19:58
(077) 610-22-33

Ramiz Mehdiyev: “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi“

  • >
639 4 Dekabr 2012 22:55 | Siyasət

Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm:

- ana dilimizi
- vicdanımızı
- Vətənimizi.

Şah İsmayıl Xətai

Azərbaycanın, Azərbaycan xalqının, onun tarixi və mədəniyyətinin çoxəsrlik kökləri var. Buna baxmayaraq, bədxahlarımızın şüurunda Azərbaycan və onun tarixi haqqında hələ də yanlış təsəvvürlər yaranmaqdadır. Mənim fikrimcə, buna təəccüblənməyə dəyməz, çünki bunu uyduranlar anlamazlıq sindromu kompleksindən əziyyət çəkənlərdir. Bu sindrom onları elə vəziyyətə gətirib çıxarır ki, klinik müdaxilə olmasa, daimi hallüsinasiyalardan yaxa qurtarmaq mümkün deyildir.

İş elə gətirmişdir ki, tarixin dərk olunmasında siyasət müəyyənedici rol oynayır. Nəticədə biz tarixin anlaşılmasında siyasətin mahiyyətini təşkil edən məqamlardan çıxış etməyə məcburuq. Lakin biz siyasətdən kənar yaşaya bilmərik, çünki siyasət müasir dövrdə insanın həyat fəaliyyətinin bütün sahələrinə nüfuz etmişdir. Bu səbəbdən də biz öz tariximizə münasibətdə bəzən səhvlərə yol veririk: ya öz keçmişimizi inkar edirik, yaxud da gələcəyin artıq çoxdan başlanmasını görmədən yalnız keçmişlə yaşamaqda davam edirik.

Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır. Öz etnik mənşəyini dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır, o, öz xalqının tarixində baş vermiş bütün hadisələrlə, onun mədəniyyəti ilə bağlılığı barədə düşünməyə, özünü ən azı bu tarixin bir hissəsi kimi dərk etməyə başlayır. O, yaradıcı şəxsiyyətə çevrilir, "özünün kim olması", mənsub olduğu etnosun keçmişi ilə onu nəyin bağlaması barədə düşünməyə başlayır. Yalnız bu suallara cavab tapandan sonra insan öz cəmiyyəti üçün "nə etməli" olduğunu qərara alır.
Özünü dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək imkanı verən dəyərlərlə zənginləşir. Çünki əvvəlki tarix, daha dəqiq desək, keçmiş insanın özündə müdriklik formalaşdırması üçün təcrübədir. Ona görə də keçmiş həmişə indiki zamandan daha müdrikdir, çünki indiki zamandakılar hələ gerçəkliyə çevrilməlidir. Deməli, indiki zamanda keçmişin izləri nə qədər qalmışdırsa, o, bir o qədər müasirdir. Elə buna görə də keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir. Ona görə də öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o, özü ilə də eyni dərəcədə həmrəy yaşayır deyənlər haqlıdırlar. İnsan öz keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yaranır. Öz keçmişindən məhrum olan insan mənəvi boşluq dilində danışmağa başlayır. O, nəsillərin varisliyindən kənarda qalır, bununla da nəinki tarixin vəhdətini, həm də tarixin özünü alt-üst edir. Öz keçmişi ilə həmrəyliyin yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir.

Qədim dövrə və orta əsrlərə aid ilk mənbələri öyrənməklə asanlıqla yəqin etmək olar ki, Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə parlaq şəxsiyyətlər çox olmuşdur. Lakin indi böyük təəssüf hissi ilə deməliyik ki, Azərbaycanın bir sıra layiqli oğulları, onların fəaliyyəti və irsi insafsızcasına unudulmuşdur və heç kəs etiraz edə bilməz ki, bunun səbəbi bizim tarixçilərin və mənbəşünasların passivliyidir.

