19:54
(077) 610-22-33

“Natəvan məni heyran etmişdi”- Xalq rəssamı Ömər Eldarov

  • >
8 996 7 Yanvar 10:40 | Mədəniyyət

“Yeni ilin ilk aylarında Bakıda böyük Azərbaycan bəstəkarı və dirijoru Niyazinin heykəlinin açılışı olacaq”

Bu açıqlamanı Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclasında nazir Əbülfəs Qarayev bildirmişdi.

Heykəlin müəllifi Xalq rəssamı, akademik, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun AzNews.az-a müsahibəsini təqdim edirik:

- Ömər Eldarov, yaxın günlərdə müəllifi oldğunuz maestro Niyazinin heykəlinin açılışı gözlənilir. Bu heykəli necə yaratdınız?

- Bəli, bu, mənim son tamamlanan işimdir. Kompozisiyanı qısaca təsvir edim - Niyazi drijorluq edərkən. Bu planda Niyazi çox plastik və təsirlidir. Heykəl bürüncdəndir, hündürlüyü 3 metrdir. Qranitdən olan pedestal hansısa mənada royalı təcəssüm edəcək. Niyazi çox yaxşı drijorluq edirdi. Mən bundan istifadə etdim və onun hərəkətlərini daha ifadəli çatdırmağa çalışdım. Buna nə dərəcə nail olduğumu ictimaiyyət deyəcək. Hazırda heykəlin üzərində dayanacağı postamentin tikintisi gedir. Abidə Prezident Adminstrasiyasının binasından bir qədər aralıda, Niyazi küçəsində ucaldılacaq. Ətrafda fəvvarələr və 2 şəlalə olacaq. Axan su kompleksinin ortasında o, dirijorluq edəcək. Bu, çox cazibədardır. Buna görə də, mən bu işə razılaşdım.

- Ömər bəy, nə üçün bəzi heykəllərin yaradılmasında mərmərdən, bəzilərində isə bürüncdən istifadə olunur?

- Bunun 2 səbəbi var. Birinci səbəb heykəlin kimin üçün qoyulmasından asılıdır. İkinci səbəb də birincidən irəli gəlir. Abidənin kimin üçün hazırlanmasını nəzərə alaraq heykəltəraş bu obrazın yaradılması üçün uyğun olan materialı götürür. Siz heç vaxt mənim Niyazi üçün yaratdığım kompozisiyanı qranitdən hazırlaya bilməzsiniz, o, qırılacaq. Bir-birindən aralı barmaqlar, havaya qalxan qollar. Qranit bunu sevmir. O yığcam formaları sevir. Qranitin çox möhkəm material olmasına baxmayaraq, emal prosesində əsas formadan çoxlu şaxələr olduqda o sınır. Bunun üçün ən yaxşısı bürüncdən irtifadə etməkdir. Bürüncdən lent, yal, at quyruğu düzəldə bilərsiniz. Siz heç vaxt atı qranitdən düzəldə bilməzsiniz. Ona görə ki, ağır at nazik qranit ayaqlarının üzərində dayana bilməyəcək, qırılacaq.

- Siz bu gün üçün son işlərinizi təsvir etdiniz. Bəs sizin ilk, ən əhəmiyyətli işiniz hansıdır.

- Heykəltəraşların fəaliyyəti iki janra bölünür. Dəzgah janrı var ki, bu zaman biz sərgi üçün heykəl hazırlayırıq. Bir də monumental janr var, bu zaman heykəl torpağın hər hansı nöqtəsilə bağlıdır. Bu, stasionar heykəltəraşlıqdır. O hərəkət etmir, həmişəlik quraşdırılıb. Bu monumental janrda heykəl müəllifin iradəsi ilə inşa oluna bilməz. Heykəl hakimiyyətin iradəsilə ucaldılır. Hakimiyyətin demokratik və ya avtoritar olması fərq etmir. Hakimiyyət deyir ki, “bax, burada belə bir abidə ucaldılmalıdır.” Monumental janrda mənim üçün ən əhəmiyyətli iş Natəvanın abidəsi olub. Niyə? Ona görə ki, heykəl şəhərin görünən yerində ucaldılıb. O ictimailəşib və hamı onu tanıyır. Doğrudur, ona qədər mənim üçün böyük əhəmiyyəti olan başqa bir abidə var idi. Bu Üzeyir Hacıbəyliyə həsr olunan və I Fəxri Xiyabanda ucaldılan qəbirüstü abidədir.

