Yaxud “Düşmən səni daş ilə, sən onu aş ilə” Yaxud “Düşmən səni daş ilə, sən onu aş ilə”

«Daş yuxulara» daş atanlara...

Yaxud “Düşmən səni daş ilə, sən onu aş ilə”


Yaxud "Düşmən səni daş ilə, sən onu aş ilə"

Vaqif Mustafayevin "Fransız" filminə, yəqin ki, hamı baxmış olar. Hətta prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Novruz Məmmədov da həmin filmə çəkilib. Filmin qəhrəmanı öz millətinə etiraz əlaməti olaraq özünü fransız elan edir. Onu sünnət edirlər, xeyri olmur, psixiatr gətirirlər yenə xeyri olmur, hətta meyxanaçı Ağasəlim Çildağ ona "Niyə müsəlman olmaq istəmirsən, Azərbaycan olmaq istəmirsən?" nəgaqaratlı meyxana da deyir... Axırda canından bezmiş "fransız" azərbaycanca deyir: "Qurban olum millətimə, amma siz də adam olun də..."

Yazıçılar Birliyinin bəyanatını oxuyandan sonra düşündüm: Bəlkə elə, Əkrəm Əylisli bu qurumda təmsil olunan şair və yazıçıların acığına erməniləri tərifləyib, öz millətinə olan etirazını belə ifadə edib...
"Daş yuxuları" romanını iki günə oxudum. Əsəsrin əslən Əylisdən olan iki personajının - Saday Sadıxlı və doktor Abasəliyevin ermənilərə olan məhəbbətini dərk etməkdə açığı bir az çətinlik çəkirəm... Həyatım boyu cəmi bir neçə erməni gördüyüm üçün (o da uşaqlıqda) bu millətin yaxşı və pis xüsusiyyətlərini əsasən ayrı-ayrı adamlardan, xüsusilə də, Ermənistandan qaçqın düşmüş soydaşarımızdan eşitmişəm. Əsərdəki surətlərdən birinin (Nuvariş Qarabağlı) "yerazlar" adlandırdığı (etiraf etmək lazımdır ki, bu söz xalq arasında da geniş yayılıb və heç kəs onu təhqir kimi qəbul etmir) soydaşlarımızın əksəriyyəti erməniləri heç də pis adamlar kimi xarakterizə etmirlər. Çox zaman dürüst və zəhmətkeş olduqlarını deyirlər. Hətta bəzən adamın içindən onlara "yaxşı idilər, niyə gəlirdiniz, elə qalaydınız orada da?" demək keçsə də, düşünürsən ki, bu sadə ermənilər və sadə azərbaycanlılarla bağlı bir məsələ deyil.

Təəssüf ki, 20 ildən artıq davam edən müharibə, Xocalıda baş verən qəddar qətliam, əsirlikdə olmuş və olan (deyilənlərə görə, bu gün də erməni əsirliyində olan azərbaycanlılar var; əgər varsa, niyə hökumətimiz, QHT-lər, benəlxalq qurumlar bununla məşğul olmur), dəhşətli işgəncələrə məruz qalan insanların çəkdiyi əzablar, həm Ermənistanda, həm də Azərbaycanda mövcud olan rəsmi təbliğatın aradakı düşmənçiliyi daha qızışdırması baş verənlərdə bütöv xalqların günahkar sayılması ilə assosiasiya olunur.

"Daş yuxular" romanı sənət əsəri olduğu üçün hər şeydən öncə bədii əsər kimi dəyərləndirilməli, ədəbi çərçivədə müzakirə olunmalıdır. Dünyaya gözünü açandan ermənilərlə eyni kənddə yaşayan, onlarla qonşu, xeyir-şər, bəlkə də, qohum olan adamları düşüncələrinə görə ittiham etmək doğru deyil. Biz bu düşüncələri Xocalıda, əsirlikdə, cəbhədə həlak olanların ruhuna təhqir saymamalıyıq. Çünki zalımın milliyyəti olmur, zalımlar hər yerdə, hər millətdə var. Yaxşılar da hər yerdə, hər millətdə var... Mübarizə də millətlərin bir-birinə qarşı mübarizəsi deyil, məzlumların zalımlara mübarizəsi şəklində olmalıdır.

