakı Ağır Cinayətlər Məhkəməsinin tərkibinə etiraz vəsatəti hazırlamaq üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib.


Xatırladaq ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.
Bağla X