21:32
(077) 610-22-33

Əkrəm Əylisli: “...ölüm hökmü veriblər” – Müsahibə

  • >
438 6 İyun 2013 23:43 | Mədəniyyət

“DƏRƏBƏYLİKDİR”


Sabiq xalq yazıçısı, "Daş yuxular" romanının müəllifi Əkrəm Əylislinin AzNews.az-a müsahibəsi:

- Şərif Ağayar "Fikrət Qoca hələ sağdır? Ölməyib" ifadəsinə görə Yazıçılar Birliyindən qovuldu. Birlik üzvləri isə Anarın bu qərarına "istefa" şüarlı "bayraqlarını" qaldırdı... Birliyində istefalar başlayıb...

-1991-ci ilin fevral ayından mən Yazıçılar Birliyindən getmişəm. Ondan sonra da ora ayağımı da qoymamışam. Mən onların işinə qarışmıram. Son illərdə istedadlı gənc yazıçılar AYB-də özünə yer tapmadı. Mən demirəm ki, bunlar talantlıdır, ondan əvvəlkilər talantsız. Vaxt vardı, mən orada katib olanda buna etiraz etmişəm. İndi Yazıçılar Biliyinə nə deyirsənsə deyirlər, şər, böhtan atırlar. Ayrı söz bilmirlər. Gəncliyin yenilik etmək hissəsinə Yazıçılar Birliyi bir az pis baxdı. Mən katib olanda indiki sədr Anar həmişə mənimlə idi. Onunla mən gəncləri müdafiə edirdik. O vaxt Anar məni tək qoymurdu. Gənclərə qarşı bir şey olanda o da öz fikrini deyirdi. Amma sonra hər şey dəyişdi. Mən ona nə edə bilərəm?

- Şərif Ağayarın iştirakı olmadan Yazıçılar Birliyinin katibliyi iclas çağıra və qərar verə bilərmi?

- Mən düzü o proseduraları yaxşı bilmirəm. Amma orda dərəbəylikdir. Deyir mənəm ağa, deyirəm və çıxardıram. Bu əlbəttə doğru deyil. Ancaq mən onların işinə, xeyrinə, şərinə qarışmaq istəmirəm. Fakt budur ki, orada sovet dövründə gərçəkdən demokratiya hökm sürürdü.

Demokratik hərəkətləri, demokratik potensialı indikindən qat-qat çox idi. Sovet dövründə Yazıçılar Birliyində İdarə Heyəti vardı. Bu idarə heyəti mütləq yığışıb ildə bir neçə dəfə ədəbiyyat məsələlərini müzakirə edirdi. İndi strukturu dəyişiblər. Bunun da səbəbi hakimiyyətin onları tək əlinə yığa bilməsi üçündür. Nədir ki, hakimiyyəti saxlasınlar. Əvvəllər olan İdarə Heyəti dönüb olub Ağsaqqallar Şurası. Mən bilmirəm, Ağsaqqallar Şurası orada nə fəaliyyətlə məşğul olacaq? Hansı məsələni müzakirə edib? Məsələn, Şərif Ağayar məsələsini müzakirə edibmi? Bu məsələni İdarə Heyətində, lap elə Ağsaqqallar Şurasında müzakirə etmək olar. Yəni, tək başına "mən dedim çıx get, sən də get" deməklə olmur. Əslinə qalanda bu mənim üçün çox ağır söhbətdir. Rəhmətlik Sabir deyirdi ki, "indi Yazıçılar Birliyi yoxdur, indi katiblər Birliyi var". O vaxt bunlara dözə bilməyib Yazıçılar Birliyindən əlaqəmi kəsdim. Heç bilmirsən orada ağsaqqal kimdir, qarasaqqal kim. Nə vaxt yığışırlar, nə vaxt qərar qəbul edirlər, bilinmir. Onların "Mən belə deyirəm, belə də olacaq" devizi əlbəttə ki, onların xeyirinə deyil. Təşkilatın yaşaması üçün orada reforma lazımdır, qanunlara riayət olunmalıdır. İldə bir dəfə də olsa yığışıb nəsə iclas çağırmalıdır. Onlar bu təşkilatın gələcəyini düşünürlərsə, hökmən başqa əsaslarla işləməlidir. "Burada mən, Bağdada kor xəlifə" deməklə iş bitmir. Zaman və dövr başqadır. Mən bir məsələni etiraf edim. Yazıçılar Birliyindən istefa verib gedənlərə simpatiyam var. Düz etdilər, bu qərar çoxdan verilməli idi. Əgər bu gün AYB-ni tərk edənlər mənəvi məsuliyyəti dərk edirsə, əlbəttə mən onlara qarşı biganə qala bilmərəm.