Əgər bir anlığa keçmişə nəzər salsaq və bu gün iki kəlmə ilə xatırladığımız və yaxud nadir hallarda yada saldığımız şəxsiyyətləri diqqətlə sadalasaq, əminliklə deyə bilərik ki, onların hər biri istənilən xalq üçün əbədi qürur mənbəyi ola bilərdi. Çox böyük diqqətə layiq olan, lakin unudulmuş şəxsiyyətlərdən heç olmasa bəzilərini yada salaq.
Fəzlullah Rəşidəddin Həmədani (1247-1318) - görkəmli dövlət xadimi. Onun yaradıcılıq və siyasi irsi öz miqyasına görə Qərb tarixində Rişelye, Mazarini və digər parlaq siyasi şəxsiyyətlərlə layiqli rəqabət apara bilər. Yəqin bir faktı heç də hamı bilmir ki, məhz Həmədaninin dövründə Təbrizdə orta əsrlərdə müsəlman dünyasının ən iri elm və təhsil mərkəzlərindən biri olan "Rəbi-Rəşidi" yaradılmışdır. Bu mərkəzdə dövlət vəsaitləri hesabına tələbələr təhsil alır və elmi araşdırmalar aparılırdı. Məhz onun təşəbbüsü ilə Azərbaycan tarixində ilk dəfə alimlərə, şairlərə və rəssamlara dövlət mükafatları ayrılması sistemi tətbiq edilmişdir. Bununla bərabər, o həm də "Cami ət-təvarix" ("Salnamələr məcmusu") adlı fundamental tarixi əsərin müəllifidir. V.V.Bartold, K.Yan, İ.P.Petruşevski, J.P.Ru kimi nəhəng alimlərin fikrincə, bu əsər müasir anlamda ümumdünya tarixinə dair ilk universal əsər hesab edilir. Çox təəssüf ki, bu əsərin bütün dünyada tanınmasına baxmayaraq, o, indiyə qədər Azərbaycan dilinə tərcümə və nəşr olunmamışdır. Fəzlullah Rəşidəddinin siyasi irsinin öyrənilməsi üçün görkəmli Azərbaycan şərqşünası Ə.Əlizadənin başladığı təşəbbüs isə öz layiqli davamını tapmamışdır.

Eyni sözləri Nəsirəddin Tusi (1201-1274) haqqında da demək olar. O, yeganə azərbaycanlıdır ki, Aydakı bir kraterə və 1979-cu ildə sovet astronomu N.Çernıx tərəfindən kəşf edilmiş asteroidlərdən birinə onun adı verilmişdir. Bu ensiklopedist alimin çox zəngin elmi irsindən cəmi iki əsər - "Əxlaqi-Nasiri" ("Nəsirin etikası") və mineralogiyaya aid kiçik həcmli bir əsəri ana dilinə tərcümə edilmişdir. Tusinin Hülakü xanın iqtisadi məsələlər üzrə məsləhətçisi vəzifəsində fəaliyyəti də, demək olar ki, işıqlandırılmamışdır və bu baxımdan professor Ağababa Rzayevin "N.Tusi. Həyatı, elmi və dünyagörüşü" əsərini yeganə təsəlli hesab etmək olar.

Xalqımızın mədəniyyət xəzinəsinin digər əlamətdar səhifəsi - görkəmli bəstəkar və musiqi nəzəriyyəçisi Səfiəddin Urməvini (1230-1294) nadir hallarda xatırlayırıq. O, özünün "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab") adlı əsərində nəinki muğamlar barədə tam informasiya vermiş, həm də gözəl və aydın not sistemi təklif etmişdir. Akademik Çingiz Qacarın "Qədim və orta əsrlər Azərbaycanının görkəmli oğulları" adlı kitabında yazdığı kimi, Urməvinin təklif etdiyi sistemdə musiqi hərflər və rəqəmlər vasitəsilə yazılırdı. Ərəb "əbcəd" say sistemindəki hərflər səsin şərti yüksəkliyini, rəqəmlər (yəni bu sistemin hərfləri - R.M.) isə səsin uzunluğunu göstərirdi. Melodiyanın ladı, düzümü və ritmi xüsusi rəqəmlərlə qeyd edilirdi. Müasir Qərb not sistemi yarımtonlardan kiçik intervalları yazmağa imkan vermir, buna görə də muğamların və ümumiyyətlə, Şərq musiqisinin bütün incəliklərini çatdırmaq üçün yetərli deyildir.

Digər həmvətənimiz Eynəlqüzat Miyanəçinin (1099-1131) fikirləri və həyatı humanizm və tolerantlıq idealları uğrunda mübarizə dərsliyi hesab edilə bilər. O, hələ XII əsrdə bəşəriyyəti tolerantlığa və sülhə çağırır, aşağıdakı sözləri ilə bütün ideoloji maneələri alt-üst edirdi: "Ey dost, əgər İsaya xristianların gözü ilə baxsan, xaçpərəst olarsan, Musaya yəhudilərin gözü ilə baxsan, yəhudi olarsan, bəlkə də bütə bütpərəstlərin gözü ilə baxsan, bütpərəst olarsan" (Əlisa Nicat. "Müdriklik məbədi". Bakı, 2005, s.136).

