12:12
(077) 610-22-33

Elçin Hüseynbəyli: “Azərbaycanda siyasətdən, dostbazlıqdan kənar müsabiqələr keçirmək olmur ”

  • >
903 5 Sentyabr 2012 06:32 | Mədəniyyət

Yanlış “yazıçını” cəmiyyətə təqdim eləmək faciədir

Yazıçı Seyran Səxavət xəbər portallarının birinə verdiyi müsahibədə ədəbiyyatla bağlı keçirilən müsabiqələri boş şey adlandırıb: "Ədəbi mühitdə keçirilən müsabiqələr ədəbiyyata heç nə vermir. Ədəbiyyata nə verirsə, istedad verir. Azərbaycan ədəbi mühiti ətrafında yaranmış bu mükafatlara mən boş şey kimi baxıram. Əvvəla, 500-1000 manat ədəbiyyatın qiyməti deyil. Bu, sadəcə insanları ələ salmaq deməkdir".

"Ulduz" jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli AzNews.az-a açıqlamasında həmkarının bəzi fikirləri ilə razılaşsa da, bəziləri ilə razılaşmadı: "Doğrudan da hər hansı bir müsabiqə istedad yetişdirmir. Ancaq ədalətli, obyektiv, demokratik keçirilən müsabiqə cəmiyyətə istedadlıları tanıdır. Bir başqa məsələ də var. Azərbaycanda obyektiv, siyasətdən, dostbazlıqdan kənar müsabiqələrin keçirilməsi çox çətindir. Ona görə də bu müsabiqələrin Azərbaycan ədəbiyyatına verəcəyindən təbii alacağı daha çoxdur.

Ayrı-ayrı adamlar ədəbiyyatı gözdən salır, insanları bir-biri ilə düşmən edir, mübahisələr yaradır. Doğrudan da haqqı olan bir yazıçı deyir ki, "o mükafat mənim haqqımdır. Bu boyda yazıçıyam. Nəyə görə mənə deyil, bir başqasına verdilər". Dünən isə yumurtadan çıxan, iki cümləni yaza bilməyən adamın birisi deyir ki, "bu mükafat elə mənim haqqımdır".

Burada haqlı və haqsız olan müəyyən məqamlar olsa da yenə də ziddiyyət ədəbiyyatda dolaşıqlığa gətirib çıxardır. Qeyri-səmimi atmosferin yaranması göz qarşısındadır. Mən ədalətli keçirilən müsabiqələrin tərəfdarıyam. O müsabiqə ki, doğrudan da cəmiyyətə istedadlıları tanıtdırsın. Pulun da məhz bu mənada önəmi yoxdur".

E.Hüseynbəyli dedi ki, keçirilən müsabiqələr ədəbiyyatın inkişafına intriqa baxımından çox güclü kömək edir: "Obyektivlik olarsa, istedadlı yazıçını cəmiyyətə təqdim edərlərsə, bu əla olar. İnsanlar bilər ki, belə yazıçılar var və onu tapıb oxuyarlar. Amma yanlış "yazıçını" cəmiyyətə təqdim eləmək bir faciədir. Çünki insanlar yenə də o, istedadsız əsərlərin arxasınca düşəcək. Sonda görəcək ki, oxuduğu çox zəifdir. Deyəcək bizim yaxşımız budursa, göz zəifimiz nə gündədir? Təbii ki, belə olan halda ədəbiyyata maraq da azalacaq".

Bahar Rüstəmli
AzNews.az
Bağla X