03:33
(077) 610-22-33

Aşıq Vüqar Mahmudoğlu: “Mübariz Kəlbəcərli aşığa yox, sirk ifaçısına bənzəyir”

  • >
1 253 17 Sentyabr 2012 18:20 | Mədəniyyət

Aşıqlar Birliyinin katibi, professor Məhərrəm Qasımlı mətbuata açıqlamasında aşıq sənəti ilə bağlı keçirilən müsabiqələrin iştirakçıları ilə yanaşı şou-biznesdə tanınan aşıqları ağır ittiham edib: ""Lider" televiziyasında bir deyişmə məclisi var, aşıq sənətini o qədər səviyyəsiz yerə endirirlər ki, baxmaq istəmirsən. Bu tip verilişlər aşıq sənətini ucuzlaşdırır. Mübariz Kəlbəcərli sazla akrobatik hərəkətlər edir, bunu da sənətə hörmətsizlik hesab edirəm".

Aşıq Vüqar Mahmudoğlu AzNews.az-a açıqlamasında M.Qasımlının bəzi fikirləri ilə razılaşsa da, bəziləri ilə razılaşmadı: "Hərənin öz baxışı var. Bu müsabiqəni təşkil edənlər yəqin ki, nəsə fikirləşirlər. Hər halda, nə edirlərsə, aşıq sənətinin xeyrinədir. Ən azı bu sənətin təbliğidir. Anti-reklam da bir təbliğat vasitəsidir. Düzdür, aşıq müsabiqəsində bir nəfər də olsa, səviyyəli oxuyan yoxdur. Aşıq sənəti SMS-lə olmaz; Muğam müsabiqəsi kimi, aşıq müsabiqəsində də peşəkarlar qiymət verməli, onun təbliği ilə mütəxəssislər məşğul olmalıdır. Çünki aşıq sənəti bu xalqın milli sərvətlərindən biri, milli musiqimizin anasıdır.

Ancaq belə müsabiqəni keçirməkdə təşkilatçıların şəxsi marağı olur. Onlar da nəsə umurlar. Ora elə adamlar çıxarmışdılar ki, dəhşət idi. Belə adamları efirə çıxarmaq aşıq sənətinə deyil, xalqa hörmətsizlikdir.

"Space"də bir veriliş var, Aşıq Mübariz Kəlbəcərlinin həmin verilişdə davranışı və ifasını hamılıqla tənqid edirik. Biabırçılıqdır. Saz - ifa üçündür, daha belə biabırçı formada oynatmaq üçün yox. Təsəvvür edin, o, sazı çomaq kimi fırladır. O, aşıq yox, daha çox sirk ifaçısına bənzəyir. Müğənni Nüşabə Ələsgərli onu tənqid etdi. O da dedi ki, "camaat məni belə qəbul edir. Çörəyimi ondan qazanıram. Sizi heç yerə çağırmırlar. Əgər mən sazı düz ifa etsəm, heç yerə dəvət almaram".

Onun fikrincə, sazı "düz ifa etdiyinə görə" məclisə dəvət almayacağını düşünmək, insanın həyata, sənətə, hər şeydən əvvəl isə özünə düzgün yanaşmamasının əlamətidir: "Əvvəla, gözəl saz ifaçılarını bu xalq böyük ürək genişliyi ilə qəbul edir, çünki sənəti yaradan da, yaşadan da xalqdır. İkincisi, əgər kimsə məclisində sirk ifaçısı görmək istəyirsə, bu heç də o adamın saz ifaçısı olduğuna görə məşhurluğu demək deyil. Gərək insan ilk növbədə sənətin məsuliyyətini anlasın. Bəzən bu məsuliyyəti hiss etməmək nəticədə belə səhv düşüncəyə gətirib çıxarır, həm də insanların zövqünü korlayır..."

Bahar Rüstəmli
AzNews.az
Bağla X