- Şərif Ağayarın Fikrət Qoca barəsində dediklərini də "mənəvi məsuliyyət"lə əlaqələndirirsiz?

- Ola bilər ki, əsəbi olub. Əlbəttə, istəməzdim ki, Fikrətin barəsində belə sözlər deyilsin. Allah verən ömürdür, kim nə vaxt öləcəksə ona bağlı məsələdi, bizlik deyil. Mən Şərifə dedim ki, Fikrətin oğlu varlı-karlı bir həyat sürməyib. Toxluğundan partlayan adamlardan deyil. Onun bir oğlu var, özü təm-təraqlı həyat sürməyib. Mən onunla bir neçə il bundan əvvəl qarşılaşdım, əhvalını soruşdum, baxdım ki, bir az sıxıntı içərisindədir. Maddi durumu da deyilən kimi deyil. Hər halda dediyimin canı odur ki, bir şeyi öyrənməmiş, bilməmiş kimisə ittiham etmək olmaz. Yazıçıya yaraşmayan hərəkətləri biz etməməliyik. İndi oradan istefa verənlər mənim kimi mənəvi məsuliyyəti öz üzərlərindən atmaq istəyiblər. Bu gənclərin arasından savadlı insanlar çıxır. Məsələn, Şərif hər gün yetişməyən adamdır. Şərif istedadı, müşahidələri dərin, ədəbi mühitdə fəal olan birisidir. Qismət bu dövrdə yetişən bizim gənclərimizin rəğbətə malik olan yazardır. O, biriləri də onun kimi.
Bu məsələdə məni təəccübləndirən, bu etirazlara, istefalara AYB-dən gələn cavabdır. Bunlar elə cavablar verirlər ki, adam dəhşətə gəlir. Dünən Rəşad Məcidin bu barədə verdiyi müsahibəsini oxumuşam. Deyir ki, AYB-də 200 istedadlı adam olsa, bəsdir. Tam əminliklə deyirəm ki, yazıçılar birliyində cəmi 100 nəfər istedadlı şəxs ola, ya olmaya. Onları saxlamaq olar. Dövlət tərəfindən ayrılan maddi vəsaiti isə o, 100 nəfərin arasında bölüb, yaradıcılığına sərf etmək lazımdır.
Uzun illərdir heç bir islahatın aparılmaması, yeniliklərin qarşısının alınması Yazıçılar Birliyinin mənəvi ölümünə gətirib çıxarıb. Birliyə mənəvi cəhətdən ölüm hökmü verilib. Ha desinlər ki, yox belə deyil, yalandır. Dövlət sənə pul verir, nə üçün? Üzvlərin yaradıcılığı üçün. Sənin bu pulu xərcləməyə mənəvi haqqın yoxdur. Pensiya aylıq dolanmaq üçündür. Ondan ədəbiyyata nə xeyir gələcək? Birlik "Sobez" deyil axı. Zaman başqadır. Yaxşı şeyin qalması üçün əmək sərf etmək lazımdır. Aparıcı gəncliklə işləmək vacibdir. Özündən razılıq olmaz, "Biz nə deyirik o da olmalıdır" prinsipi əlbəttə Birliyi inkişafdan saxlayacaq. Buna sənin haqqın yoxdur.

- Ədəbi mühitdə daha bir qalmaqal Milli Kitab Mükafatının təqdim edilməsindən sonra başladı. Yenə Rəşad Məcid MKM-in təsisçisi Nigar Köçərlini tənqid etdi. Birinci yerə dünyasını dəyişən yazıçı Zakir Sadatlının layiq bilinməsini ədalətsizlik adlandırdı. Bu məsələdə sizin mövqeyiniz nədən ibarətdir?

- Zakir Sadatlının "Əfqanıstan uçurumu"na ən yüksək bal verənlərdən biri də mənəm. Onun qalib olmasını istəyənlərdənəm. Çünki bu müsabiqədə ən səmimi əsər odur. İkincisi, bu məsələyə insani tərəfdən də yanaşa bilərik. Bir yazıçı ailəsini sevindirməklə nə günah eləmişik ki? Həm də bu onun halal haqqıdırsa... Təəssüflənməli odur ki, hamıya mükafat vermək mümkün deyil. Ola bilsin ki, mükafata layiq əsərlər də vardı, amma kənarda qaldı. Məsələn, Vahid Qazinin əsəri mükafata layiq olanlardan biridir. Ona da yüksək bal vermişdim.

Mənə elə gəlir ki, MKM-in işinə kölgə salmaq ayıbdır. Nigar xanım bu işə canını qoyub. Bu işə həvəslə girişib. Biz ona can sağlığı arzulayırıq.

Bahar Rüstəmli
AzNews.az

Bağla X