Mənə elə gəlir ki, Əkrəm Əylisli cəsarətli bir addım ataraq hər iki xalqa məhz bu mesajı vermək istəyib. Əgər balansı bir qədər ermənilərin xeyrinə pozubsa da, bunu da azərbaycanlıların nəcibliyi, alicənablığı, təvazökarlığı naminə edib. Əkrəm Əylislinin də, bəndənizin də fikirlərimizdə yanlışlıq ola bilər, ancaq bu heç kəsə düşüncə və söz azadlığını boğmağa haqq vermir. Yazıçı düşüncə və duyğularını ifadə etməkdə azaddır. Əsəri əvvəldən axıradək diqqətlə oxuduğumdan orada heç bir təhqir elementinə rast gəlmədiyimi tam məsuliyyəti ilə deyə bilərəm.
Bəziləri Əkrəm Əylislini son illərin hadisələrini birtərəfli işıqlandırmaqda günahlandırır. Həmin soydaşlarımın nəzərinə çatdırmaq istərdim ki, bədii əsər dövrün ictimai-siyasi hadisələrinə qiymət verən və hansısa işçi qrup tərəfindən hazırlanan siyasi məruzə deyil ki, hər şeyi ətraflı və müfəssəl şəkildə araşdırıb qiymət versin. Yazıçı azaddır; o hadisələrə istədiyi bucaq altında baxa, onları istədiyi yöndən dəyərləndirə bilər. O hər şeyi görməyə borclu deyil və görə də bilməz. Bunu sənətkardan ummaq olar, ancaq tələb etmək olmaz. Buna görə ona təzyiq etmək, sıxışdırmaq, təhdid və təhqirlərə məruz qoymaq düzgün deyil.
Rəmzi adlar, reminisessiyalar, mürəkkəb bədii-fəlsəfi və sosial-psixoloji məqamlarla zəngin əsəri oxuduqdan sonra belə, dərhal birmənalı fikir söyləmək, rəy bildirmək çox çətindir. Məncə, roman diqqətlə öyrənilməli, peşəkar tənqidçilər, sosioloqlar, psixoloqlar tərəfindən ciddi araşdırılmalı, fikirlər ədəbi-bədii-elmi cəhətdən əsasldandırılmış şəkildə və etikada çərçivəsində söylənməlidir. Biz yalnız o halda həm ermənilərə, həm də bütün dünyaya mədəni millət olduğumuzu göstərə bilərik. Sənət əsərinə aqressiv və dözümsüz münasibət, yazıçının təhdid və təhqir olunması isə orta əsrlərin və 37-ci illərin ənənəsidir.

Əsəri diqqətlə oxuyanda hücumların əsas hədəfi olan Saday Sadıxlıya opponentlik edən obrazların olduğunu da görürük. Məsələn, doktor Abasəliyev Eçmiədzinə gedib katalikosun xeyir-duası ilə xristianlığı qəbul etmək istəyən kürəkəninə "maniakal-depressiv sindrom" diaqnozu qoyur, sonra isə zarafata salaraq hətta erməni katalikosunu lağa da qoyur: "Bəlkə, katalikosu sünnət etməyə gedir? Qoy getsin, mane olma, onsuz da Vuraqırddan o yana keçə bilməyəcək". Yaxud, "Bu Eçmiədzin Əylisin yanında burnufırtıqlı uşaqdır. Sadaya de ki, Eçmiədzin ktalikosundan ona yolgöstərən olmaz". Əsərin bir yerində Saday Sadıxlının arvadı Azadə xanım ərini qınayaraq deyir: "O, erməniləri özündən çox istəyir. Sanki onlar mələk, bizsə onların qanına həris cəlladlarıq. Fikri-zikri Əylis erməniləridir və başa düşmək istəmir ki, indiki ermənilər heç də bizim başdanxarab hay-küyçylərdən yaxşı deyil".
Saday Sadıxlının düşüncələrini və mövqeyini yazıçının fikirləri kimi qəbul etmək də düzgün deyil, çünki qeyd etdiyim kimi, romanda az da olsa, əks fikirlərə də yer verilib. Əsərdə bu fikirlərə az yer verilməsini yazıçının ölkədə baş alıb gedən yerli-yersiz antierməni təbliğatına etirazı və qonşularımızla düşmənçiliyə son qoymaq jesti kimi də dəyərləndirmək olar. Digər tərəfdən Saday Sadıxlını Əylislinin prototipi hesab edənlərə bildirmək istəyirəm ki, Eçmiədzinə gedib xristianlığı qəbul etmək üçün Əkrəm Əylislinin bütün imkanları olsa da, o indiyədək bunu etməyib.


Əsərdə "kimdir müqəssir?" sualının cavabıyla bağlı yazıçının gəldiyi qənaət, məncə, bundan ibarətdir: bu münaqişədə, əlbəttə, hər iki tərəfin bu və ya digər dərəcədə günahı var, ancaq başqalarını suçlamaq çox asandır, oğul odur ki, öz səhvlərini görüb, özünü tənqid etməyi bacarsın. Bununla Əkrəm Əylisli həm də ermənilərə ciddi mesaj yollayıb: yəni siz də öz səhvlərinizi etiraf etməlisiniz, çünki çıxış yolu yalnız bundadır.
Əkrəm Əylisliyə hücum edənlərə dünya ədəbiyyatının məşhur simalarından olan, Nobel mükafatçısı, norveçli yazar Knut Hamsun misal göstərmək istərdim. O, Hitlerə olan müsbət münasibətinə görə, kollaborasionizmdə günahlandırılaraq məhkəməyə verilmiş, kitabları yandırılmış, uzun müddət psixiatriya xəstəxanasında müalicə almışdır. Ancaq buna baxmayaraq, bəşəriyyətə gözəl əsərlər bəxş edən yazıçı dünyada öz xalqını tanıtdıran dahi sənətkar olaraq qalır. Norveçin adı çəkiləndə yada düşən üç addan biri mütləq Knut Hamsun olur.
Əkrəm Əylisli də Azərbaycan ədəbiyyatının, müasir Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biri, bəlkə də, birincisidir. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunaraq xarici ölkələrdə çap olunub. Unutmaq olmaz ki, yazıçıya, sözə, fikrə qarşı hücum heç bir millətə baş ucalığı gətirmir.

---
mia.az