Təəssüf ki, müəyyən amillərin təsirinə, bəlkə də öz keçmişimizə bir qədər passiv münasibət bəslədiyimizə görə, Nyu-Yorkda BMT-nin inzibati binasının fasadında Miyanəçinin "Bəşəriyyət vahid bədəndir və əgər onun bircə hissəsi xəstələnərsə, bütün bədən əziyyət çəkəcəkdir" sözləri deyil, ondan yüz il sonra yaşamış fars şairi Sədinin (1181-1291) sözləri həkk edilmişdir: Bir-biri ilə qovuşmuş Adəm övladları bir bədənin əzalarıdır. Çünki onlar bir mahiyyətdən yaradılmışdır. Əgər tale bu əzalardan birini zədələyərsə, onda başqa əzaların da rahatlığı olmayacaqdır (Саади. Гулистан. Критический текст. Перевод, предисловие и примечания P.M. Алиева. М.ИВЛ, 1959).
Bu siyahını davam etdirmək və genişləndirmək olar. Lakin əsas məqsədimiz bu deyildir. Əsas məsələ odur ki, zəngin tarixi irsimiz bu irsi bizə yenidən qaytara biləcək və bununla da Azərbaycan xalqının mənəvi zənginliyini dünyaya açıb göstərəcək peşəkar tədqiqatçılarını gözləyir.

Mən bu məqaləni qəlbimin hökmü ilə yazmağa başladım. Ən əsası da ona görə ki, Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir. Bizim tarixçilər, digər sosial elm istiqamətlərini araşdıranlar, tarixi romanlar yazmağı tərgitmiş yazıçılarımız xalqımıza çox borcludurlar. Tariximizin dünya elmi ictimaiyyəti tərəfindən çoxdan qəbul edilmiş bir sıra aspektlərini dərindən və sistemli şəkildə ümumiləşdirən araşdırmalarımız təəssüf ki, hələ yoxdur. Azərbaycan xalqının görkəmli siyasi, elm və mədəniyyət xadimlərinin dünya sivilizasiyası xəzinəsinə töhfələri haqqında elmi araşdırmaların olmaması yalnız təəssüf doğurur. Elə buna görə də yaranmış boşluğu son vaxtlar doldurmağa başlamış əsərlərdə tariximizin ayrı-ayrı aspektləri barədəki mülahizə və nəticələr olduqca birtərəflidir. Özü də bütün bunlar guya xoş niyyətlə, "milli kodumuzu" dəyişməyin zəruri olması kimi qələmə verilir.

Dövlət müstəqilliyi əldə etmiş millət, vətəndaşlarımız öz tarixi keçmişi haqqında mötəbər məlumatlara malik olmağa sadəcə borcludurlar, bu, yeni nəsilləri tərbiyə etmək üçün nümunə sayılan əsl milli obrazlara müraciət etmək üçün əsas verərdi. Lakin bunun üçün milli tariximizin sovet ideologiyasının təzyiqi altında itirilmiş səhifələrinin bərpa edilməsi çox vacibdir. Lakin "milli kodu" dəyişməyi təklif edərkən keçmişimizlə bağlı hər şeyi inkar etməyə aludə olmamalıyıq, əks halda "çirkli su ilə bərabər körpəni də tullamış" olarıq. Təəssüf ki, son dövrlərdə işıq üzü görmüş bəzi nəşrlər məhz bu cür təəssürat yaradır.

