19:03
(077) 610-22-33

Bu gün Qara Qarayevin ad günüdür

  • >
585 5 Fevral 2013 10:35 | Mədəniyyət

Bu gün görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, Stalin, Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı, Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki Qara Qarayevin doğum günüdür




Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olub. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında Musiqi məktəbinə qəbul edilib, 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) kurslarının tələbəsi olub. 1937-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub. 1938-ci ildən 1940-cı ilədək Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olub, 1941-ci ildə Bakıya qayıdaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutub.

1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayıb, elə həmin il Cövdət Hacıyevlə ə birlikdə yazılmış "Vətən" operasına görə SSRİ Dövlət mükafatı laureatı olmuş, SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmiş və "Əməkdə igidliyinə görə" medalı ilə mükafatlandırılıb.
1948-ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilib, Azərbaycan Dövlət Konservatoriyasının dosenti, "Leyli və Məcnun" simfonik poemasına görə Dövlət mükafatı laureatı olmuş və Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlayıb. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olub. 1950-ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü təyin edilib, 1952-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilib.

1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü, 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub.
1959-cu ildə SSRİ xalq artisti, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki, 1960-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilib.

1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuş, həmin il "Qırmızı Əmək Bayrağı" ordeni ilə mükafatlandırılıb.
1982-ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib, Bakıda dəfn olunub.
Biri-birindən maraqlı əsərlərin müəllifi Q. Qarayev Azərbaycan musiqisinin tədqiqinə dair məqalə dərc etdirib, Elmlər Akademiyasının akademiki fəxri adına layiq görülüb.

AzNews.az
Bağla X