20:38
(077) 610-22-33

“Ermənistan terrorçuları Qarabağda yerləşdirməyə cəsarət edə bilməz”

  • >
256 25 May 2013 18:30 | Region

"İran ətrafında cərəyan edən proseslər Quzey və Güney Azərbaycanın birləşməsi prosesinə təkan verə bilər"


AzNews.az saytı İstanbuldakı Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin başqanı Ercan Çitlioğlunun APA-ya müsahibəsini sizlərə təqdim edir:

- Bir neçə il əvvəl "Qonşularla sıfır problem" siyasəti həyata keçirmək istəyən Türkiyənin bu siyasətinin baş tutduğunu söyləyə bilərikmi?

- Bir neçə il əvvəl xarici siyasətdə "Qonşularla sıfır problem" həyata keçirmək istəyən Türkiyənin bu sahədə uğur əldə etdiyini deyə bilmərik. Əslində belə bir siyasəti həyata keçirməyin qeyri-mümkün olduğu məlumdur, çünki "Qonşularla sıfır problem" demək hər hansı qonşu ölkə ilə bərabər hüquqlu ikitərəfli münasibətə yox, qonşunun bütün dediklərini qeydsiz-şərtsiz qəbul etməyə, qonşu üzərində təsir yaratmağı yox, onun təsiri altına düşməyi ehtiva edir. Dövlətlərin isə hər birinin öz milli mənafeyi vardır və o mənafelər qonşu ölkənin mənafeyinə tamamilə uyğun gələ bilməz. Bu baxımdan Türkiyənin Ermənistan, Suriya, İraq və hətta İran ilə "sıfır problem" yarada bilməyəcəyi əvvəlcədən məlum idi.

- "Sıfır problem"in bugünkü iki ibrətamiz örnəyindən biri Ermənistan, o biri Suriyadır. Sərhəd qəsəbələrindəki qaçqın düşərgələri, terror təşkilatı siyahılarında olanların sərhəddən sərbəst şəkildə girib-çıxması, Türkiyənin "Azad Suriya Ordusu"na dəstək verməsinə dair iddialar və s. Hatayın Rehyanlı qəsəbəsində həyata keçirilən terror aksiyası bu silsilənin acı örnəklərindən biri deyilmi?

- Reyhanlıdakı terror aksiyası müəyyən müddətdən bəri "gəlirəm" deyirdi, kəşfiyyat məlumatları belə bir aksiyanın olacağından xəbər verirdi. Təəssüf ki, terror aksiyasının qarşısı alınmadı. Burada önəmli olan məsələ o aksiyanı kimin törətdiyinin ortaya çıxarılmasıdır. Bununla bağlı müxtəlif versiyalar irəli sürülür, hökumət adamları aksiyanın Suriya tərəfindən həyata keçirildiyini açıqlamaqdadır. Məlumdur ki, İsrail və ABŞ bölgədə İranın yüksələn şiə nüfuzunun qabağını almaq üçün İranı "Müsəlman qardaşlar" ideologiyasına söykənən bir sünni qurşağı ilə mühasirəyə almaq istəməkdədir ki, bu prosesdə Suriyanın müqavimətinin qırılması və oradakı ələvi-nusayri azlıq iqtidarının aradan qaldırılaraq yerinə "Müsəlman qardaşlar"ın ideologiyasını təmsil edən bir iqtidar gətirilsin. ABŞ bu prosesdə Türkiyəyə öncül rolunu verməyə meyllidir, Türkiyə də bu işə əvvəlcə həvəslə girişdi, qısa müddətdə Əsəd iqtidarının devrilə biləcəyini hesabladı. Ancaq şiə İran dövləti bu prosesdə öz dəstəyini Suriyadan əsirgəmir, Rusiyanın dəstəyi isə Əsədi iqtidarda saxlayan başqa bir önəmli faktordur. İraqdakı şiə Maliki hökumətinin İranla yaxın əlaqələrini də hesaba qatanda Türkiyənin çox qarışıq bir prosesin içində olduğunu görürük. Suriyaya "Müsəlman qardaşlar" ideologiyasına yaxın iqtidarın gəlməsi ehtimalı oradakı qeyri-müsəlman dini ünsürləri təbii ki, narahat edir. Buna görə də Suriya ermənilərinin bir qisminin ölkəni tərk edərək Ermənistana, oradan da Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə getdiklərinə dair xəbərlər gəlir.

- Sizdə bu barədə konkret məlumatlar varmı? Nə vaxt gediblər, sayları nə qədərdir?

- Mən də mətbuatdan təqib edirəm. İndi Misirdə cərəyan edən hadisələrin iqtidar dəyişikliyi durumunda Suriyada da baş vermə ehtimalı yüksək olduğuna görə oradakı qeyri-müsəlman təbəqələr indidən başlarına çarə qılmağın yollarını axtarırlar. İrandakı erməni faktorunu da unutmamaq lazımdır. Suriyaya sünni ağırlıqlı iqtidarın gəlməsi durumunda ordakı ermənilərin bir qismi İrana da gedə bilər. Bu proseslərdə İranı bütün baxımlardan mühasirəyə almaq istəyəcək olan Qərbin İrana ən yaxın ölkə olan Azərbaycandan bir çox istəkləri ola bilər. Ona görə də Azərbaycan bu proseslərə hazır olmalı, həssas və dəqiq xarici siyasət yürütməlidir. İranın "erməni kartı"ndan bütün variantlarda istifadə edəcəyini unutmamaq lazımdır.

