21:33
(077) 610-22-33

Azərbaycan aktyorlarının maaş gileyi: “Necə dolanaq, nə edək?”

  • >
958 14 May 2013 12:51 | Mədəniyyət

Sənət adamlarının, xüsusilə də aktyor və aktrisaların bütün dövrlərdə gileyləndiyi bir şey var – pul. İstər xalq artisti olsun, istər sənətdə ilk addımlarını atan aktyor, demək olar ki, hər müsahibədə, söhbətdə məvaciblərinin az olmasından, istədikləri kimi yaşaya bilməmələrindən gileylənirlər.

Modern.az aktyor və aktrisalarımızın rəsmi məvaciblərini və nə qədər əmək haqqı aldıqlarını araşdırmağa çalışıb.

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva bildirdi ki, hazırda teatrdan 200 manat məvacib alır. Allahverdiyevanın fikrincə, aktyorların indiki əməkhaqlarını 10 dəfə artırmağa ehtiyac var:
"Aktyor, aktrisa üzdə olan insandır, daim efirdə oluruq, harasa gedəndə insanların diqqət mərkəzindəyik. Adicə bazara gedəndə ən yaxşı və bahalı malı bizə təklif edirlər. İndi demək olar ki, hər yerdə təhsil pulludur. Mən tək ana olaraq övlad böyüdürəm. Qızımın xərcləri, hazırlıqları və sair kimi məsələlərə xeyli pul gedir. Bir sözlə, aktyora, aktrisaya adi insanlardan 3-4 dəfə daha artıq əməkhaqqı verilməlidir. Heç olmasa 2000 manat alsaq, yaxşı olardı".

Musiqili Teatrın aktyoru Novruz Qartal isə 255 manat əməkhaqqı alır: "Heç olmasa 500 manat eləsələr, yaxşı olar. Onda bir balaca dolana bilərik. Neçə illərdir kirayədə qalıram. Bəzən aylarla kirayə haqqı, kommunal xərclər yığılıb qalır".

Gənc Tamaşaçılar Teatrının aktrisası Yasəmən Malik isə əməkhaqqını deməyə utandı: "Məvacibim o qədər azdır ki, deməyə utanıram. Biz aktyorlar 500 manat əməkhaqqına da razıyıq. Amma onu da bizə verən yoxdur. Əgər teatrdan aldığımız pul normal olsa, dublyaja, ora-bura qaçmarıq. İnanın ki, bütün günü 5 dəqiqə boş vaxtımız olmur. Bu qədər əziyyəti isə gündəlik yaşam normamızı təmin etmək üçün çəkirik. Yəni çəkdiyimiz o boyda əziyyətlərin müqabilində qazandığımız pul gündəlik xərclərimizi güclə ödəyir".

Tanınmış aktyor Qurban Məsimov hazırda heç yerdə işləmir. Dediyinə görə, sonuncu iş yeri Dövlət Pantomim Teatrı olub: "Səhv etmirəmsə, 2008-ci ildə işdən çıxanda əməkhaqqım ya 150 manat idi, ya da 180 manat. Məlum məsələdir ki, aktyor heç vaxt teatrdan aldığı maaşla dolanmır. Teatrın məvacibi rəmzidir. Bu bir bağlılıqdır və teatr aktyorun məşq yeri kimidir. Televiziya verilişləri, seriallarda aktyora teatrdan daha yüksək əməkhaqqı verildiyinə görə bəzən aktyor iş yerini dəyişməyə məcbur olur. Bildiyimə görə, analoji problem Rusiya teatrlarında da yaşanır. Orda da aktyorlarla teatr rəhbərliyi arasında narazılıq mövcuddur. Çünki televiziya və seriallar aktyorları daha çox məbləğ müqabilində teatrdan "oğurlayırlar".
Teatrın maaşı artırılsa, aktyor serialda 100 manata yox, daha böyük məbləğə oynamağa razılıq verər. Amma indiki halda aktyor teatrdan aldığı bir aylıq pulu serialda 3-4 günə qazanır. O ki qaldı məvaciblərin nə qədər olmasına, mən kiməm ki məvacib deyim?!".

Akademiik Milli Dram teatrının aktrisası, əməkdar artist Münəvvər Əliyyeva da teatrdan aldığı əməkhaqqının məbləğini dəqiq bilmir:
"Gərək bir dəfə mühasibatlıqdan soruşum. Deyəsən, 280 manat olmalıdır. Bilirsiniz niyə dəqiq xəbərim yoxdur?! Çünki məvacibimi üç-dörd ayda bir dəfə kartdan çıxardıram. Elə ayda 200 manat kommunal xərclərim çıxır. O pulu hər ay kartdan çıxartsam, nəyə yarayacaq ki? Ailəni yoldaşım dolandırır. Amma mən bütün ömrümü teatra həsr edirəm. Bir gün deyəcək ki, qaxıl, otur xarabanda. Yenə də nə yaxşı ki, ayda 500 manat prezident mükafatı alıram. Heç nə almadan ayda 2000 manat xərcimiz çıxır. Aktyorların məvacibini heç olmasa 1000 manat eləsələr, yaxşı demək olar. İndiki əməkhaqqımız heç nədir".

Xalq artisti Rafael Dadaşov isə rəsmi iş yeri olan "Azdrama"dan 440 manat maaş alır: "O pulun 90 manatı hansısa fondlara çıxır, bizə qalır 350 manat. Nə yaxşı ki, prezident mükafatı alıram. Teatrın rəhbəri aktyorların məvacibinin artırılması üçün çalışır. Ola bilər ki, yaxın gələcəkdə əməkhaqlarımız iki dəfə artsın".

AzNews.az
Bağla X