Mən onu 1954-cü ildə yaratmışam. Natəvanın abidəsi isə 1960-cı ildə ucaldılıb. Dəzgah işlərinə gəldikdə isə, onlar başqa idilər. Axı, onlar məndən asılıydı. Mən istədiyimi yaradırdım. Bu işlər içərisində də mənim üçün ən əhəmiyyətlisi yenə də Natəvan obrazı idi. Heykəl şəhərin mərkəzində ucaldılan abidə ilə eyni kompozisiyaya malikdir. Ona görə ki, mən Xan qızının eyni sənədli əsaslarından istifadə etmişdim. Onun cəmi iki şəkli var idi və hər ikisində də eyni vəziyyətdə təsvir olunmuşdu. Mən bu şəkillərdən natura kimi imtina edirdim. Axı, başqa bir təsvir və ya vizual mənbə yox idi. Natəvanın bu mərmər fiquru ümumittifaq rezonansı doğurmuşdu.

-Belə bir təəssürat yaranır ki, siz Natəvanın obrazına vurğun olmusunuz...

-Bəli. Bir rəssam kimi nə üçün bu obraza vurğun idim? Mən Rəssamlıq Fondunda Rəssamlıq Şurasının üzvü idim. Biz hər gün “pul mənbələrini” nəzərdən keçirirdik. Bir rəssam Natavanın şəklini və portretini gətirdi. Onun şəkli məni heyran etdi. Baxışlarında faciə olan bu dərin gözlərə baxdım və sadəcə “donub qaldım”. Arıqlamış, solğunlaşmış Natəvan obrazı. Deməzdim ki, onun çox gözəl siması var. Bu şəkil çəkilərkən onun ilk həyat yoldaşı ölmüşdü və şəkildən mənə hansısa dərin obraz baxırdı. Mən heykəl yaratmağı qərarlaşdırdım. Büstü bitirdikdə, o ümumittifaq rezonans doğurdu. Rəssamlıq Akademiyasının səfər sessiyasında Lenin mükafatına namizədliyimi irəli sürdülər. Düzdür, sonradan mükafatı vermədilər. Lakin mən gənc idim və onu əldə etməyə can atmadım. Ümumittifaq heykəltəraş, Lenin-Stalin mükafatlarının altıqat laureatı Yevgeni Viktoroviç çıxış edərkən bildirdi ki, həmin büst mükafata layiq görülüb. Bu iş sonradan tanınmış yazıçı, ictimai xadim Mirzə İbrahimova qismət oldu. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olanda o şəxsən qərara aldı ki, Bakıda Natəvanın abidəsi ucaldılmalıdır. Mənim yaratdığım heykələ baxdıqda dedi ki, “qoy abidəni elə o yaratsın”. Və mənə bu işi tapşırdılar. Baxmayaraq ki, MK-nın heç bir rəsmi qərarı və ya sənəd yox idi. Bu şəxsən verilən bir qərar idi və şifahi halda hamı razılaşmışdı.

-Hesab edirəm ki, abidələr öz dövrünün qəhrəmanları və daimi qəhrəmanlara həsr olunmaqla 2 yerə bölünür. Məsələn, Niyazi həmişəlik dahi bəstəkardır. Bunu heç kim heç vaxt təkzib edə bilməz. Müəyyən vaxtın qəhrəmanı olmuş insanlara həsr olunan abidələrin taleyisə yaxşı olmur. Necə düşünürsünüz, müəyyən vaxt kəsiyinin qəhrəmanlarına abidə ucaltmağa dəyər? Yoxsa həmişəlik yaddaşlarda qalanlara abidələr ucaldılmalıdır?