- Suriyanın gələcək üsuli-idarəsinin formalaşmasında Türkiyənin "Müsəlman qardaşlar" ideologiyasına üstünlük vermək istədiyini, bölgədəki şiə nüfuzunun lideri olan İranın isə buna qarşı çıxaraq Suriyanı dəstəklədiyini dediniz. Sizcə, Türkiyə bölgədə sadəcə dini kartları oynamalıdırmı? Bəs dünyəvilik və ya etnik-milli yaxınlıq? İranla bağlı ehtimal edilən planlara diqqəti cəlb edirsiniz. Əgər o planlar gündəmə gəlsə, Türkiyə bölgədə "Azərbaycan Türkləri" kartından istifadə edə bilməzmi və ya bunu etməməlidirmi?

- Bunu gələcəkdəki proseslər müəyyənləşdirə bilər. Çünki hələ Suriyanın gələcəyinin də necə olacağı bəlli deyil. Suriya vahid dövlət kimi qalacaqmı, yoxsa kürdlərin, sünnilərin və ələvi-nusayrilərin ayrı-ayrı dövlətlərinə parçalanacaq? Bunu indidən görmək mümkün deyil. İrana gəldikdə isə, burada məsələ daha çox Qərbin verəcəyi qərarlardan asılı olacaq. İndki halda prezident Obama İrana hərbi müdaxilə üçün istəksiz görünür, ancaq İsrail hərbi müdaxilə üçün Qərbə təzyiq göstərir. Türkiyənin "etnik kart"dan nə dərəcədə istifadə edə biləcəyini, bunu istəyib-istəmədiyini də indidən demək çətindir. İran üçün ən çətin məsələ öz içərisindəki Azərbaycan məsələsidir. Say etibarilə ölkədə ikinci yerdə olan azərbaycanlıların haqlarının tapdanması, buna görə də onların müstəqil olma arzusu heç kimə sirr deyil. Bu durumda Azərbaycan Respublikasının güclənməsi İranın arzu etmədiyi bir prosesdir. Çünki istər maddi, istərsə də siyasi və mədəni baxımdan Azərbaycan Respublikasının çox inkişaf etdiyi açıq-aşkardır, ona görə də Bakı Cənubi Azərbaycan üçün daim cazibə mərkəzidir. Cərəyan edən proseslər Quzey və Güney Azərbaycanın birləşməsi prosesinə təkan verə bilər. İran bundan çəkindiyi üçün də Ermənistana hər cür dəstək verir. Azərbaycan bunu da heç vaxt unutmamalıdır.

- İraqın baş naziri Maliki Türkiyəni tərk edən terror təşkilatı üzvlərinin Şimali İraqa getməməsini istədi. İllərdən bəri terror təşkilatı üzvlərinin bir qisminin Azərbaycanın işğal altında torpaqlarında barındığna dair iddialar var. Sizcə, Türkiyəni tərk edən terror təşkilatı üzvlərinin bir qisminin Azərbaycanın erməni işğalı altındakı bölgələrinə yerləşdirilməsi mümkündürmü?

- Malikinin Şimali İraq üzərində heç bir nəzarəti yoxdur. Ondan soruşmaq lazımdır ki, indiyə qədər terrorçuların şimali İraqdan çıxarılması üçün hansı təsirli tədbiri gördün? Mən terror təşkilatı üzvlərindən bir qisminin Azərbaycanın işğal altındakı bölgələrinə yerləşə biləcəyinə ehtimal vermirəm. Çünki Azərbaycanın bunu əngəlləyəcək gücü var. Digər tərəfdən, Qərb buna imkan verməz. Türkiyə ilə olan güclü iqtisadi münasibətlərinə görə Rusiya da bunu istəməz. Ermənistan isə həm Azərbaycana, həm də Türkiyəyə görə buna cəsarət edə bilməz. Bunu istəyə biləcək yeganə qüvvə xaricdəki erməni diasporu ola bilər ki, 2015-ci ildə Türkiyəyə qarşı istifadə edə bilsin. Terror təşkilatının da bunu istəyəcəyini zənn etmirəm, çünki Türkiyədəki "açılım prosesi" baş tutmazsa, onların Şimali İraqda olmaları öz nöqteyi-nəzərlərindən daha uyğun olacaq.

- Türkiyə bir tərəfdən 2015-ci ildə qondarma erməni iddialarına qarşı mübarizəyə hazırlaşarkən, o biri tərəfdən Türkiyə Böyük Millət Məclisində təmsil edilən partiyanın sədri Səlahəddin Dəmirtaş "Tarixdəki ən böyük soyqırımı türklərin ermənilərə yapdığını" iddia edərək Türkiyəni ermənilərdən üzr istəməyə çağırır...

- Siyasətçi danışanda savadlı və məlumatlı danışmalıdır. Osmanlı əsla və qətiyyən ermənilərə soyqırım yapmamışdır. Səlahəddin Dəmirtaş tarixdən xəbərsizdir, əgər zəhmət çəkib bir az tarix oxusa, Türkiyəni ermənilərdən üzr istəməyə dəvət etməz, özü Türkiyədən üzr istəyər. "Fikir və ifadə azadlığı" adı altında doğru şeylər söyləməyən siyasətçinin öz ölkəsinə problem yaratmağa haqqı yoxdur.

AzNews.az
Bağla X