Xalça dekorasiya, istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növüdür. Xalça dekorasiya, istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növüdür.

“Azərbaycan xalçalarına xaricdə böyük tələbat var” - Tural Səfərov

Xalça dekorasiya, istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növüdür.

Qədim adətlərə görə xalça yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı həm də firəvanlıq rəmzi kimi tanınıb. Xalçaçılıq qədim incəsənət növlərindən biridir və bu incəsənət növünə maraq günü gündən artır. Qədim dövrlərdə xalçaçılığın əsas mərkəzlərindən biri də Azərbaycan olub.

AzNews.az “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərovla olan müsahibəni təqdim edir.

- “Azərxalça” neçənci ildən fəaliyyətdədir?

- “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb.

- Hal hazırda neçə filialınız və filiallarınız hansı bölgələrdədir?

- Cəmiyətin hazırda Füzuli, Şəmkir, Quba, Xaçmaz, Ağdam, İsmayıllı, Qəbələ, Ağstafa, Qazax və Tovuz filialları fəaliyyət göstərir.

- Başqa bölgələrdə filial açmaq planlarınız var?

- Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq, 2018-ci ildə Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları üçün binalar tikilir. Bundan əlavə, Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılır. Ölkə rəhbərinin tapşırığı ilə 2019-cu ildə “Azərxalça”nın daha 10 filialı yaradılacaqdır.

- Xalçalara təlabat varmı?

- Azərbaycan xalçaları keyfiyyətli olduğu üçün ona dünya bazarında ciddi tələbat vardır.

- Daha çox hansı bölgələrin xalçaları alınır, bunun səbəbi nədir?

- Elə bir qiymətləndirmə yoxdur, bütün bölgələrin xalçalarına təlabat var.

- Qiymətlər nə qədərdir?

- Qiymətlər müxtəlifdir, satış müştəri ilə razılıq əsasında həyata keçirilir.

- Xammalı hardan əldə edirsiniz?

- Xalçaçılığın inkişafı üçün zəruri xammal bazasının yaradılması məqsədilə Sumqayıt Kimya Sənaye Parkında Yun-Əyirici Boyaq Fabriki tikilir. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrikdə İtaliya, Fransa və Türkiyədə istehsal olunan avadanlıqlar quraşdırılacaq. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək. Fabrikin tikintisi davam etdirilir.

- “Azərxalça”-ya dövlət tərəfindən dəstək verilirmi?

- Azərbaycan dövləti xalçaçılığın inkişafına böyük diqqət və qayğı göstərir. “Azərxalça”nın respublikamızın bölgələrində yaratdığı filiallar üçün binalar ölkə rəhbərinin sərəncamları ilə ayrılan vəsait hesabına tikilib. Bu iş indi də davam etdirilir.

- Qeyri-neft sektorunda xalçaçılığın rolu nə qədərdir?

- Bunu deyə bilərəm ki, yaxın gələcəkdə xalçaçılıq qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevriləcəkdir.

- Xarici bazara çıxırsınızmı? Daha çox hansı ölkənin bazarında təlabat var Azərbaycan xalçalarına?

- Azərbaycan xalçalarının kütləvi şəkildə ixracına nail olmaq üçün “Azərxalça” beynəlxalq əlaqələrini genişləndirir. Xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələr yaradırıq. Bununla Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışırıq. "Azərxalça"nın ilk məhsulları 2017 və 2018-ci illərdə Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satış-sərgisində, ötən il 10-13 sentyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən Rug Show-da təqdim edilmişdir. Londonda nəşr olunan "HALI" jurnalı 190-cı sayından etibarən öz səhifələrində "Azərxalça"nın fəaliyyətini ənənəvi xalı toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandırır. Bundan başqa, Almaniyada nəşr olunan nüfuzli “Carpet XL” jurnalında “Azərxalça”nın məhsulları reklam olunur. Xalça emalatxanalarında istehsal olunan məhsulların dünya bazarına çıxarılmasını təmin etmək məqsədilə Amerika Birləşmiş Ştatları və Yaponiyada fəaliyyət göstərən şirkətlərlə danışıqlar aparılmış, ilkin razılıq əldə olunmuşdur.

- Neçə işçiniz var? Kollektivinizdə yaşlı nəslin nümayəndələri çoxdur, ya gənc?

- Hazırda “Azərxalça”nın filiallarında 830 nəfər toxucu və inzibati-texniki işçi çalışır. Toxucuların çoxu gənclərdir.

Nigar CƏFƏR
AzNews.az