Yuxarıda deyildiyi kimi, xalqımızın tarixində əsrlər boyu bütöv bir ölkənin, vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərlərə şərik olan yüzlərlə nəsli və milyonlarla insanı həyata səsləyən ideyanı təcəssüm etdirən şəxsiyyətlər çox olmuşdur. Bu korifeylərin mənəvi və praktik irsi bəzən ölkəmiz və xalqımız üçün yolgöstərən ulduz olmuşdur. Orta əsrlərdə Nizami və Nəimi, Nəsimi və Füzuli belə şəxsiyyətlər idilər. Biz nailiyyətlərimizin çoxuna görə Azərbaycanın XIX-XX əsrlərdə yaşayıb-yaratmış maarifçi və mütəfəkkirlərinə borcluyuq. Onlar xalqın özünün necə böyük mənəvi və tarixi irsi olduğunu başa düşməsi üçün çox səy göstərmişlər. Həyatlarını ali məqsədlərə sərf etmiş bu fədakar insanlar Azərbaycan xalqının şöhrətidir və cəmiyyətimizin hər bir üzvü onlarla fəxr edə bilər. Azərbaycanın yeni tarixində Ə.M.Topçubaşov, F.Xan Xoyski, M.Ə.Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin digər görkəmli qurucuları, ən yeni tarixdə Heydər Əliyev məhz bu cür tarixi simalardandır. Bütün bu şəxsiyyətlər XX əsrin axırları - XXI əsrin əvvəlində - biz milli müstəqillik qazanandan və Azərbaycan dövlətçiliyi güclənməyə başlayandan sonra özünün tam təcəssümünü tapmış azərbaycançılıq ideyasının daşıyıcılarıdır. Lakin bu şəxsiyyətlər sırasında daha bir tarixi sima var ki, onunla bağlı polemika və diskussiyalar artıq beş əsrdir səngimir. Söhbət Səfəvilər dövlətinin banisi, böyük siyasi xadim, istedadlı sərkərdə, gözəl şair və vətənpərvər, Azərbaycan xalqının həqiqi oğlu Şah İsmayıl Səfəvi (1487-1524) haqqındadır.
Səfəvilər dövlətinin yaranması tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmur və ciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş bəzi müəlliflərin baxışları bir sıra hallarda birtərəfli və subyektiv xarakter daşıyır. Onların əsərlərində vaxtilə taktiki əhəmiyyət kəsb etmiş müəyyən məlumatların mütləqləşdirilməsi müşahidə olunur. Eyni zamanda, Səfəvilər hərəkatının Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda strategiyasının məqsədi və əsas məzmunu arxa plana keçirilir. Bu müəlliflər orta əsrlərdə tərtib edilmiş şübhəli xarakterli bəzi mənbələrdən istifadə edir, həmin mənbələrin hansı dövrdə, nə vaxt və kim tərəfindən yazılmasının, onları yazanların hansı dünyagörüşünə xidmət etməsinin və hansı siyasi hərəkatın tərəfdarları olmasının mahiyyətinə dərindən varmırlar. Belə təsəvvür yaranır ki, sanki bu müəlliflər bəzi hallarda real mənbələrə əsaslanırlar, lakin elmilik prinsipinin nəzərə alınmaması onları səhv nəticələrə gətirib çıxarır.
Orta əsrlərdə və ən yeni tarixdə bəzi müəlliflər lap əvvəldən Şah İsmayılın həqiqi məqsədlərini inkar etmək yolunu seçmiş, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe tutmuşlar. Bu müəlliflərin subyektivliyi ondan ibarətdir ki, onlar çoxsaylı mənbələrdəki məlumatların tənqidi şəkildə seçilməsi və sistemləşdirilməsinə etinasızlıq göstərir, nəticədə XV əsrin ikinci yarısının və XVI əsrin ilk rübünün tarixinin öyrənilməsinə obyektiv yanaşmırlar.
Ayrı-ayrı əsərlərdə faktların elmiliyə və tarixi təfəkkürə üstün gəlməsi hiss olunur ki, bu da qərəzli məlumatlardan maksimum istifadə edilməsinin və onların kompilyativ şəkildə sistemləşdirilməsinin nəticəsidir. Məlumdur ki, orta əsr Şərq mənbələrinin bəzilərində ayrı-ayrı hökmdarların fəaliyyəti mədh edildiyi halda, digərləri onlara qara yaxmağa, dövləti işlərdə onların rolunu azaltmağa yönəlmişdi. Mənbələrdən qeyri-tənqidi şəkildə istifadə edilməsi isə ayrı-ayrı şəxsiyyətlərin dövlətin tarixində yerinin yanlış qiymətləndirilməsinə, dövrün meyillərinin, ictimai-iqtisadi amillərin əhəmiyyətinin təkzib olunmasına gətirib çıxarır. Tarixi detalların fetişləşdirilməsi heç də həmişə baş verən hadisələrin obyektiv mənzərəsini, tarixi proseslərin dərinliyini görməyə imkan vermir.
Orta əsrlər tarixinə aid bəzi əsərlərdə siyasi tarix məsələlərinə dini hərəkatlar prizmasından baxılır, yəni bütün ictimai-siyasi proseslərə siyasi-dini mənada yanaşılır. Halbuki dini münaqişələr və müharibələr deyilən hadisələrin tarixi göstərir ki, onların arxasında siyasi maraqlar və məqsədlər gizlənir. Yəni, bu müharibələr mahiyyət etibarilə siyasi məqsədlərin nəticəsidir. Tarixi proseslərin şərhinə dini mövqedən yanaşma tədqiqatçılara bu proseslərin həqiqi xarakterini açıb göstərməyə imkan vermir. Görünür, gündəlik hadisələrin arxasında strateji məqsədi görməyi heç də hər kəs bacarmır. Tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinin motivləri yalnız elmilik prinsiplərinə və metodlarına riayət edildikdə, konkret siyasi proseslərin bütün tərkib hissələri və dövrün meyilləri nəzərə alındıqda obyektiv şəkildə açıla bilər.
2012-ci il noyabrın 24-də "Zerkalo" qəzetində tarix elmləri doktoru Fərid Ələkbərlinin "Şah İsmayıl. Şair, qəhrəman, yoxsa təfriqəçi?" sərlövhəli məqaləsi dərc edilmişdir. Açığını deyim ki, bu müəllifin vətənpərvərliyi şübhə doğurmur. O, Azərbaycan tarixinə aid yeni mənbələrin axtarışı ilə fəal məşğul olan, bununla da bizim tarix və filologiya elmlərinə çox faydalı kömək göstərən alim kimi tanınır. Lakin onun "Şah İsmayıl..." məqaləsini uğurlu hesab etmək olmaz. Bu məqalədə düzgün müddəalarla yanaşı, yumşaq desək, ciddi nöqsanlar da vardır.