-Yəqin ki, həmişəlik olanlara heykəl ucaltmaq daha ideal olardı. Hansı ki, bu abidələr heç vaxt köhnəlməyəcək və onları yıxmaq heç kimin ağlına gəlməyəcək. Lakin tarix belə bir şeydir ki, onda gözlənilməz hadisələr olur. Məsələn, Avrasiyada İslam digər dinlərdən sonra meydana gəlib. Əgər Bibliyada Musa müqəddəsdirsə, Quranda da müqəddəsdir. Əgər İsa İncildə müqəddəsdirsə, Quranda da müqəddəsdir. Lakin İslam büdpərəstliyə, çoxallahlılığa qarşı yönəldilib. İnsanların hansısa dağa, hansısa təbiət hadisəsinə ibadət etdiyi bir vaxtda. Lakin müxtəlif cür izah etmək olar. Məhz həmin peyğəmbərlər İsa və Musanın şəkillərinin əbədiləşdirilməsi İslamda qadağandır. Quran bizə deyir ki, bu, arzuolunmazdır. Lakin onlar müqəddəsdirlər axı. İslamın radikal istiqamətləri ümumiyyətlə bunu büdpərəstlik hesab edirlər. Məhəmməd peyğəmbərin (s.ə.s) obrazını təsvir etmək ümumiyyətlə qadağan olunub. Allah isə müsəlman elmi əsərlərində heç bir təsvirə malik deyil. Lakin Avropada xristianlıq və iudaizm dinlərinin tərəfdarları müqəddəslərin təsvir olunmasına icazə verir. Bir də siyasi amil var. Faşizm ideyasını tərənnüm edənlərə çox sayda abidələr ucaldılmışdı. Sonradan onlar elə Almaniyanın özündə məhv edildi. Komunizm var idi. Lakin onun liderləri üçün ucaldılan heykəllər də sonradan dağıdıldı. Azərbaycanda ümumiyyətlə Kommunist hərəkatına aid bir dənə də abidə qalmayıb. Həmin vaxt elə görünürdü ki, Leninin heykəli daimidir. Aydın oldu ki, elə deyil. Odur ki, abidənin nə qədər uzun müddətli olacağını təxmin etmək də çətindir.

-Ömər bəy, mən şübhə etmirəm ki, siz hər işinizə “ürəyinizi qoyursunuz.” Heykəllər ya bürüncdən, ya da mərmərdən olur. Odur ki, bu sualım, bəlkə də, absurd səslənəcək. Lakin yenə də soruşum. Necə düşünürsünüz, onlar canlıdırlar?

- Bu, müəllifin özündən asılıdır. Müəllif üçün onlar canlı ola bilərlər. Lakin əgər ictimaiyyət onların bu və ya digər dərəcədə canlı olduğunu deyirsə, deməli, o yaşayır.

-Sözsüz ki,sizin ən tanınmış işlərinizdən biri də Ümumilli lider Heydər Əliyevə həsr olunan abidələr və büstlərdir. Onlar digər heykəltəraşlara nisbətən sizdə daha yaxşı alınır. Sirriniz nədədir?

- Sağlığında Heydər Əliyev üçün heykəllər hazırlanmırdı, o, icazə vermirdi. Yalnız bir istisna ilə. SSRİ Ali Soveti Heydər Əliyevə 2-ci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verəndə, o, vətənində özü üçün ucaldılacaq abidə-büstə razılıq verməli idi. Bu qərar hər kəsə, xüsusilə, Sosialist Əməyi Qəhrəmanlarına – Kunayev, Brejnev, Kosıgin , bir sözlə, hamıya aid idi. Heydər Əliyev çox intizamlı bir şəxs olduğuna görə, fərmanın icrasından yayına bilməzdi. Bir müddət sonra Azərbaycan Kommunist Partiyasının katibinin ofisində Heydər Əliyev məni qəbul etdi. Mənə dedi ki, Moskvadan bir sıra təkliflər gəlib, lakin o, hesab edir ki, abidəni “bizimki”lərdən biri, onu tanıyanlardan biri hazırlamalıdır. Mən təşəkkür etdim və səylə çalışacağımı söylədim. Heydər Əliyev bilirdi ki, əgər heykəl canlı insan üçün hazırlanırsa, o mütləq maraqlı bir formada dayanmalıdır. Heykələr üçün Brejnev, Kosıgində daxil olmaqla hamı maraqlı formalarda dayanırdı. Heydər Əliyev başa düşürdü ki, maraqlı formada dayansa, nəticə daha yaxşı olacaq. Mənə Moskvada onunla görüşlər təyin olunmuşdu. Mənim üstünlüyüm ondadır ki, mən canlı insandan forma götürürdüm. O mənə Moskvada 2 saat vaxt ayırdı.

