10:16
(077) 610-22-33

Azərbaycan diviziyasının xatirəsinə abidə kompleksi - Ukraynada

  • >
286 2 May 2013 14:04 | Region

Mayın 8-də Ukraynada Nikolayev vilayətinin Besarabka kəndində 416-cı Taqanroq Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olacaq.

Trend-in məlumatına görə, Ukraynanın Nikolayev vilayətində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin sədr müavini Yunus Əliyevin şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan 416-cı Taqanroq Azərbaycan diviziyasının xatirə kompleksində tikinti və abadlıq işləri sona çatmaqdadır.

Bununla bağlı Nikolayev şəhərində yaşayan soydaşlarımız abidə kompleksinin önündə iməcilik keçirərək ərazidə yaşıllıq zolağı salmaqla qəhrəman Azərbaycan oğullarının xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Abidə kompleksinin önündə keçirilən görüşdə Ukraynanın alman faşizmindən azad olunmasında 416-cı Azərbaycan diviziyasının göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verən Yunus Əliyev 1944-cü ildə 416-cı Taqanroq diviziyasının qərargahının yerləşdiyi Nikolayev vilayətinin Besarabka kəndində Ukraynanın alman faşizmindən azad edilməsində qəhrəmanlıq göstərən Azərbaycan diviziyasının xatirəsinə ucaldılan abidə kompleksinin gələcək nəsillərə örnək olacağını bildirib.

"Ukraynada yeni nəsil böyüməkdədir. Biz çalışmalıyıq ki, 1941-45-ci illərdə Ukraynanın azadlığı uğrunda son damla qanına qədər döyüşmüş qəhrəman Azərbaycan oğul və qızlarının xatirəsini əbədiləşdirməklə onların yüksək xidmətlərini Ukrayna ictimaiyyətinə çatdıraq", - Əliyev bildirib.

Tədbirdə 416-cı Taqanroq Azərbaycan diviziyasının Nikolayev və Odessa vilayətlərinin alman faşizmindən azad olunmasında göstərdiyi qəhrəmanlıqlardan söz açan Çervonoukrayina kəndinin Veterenlar cəmiyyətinin sədri Nikolay Qorbatenko II Dünya müharibəsində qələbənin əldə olunmasında istər Azərbaycanın qəhrəman oğul və qızlarının, istərsə də Bakı neftinin müstəsna əhəmiyyətindən danışıb.

O qeyd edib ki, döyüş yolunu 1942-ci ilin noyabrında Mozdok şəhərindən başlamış 416-cı Taqanroq Azərbaycan diviziyası Şimali Qafqazı, Rostov vilayətini, Taqanroq şəhərini faşistlərdən azad etdikdən sonra düşmənin "Nikopol" qruplaşmasının məhv edilməsində, Ukraynanın Mariopol, Nikolayev, Odessa vilayətlərinin alman faşizmindən azad edilməsində əsl qəhrəmanlıq göstərib, sonradan Kişinyov və Polşanın paytaxtı Varşavanın azad edilməsində iştirak edərək döyüş yolunu Berlində, Brandenburq darvazası önündə başa çatdırıb.

Ukraynanın alman faşizmindən azad olunmasında Azərbaycan diviziyasının xüsusi rol oynadığını diqqətə çatdıran Nikolay Qorbatenko Nikolayev vilayətinin Besarabka kəndində - 416-cı Taqanroq diviziyasının qərargahının yerləşdiyi yerdə tərkibində 11 min 50 nəfər azərbaycanlının olduğu diviziyanın xatirə kompleksinin ucaldılmasına görə Əliyevə dərin minnətdarlığını bildirib.

Mayın 8-də açılacaq abidə kompleksində 416-cı Azərbaycan Taqanroq diviziyasında döyüşən azərbaycanlıların adları, diviziyanın Mozdokdan Berlinə qədər keçdiyi döyüş yolunu özündə əks etdirən xəritə lövhəsi, əbədi məşəl və diviziyanın təltif olunduğu orden və medalların stendi quraşdırılacaq. Azərbaycan bayrağı altında tikilən abidə kompleksi əsrlər boyu Azərbaycan diviziyasının qəhrəmanlıq salnaməsinə şahidlik edəcək.

AzNews.az
Bağla X