F.Ələkbərlinin fikrincə, Şah İsmayıl Azərbaycan tarixində ən mühüm və eyni zamanda, heç də birmənalı olmayan simalardandır. Müəllifin bu sözləri göstərir ki, o, Şah İsmayılın tərcümeyi-halında onun böyüklüyünü heçə endirə biləcək səhifələr axtarmağı qərara almışdır. Şah İsmayılın hakimiyyətində mənfi cəhətlər axtarmaq ona yalnız və yalnız qara yaxmaqla məşğul olanların dəyirmanına su tökməyə oxşayır.
Müəllifin başqa bir fikrinə nəzər salaq: Şah İsmayıl "Şirvanşahlar dövlətini görünməmiş qəddarlıqla məhv etmiş və Osmanlı imperiyası ilə uğursuz müharibəyə başlamış, bu müharibədə uduzaraq, Azərbaycanın az qala bütün ərazisini uzun müddətə itirmişdir". Şah İsmayılın "müharibəyə başlaması" fikri ilə razılaşmaq çətindir. Bu, doğrudanmı belədir? Zənnimcə, burada ölçülüb-biçilmiş yanaşma prinsipi pozulmuşdur. XVI əsrin birinci rübündə regionda cərəyan edən siyasi proseslərin dərin, kompleks şəkildə təhlili tamam başqa mənzərə yaradır. Özü də iki imperiya arasında sülhün olması təkcə Şah İsmayıldan asılı deyildi.
Müəllif belə hesab edir ki, Şah İsmayıl "əvvəllər gülüstana dönmüş ölkəni tam səfalət və dağıntı vəziyyətinə salmışdır". O, "X-XVI əsrlərdə Şərqin mədəni mərkəzlərindən biri kimi tanınan Azərbaycanın 1813-cü ildə çox acınacaqlı bir vəziyyətdə Rusiya imperiyasının tərkibinə daxil olmasına" görə məsuliyyəti Şah İsmayılın üzərinə qoyur. Bu cür nəticələr çıxarmaq təfəkkür qanunlarına ziddir. Onlar məntiqin qanunlarından birini, məhz kafi əsas qanununu inkar edir. Şah İsmayıldan sonrakı iki yüz il ərzində ölkədə mərkəzi hakimiyyətdən asılı olmamaq iddiasına düşmüş Azərbaycan xanlıqları tərəfindən separatist ambisiyalar güclənmişdir. Dövlət çevrilişləri, Azərbaycan türklərinin elitasının məhv edilməsi, zəif şahların hakimiyyətə gəlməsi, regionda və bütün dünyada yeni güc mərkəzlərinin yaranması, xaricdən daimi təhlükələr, dövlətin idarə edilməsində və ordunun modernləşdirilməsində zəruri islahatlar aparılmaması - bu və bir sıra başqa amillər nəticəsində Azərbaycan özünü müdafiə etmək qabiliyyətini itirmişdi. Buna görə də Şah İsmayılın hakimiyyətindən iki yüz il sonra Azərbaycanın bir hissəsinin onun təqsiri üzündən zorla Rusiya imperiyasına birləşdirilməsi barədə iddialar tarixi inkişafın məntiqinə o qədər də uyğun gəlmir. Bu, cəfəngiyat deməsək də, ən azı, ədalətsizlikdir.
Ön Asiyanın ərazisində əsrlər boyu müxtəlif tayfalar yaşamışdır. Buna görə də tamamilə təbiidir ki, onların bəziləri salamat qalmaq uğrunda mübarizə aparır, öz dövlətçiliyini yaratmağa çalışır, məhz onlara xas olan spesifik əlamətlərə və xüsusiyyətlərə malik olmaqla öz inkişaf yolu ilə irəliləməyə cəhd göstərirdi. Başqa xalqlar kimi, Azərbaycan xalqının da müstəqil tarixi inkişaf yolu, bənzərsiz mədəniyyəti, etnik xüsusiyyətləri və digər əlamətləri vardır. Azərbaycan xalqının formalaşması tarixinin kökləri uzaq keçmişə gedib çıxır. Bu prosesi təkcə Cənubi və Şimali Azərbaycan ərazisinə türk tayfalarının gəlməsi ilə əlaqələndirmək böyük elmi səhv olardı. Bu baxımdan, F.Ələkbərli haqlı olaraq göstərir ki, Azərbaycan xalqının formalaşması prosesi müxtəlif mərhələlərdən keçmişdir. Tarixi inkişaf nəticəsində çox vaxt qədim tayfaların dilləri və adları dəyişmiş, onlar bir-biri ilə qaynayıb qarışaraq yeni tayfa ittifaqları formalaşdırmış, yeni dövlətlər yaratmış, yeni dinləri və ənənələri qəbul etmişlər. Azərbaycan xalqının formalaşmasının mühüm mərhələlərindən biri XVI-XVII əsrlərdə Səfəvilər sülaləsindən olan ilk şahların hakimiyyəti dövrü olmuşdur. Həmin vaxtda qədim Azərbaycan etnosu onu digər qohum türk xalqlarından fərqləndirən yeni səciyyəvi milli xüsusiyyətlər qazanmışdır.
Bu müddəaların müəllifi olan F.Ələkbərli, eyni zamanda, zənnimcə, Şah İsmayılın fəaliyyəti barədə bəzi mülahizələrində subyektivizmə meyillidir. Ümumiyyətlə, XVI əsrin əvvəlində regionda baş verən proseslərin bütün dolaşıqlıqlarını bilmədən təkcə bir dövlət başçısının fəaliyyətini tənqid etmək nə dərəcədə düzgündür.
Güntay Gəncalpın 2012-ci ildə Bakıda "Qanun" nəşriyyatında nəşr edilən "Səfəvilər" kitabı çoxlu suallar və etirazlar doğurur. 272 səhifəlik bu kitab ayrı-ayrı müəlliflər tərəfindən Səfəvilər sülaləsinin, o cümlədən İsmayıl Səfəvinin Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda mübarizədə tarixi rolunu və onların bioqrafiyası ilə bağlı məlumatları necə təhrif etməyə çalışdıqlarını göstərən bir nümunədir. Baxmayaraq ki, Şah İsmayıl tərəfindən yaradılmış dövlətin və Səfəvilərin fəaliyyətinə obyektiv xarakteristika verilən ciddi nəşrlər və əsərlər çoxdur.

