13:06
(077) 610-22-33

Metyu Brayza ABŞ Dövlət Departamentini sərt tənqid etdi

  • >
510 4 Dekabr 2012 13:14 | Siyasət

2011-2012 illərdə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışan Metyu Brayzanın "Wall Street Journall"da Bakıdakı səfirliyin təhlükəsizliyi ilə bağlı "Müdafiəsi zəifləmiş səfirlikdəki təcrübəm" (My Experience With Lax Embassy Security) adlı məqaləsi dərc olunub. APA-nın qəzetin saytına istinadən verdiyi məlumata görə, Metyu Brayza məqalədə ilk öncə ABŞ-ın Liviyadakı səfiri Kris Stivensin sentyabrın 11-də ABŞ-da çəkilən antiislam xarakterli filmə etiraz edən aksiya iştirakçıları tərəfindən öldürülməsini xatırladır: "Bu hadisədən əvvəl Kris Stivens səfirliyin müdafiəsinin gücləndirilməsi ilə bağlı bir dəfə Liviya rəsmilərinə, bir dəfə isə ABŞ Dövlət Departamentinə müraciət edib. Lakin onun istəyi yerinə yetirilməyib. Azərbaycanda səfir olduğum müddətdə səfirliyimiz daim terror təhlükələri ilə üzləşirdi. Terrorçular İsrail və ABŞ diplomatları qətlə yetirmək istəyirdilər. O zaman anladım ki biz bu təhdid qarşısında necə aciz qala bilərik".

Daha sonra Metyu Brayza səfirliyin müdafiəsi təşkili barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan təhlükəsizlik orqanları səfirliyin əməkdaşları və ABŞ-la əməkdaşlıq etməklə təhlükələri sovuşdurmağa nail olublar. Bu əməkdaşlıq yerli hökumətlərin xarici diplomatik nümayəndəliklərin müdafiəsi ilə bağlı Cenevrə Konvensiyası çərçivəsində həyata keçirilib: "Lakin Liviyada təhlükəsizlik qüvvələri Kris Stivensini və onun əməkdaşlarını qorumaq üçün lazımı tədbirləri görməyiblər".

Sabiq səfir Metyu Brayza ABŞ-ın səfirliklərin təhlükəsizlik məsələsində Dövlət Departamentində mövcud olan bürokratik sistemə də toxunub: "Müəyyən bir anda xəbər aldım ki, büdcə məsələlərinə görə Dövlət Departamenti səfirliyimizin təhlükəsizliyi üçün ayrılan vəsaiti azaltmaq niyyətindədir. Mən dərhal səfirliyin təhlükəsizlik rəhbərinə bu barədə dedim və bunun qarşısını almaq üçün tədbirlər görməyə çalışdım. Narazılığımı bildirdikdən sonra məsələ həll olundu, amma təxminən iki həftə ərzində diplomatlar və onların ailəsi təhlükə ilə üz-üzə qaldılar".

"ABŞ-da hər bir yüksək rütbəli rəsmisi razılaşır ki, diplomatik nümayəndəliyin işçilərin təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Lakin Vaşinqtona qayıtdıqdan sonra gözləyirdim ki, rəsmilər öz bu səhvlərini anlayarlar. Lakin başa düşdüm ki, dövlət ayrılmış vəsaitin çoxunu Bağdad və Kabildə yerləşən səfirliklərin təhlükəsizliyi üçün sərf edir. Vəsaitlərin azalması çox böyük problemlərə gətirib çıxara bilər. 2001-ci ildə Federal Kəşfiyyat Bürosundan bir noutbuk oğurlanıb. O zaman Dövlət Departamenti informasiya müdafiəsi üçün küllü miqdarda pullar ayırıb. Maraqlısı odur ki, Dövlət Departamentinin bunun üçün pulu var, amma bu informasiyanı yaradan və ötürən insanların təhlükəsizliyi üçün isə vəsait tapa bilmir. Bundan sonra atılacaq bu cür addımlar səfir Kristofer Stivensin və digər öldürülən diplomatların xatirəsinə hörmətsizlik olar".

AzNews.az
Bağla X