Bu etüd plastik idi, təsvirin konstruktiv əsası olacaqdı. Ola bilər ki, bu, başqa heykəltəraşlara mənim üçün olduğu qədər də ədəmiyyətli deyil. Elə olurdu ki, məndən Heydər Əliyevin etüdünü xahiş edirdilər və mən bir müddətlik verirdim. Lakin bu, tamamilə başqadır. Bir çox illərdən sonra Türk şəhəri Qarsın meriyası Heydər Əliyevin büstünü qoymaq xahişiylə mənə müraciət etdi. Bu zaman mən ondan necə davranmalı olduğumu soruşdum. Axı etüd onun gəncliyində yaradılmışdı, indi isə o yaşa dolmuşdu. Heydər Əliyev mənə belə dedi: “Yox. Hesab edirəm ki, siz məni məni ən əlverişli dövrdə təsvir etməlisiniz. Mən belə hesab edirəm”.

Bu günə qədər də mən belə edirəm. Bəzən gənc nəsil deyir ki, heykəllər Heydər Əliyevə bənzəmir. Lakin onlar onun yaşa dolduğu vaxtla müqayisə edirlər. Mən isə onun mənə dediyi kimi hazırlamağa davam edirəm.

-Ömər bəy, bir çox rəssamlar və heykəltəraşlar avtoportret yaradırlar. Sizin belə əsəriniz var?

-Yoxdur. İndi olmasını heç istəmirəm də. Bəlkə də, nə vaxtsa istəyirdim, güzgüdən şəklimi çəkirdim. İndi istəmirəm. Yoxdur, lazım da deyil.

-Vaxtında avtoportretinizi yaratmadığınıza təəssüflənmirsiniz ki?

-Xeyir, heç təəsüflənmirəm.

-Siz artıq uzun illərdir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektorusunuz. Necə düşünürsünüz, böyük nəslin layiqli əvəzləyiciləri yetişirmi?

-Həmişə demişəm və sona kimi də deyəcəyəm: “Musiqi sahəsində olduğu kimi, təsviri incəsənətdə də bizim xalqımız çox istedadlıdır. Bizim təsviri incəsənətdə çoxsayda istedadlı gənclərimiz var. Məzunlarımızın əksəriyyəti də belədir. Əgər məzunlarımızın diplom işlərinə nəzər salsanız, təəccüblü dərəcədə yaxşı işlər olduğunu görəcəksiniz. Bizdə necə xalçalar, qobelenlər hazırlayırlar... böyük miqdarda, yüksək keyfiyyətli. Lakin təəssüf ki, tələb yoxdur. Mən şəxsən 2, 3 maksimal olaraq 4 məzunu işlə təmin edə bilərəm. Lakin bu çox azdır. Biz hər il təkcə heykəltəraşlıqdan 8-10 məzun buraxırıq. Onların məzun olduqdan sonrakı heykəlləri diplom işlərindən daha pisdir. Mən bu barədə həmişə danışıram. Prezident gənc rəssamlar üçün təqaüd müəyyən edib. Lakin siyahıları Rəssamlar İttifaqı təsdiqləyir. Təqaüdçülər arasında bizim məzunlarımız yoxdur. Mən dəfələrlə Rəssamlar İttifaqının sədri, eləcə də Mədəniyyət və Turizm naziriylə danışıqlar aparmışam. Bildirmişəm ki, təqaüdlərin bölünməsində iştirak etməliyəm. Mənə söz verilib, lakin hələ irəliləyiş yoxdur.

Ceyhun Əsgərov

AzNews.az

Bağla X