Əslən Cənubi Azərbaycandan olan G.Gəncalp bu kitabı yazarkən İran, Türkiyə, Rusiya, Qərb və Azərbaycan müəlliflərinin külli miqdarda əsərlərindən mənbə kimi istifadə etmişdir. O, kitabın sonunda həmin müəlliflərin siyahısını vermişdir - 68 nəfərdir. Lakin buna baxmayaraq o, obyektiv ola bilməmiş, bəlkə də bunu istəməmişdir. Zənnimcə, G.Gəncalp istifadə etdiyi çoxsaylı tarixi məlumatlar arasında yaxşını pisdən seçə bilməmişdir. Buna görə də onun çıxardığı nəticələr görkəmli tarixçilərin - Yaxın və Orta Şərqin XV-XVI əsrlər tarixi sahəsində mütəxəssislərin elmi baxışlarına ziddir. Kitabda qeyri-dəqiqliklər, ziddiyyətlər, uydurmalar çoxdur, müəllif həqiqətə uyğun olmayan faktlara istinad edir. Belə təsəvvür yaranır ki, ona şəxsi taleyinin qarmaqarışıqlığı, eləcə də müasir İranda hökm sürən ictimai-siyasi, ideya-mənəvi şərait təsir göstərmişdir.
Məsələn, onun belə bir fikri nə dərəcədə əhəmiyyətlidir ki, Şah İsmayıl silah gücünə insanları öz etiqadından dönməyə və şiəliyi qəbul etməyə məcbur etmiş, eyni zamanda, sünnilərə aid nə varsa hamısını məhv etmişdir (s.139). Hərçənd, G.Gəncalp bu məsələdə tək deyildir. Hətta bu deyilənlər həqiqətə uyğun olsa belə, qızılbaşları bu addımı atmağa məcbur edən səbəbləri göstərmək lazımdır. Birləşmiş Azərbaycan dövlətinin olub-olmaması məsələsi həll edilirdi. Orta əsrlərdə müharibənin sərt qanunları vardı. Hər halda, görünür, müəllif öz qarşısına başqa məqsəd qoymuşdur. Yeri gəlmişkən, özü də bunu etiraf edir: "Bu kitab Səfəviyyətə qarşı bir etiraz manifestidir" (s.20). Elə bu tezisdən müəllifin məqsədinin nədən ibarət olması görünür.
Səfəvilərin fəaliyyəti barədə G.Gəncalpın çıxardığı bəzi nəticələrə nəzər salaq: "Bölgə tarixi yanlış yönə sapmışdır... Səfəviliyin nəfəsi ilə zəhərlənmiş, düşüncəsi devşirilmiş (zorla dəyişdirilmiş - red) türklər modern fars milliyyətçiliyinin əsasını oluşdurdular" (s.15); "Etnik mənsubiyyət duyğusu Səfəvilərdən başlayaraq sönməyə doğru getmişdir... Səfəviyyət bu doğal duyğunu türk ulusunda söndürmüşdür" (s.16). Müəllif belə hesab edir ki, Şah İsmayıl özünün qızılbaş tərəfdarları ilə birləşərək, türk mədəniyyətini məhv etmişdir: "Sanki Səfəvilərdən öncə nə bayandurlu Dədə Qorqud mədəniyyəti olmuşdur, nə Səlcuqlu" (s.16). Onun fikrincə, fars dili Səfəvilərin dövründə rəsmi dövlət dili olmuşdur: "Öz dilində yazma imkanları Səfəvilərdən bəri tamamən yox edilmişdir" (s.18). Müəllif yazır: "Tək amacım Səfəviyyət zindanında həbs edilmiş türklərin ağlına azadlıq qazandırmaq olmuşdur" (s.18).
Bir sözlə, G.Gəncalp Şah İsmayılı bütün günahlarda ittiham edir, Səfəvilər dövrünü az qala tariximizin qara səhifəsi hesab edir. Etiraf etməliyəm ki, o, öz mühakimələrində orijinal deyildir, çünki yüzilliklər boyu müxtəlif siyasi və dini cərəyanların nümayəndələri, o cümlədən İranda və Türkiyədə, elə Qərbdə də XVI əsrdə Yaxın və Orta Şərqdə Şah İsmayılın tarixi rolunu azaltmaq üçün çox səy göstərmişlər.
Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətini yaratmış şəxsiyyətdir. Şah İsmayıl Səfəvinin şəxsiyyətindən söhbət düşəndə həmvətənlərimizin əksəriyyəti çox vaxt onun bioqrafiyasını və şiəliyi dövlət ideologiyası səviyyəsinə çatdırmaqla bağlı fəaliyyətini xatırlatmaqla kifayətlənir, bu addımın siyasi məqsədlərini açıqlamırlar. Lakin Şah İsmayılın böyük irsi qarşısında bu dəlillər çox sönükdür, çünki bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərməyə qabil deyildir.
Bu qeyri-adi şəxsiyyətin dövlətçilik potensialını, dərin zəkasını və uzaqgörənliyini bir məqalədə açıb göstərmək mümkün deyildir. Ona görə də bu məqalə yalnız Şah İsmayılın siyasi portretini, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin yaradılması yolunda görkəmli sərkərdə və dövlət xadimi kimi fəaliyyətini ümumi cizgilərlə də olsa, göstərmək cəhdidir.

Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər. Deməliyik ki, Azərbaycan dövlətçiliyinin tarixinin çoxsaylı əlaqələri ilə birlikdə, habelə dövlətin inkişafının varisliyi mövqeyindən öyrənilməsi Azərbaycanın tarixi gerçəkliyinə dolğun baxış formalaşdırmağa, XVI əsrdə Ön Asiyada baş verən bütün hadisələrin anlaşılmasına daha geniş mövqedən yanaşmağa imkan verir.
Məlumdur ki, Şah İsmayıl ata xətti üzrə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən olan nüfuzlu Səfəvilər nəslinə mənsubdur. Bu nəslin banisi Şeyx Səfiəddin Ərdəbili XIII əsrdə "Səfəviyyə" sufi ordenini təsis etmiş, sonradan bu orden ciddi siyasi nüfuz qazanmışdır. Bu ordenin əvvəllər sünni olmuş nümayəndələri tədricən mötədil şiəlik məzhəbinə etiqad etməyə başlamışlar. Sonrakı dövrdə fasiləsiz siyasi mübarizənin gedişində bu məzhəb xeyli dərəcədə fanatizmə çevrilmişdir. Onu da demək lazımdır ki, bu orden yarandığı ilk vaxtlardan hakim yuxarı təbəqəyə münasibətdə müxalif mövqe tutmuşdur.
Şah İsmayıl ana tərəfdən Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi - onun qızı Aləmşah bəyimin oğlu idi. Uzun Həsən özü Trabzon imperatoru yunan IV İohann Komninin qızı Teodora (Dəspinə) ilə evlənmişdi.

Sülalə nikahları əsrlər boyu sülhün və dostluğun möhkəmlənməsinə kömək etmişdir, eyni zamanda, dövlətin beynəlxalq nüfuzunun artmasının mühüm göstəricisi idi. Məhz bu səbəbdən Uzun Həsən Səfəvilər nəslinin çox böyük siyasi və sosial təsirə malik olmasını nəzərə alaraq, onlarla qohum olmağı qərara almış və öz qızını bu nəslin başçısı Şeyx Heydərə ərə vermişdi.

Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək olmuşdur. Bəzi tədqiqatçılar Səfəvilər tarixində baş vermiş digər hadisələrə aludə olaraq, məhz bu əsas məqamı diqqətdən qaçırırlar. Görkəmli şərqşünas İ.P.Petruşevski (1898-1977) yazır: "Səfəvilərin şiəlik bayrağı altında Azərbaycanı siyasi cəhətdən birləşdirmək məqsədi daşıyan hərəkatı inkişaf edirdi" (Сборник статей по истории Азербайджана. Выпуск I, Баку, 1949, стр. 210). Bu məqsədlə İsmayılın babası Şeyx Cüneyd və atası Şeyx Heydər silahlı mübarizəyə başlamış və bu mübarizədə onlar hər ikisi həlak olmuşdu. Səfəvilərin vahid Azərbaycan dövləti yaratmaq uğrunda mübarizə cəhdlərinin qarşısı Ağqoyunlu və Şirvanşahlar sülalələrinin nümayəndələri tərəfindən müvəqqəti alınmışdı.
İsmayıl Səfəvi 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoymuşdur. Onun tərəfdarlarının çıxışı 1499-cu ildə baş vermişdir. Əvvəlki çıxışlardan fərqli olaraq, bu dəfə hərəkat qısa müddətdə Azərbaycanın hüdudlarından kənara yayıldı. Səfəvilərin ilk çıxışlarının məqsədi yalnız Azərbaycanı birləşdirmək idisə, İsmayıl Səfəvi və onun tərəfdarları bəzi başqa ölkələri də əhatə edəcək böyük dövlət yaratmağı qərara almışdılar. Ağqoyunlu və Şirvanşah qoşunları ilə üç qanlı, lakin müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil olmuş, özünü Azərbaycanın və İranın hökmdarı elan etmişdir. Yeni və eyni zamanda, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət - Səfəvilər dövləti və ya bəzi mənbələrdə deyildiyi kimi, Qızılbaşlar dövləti yaradıldı. Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.

İ.P.Petruşevski Şah İsmayıl haqqında danışarkən onun istedadlı sərkərdə olmasını vəcdlə vurğulayır: "Müasirlərinin ümumi fikrinə görə o, hərbi istedada malik idi. Tarixçi Xondəmir İsmayılın hərb dühasını xüsusi tərifləyir. Tarixçi Həsən Rumlu qeyd edir ki, İsmayıl öz həyatı boyu beş böyük savaş aparmışdır: 1500-cü ildə Cabani yaxınlığında Şirvanşah Fərrux Yəsarla, 1501-ci ildə Şərurda Ağqoyunlu Əlvənd ilə, 1503-cü ildə Alma Qulağı yaxınlığında Sultan Murad Ağqoyunlu ilə, 1510-cu ildə Mərv yaxınlığında özbək xanı Məhəmməd Şeybani ilə və 1514-cü ildə Çaldıranda I Sultan Səlim ilə. Bu beş döyüşdən ilk dördü İsmayılın parlaq qələbəsi və onun düşmənlərinin tamamilə darmadağın edilməsi ilə nəticələnmişdir. Yalnız sonuncu savaşda İsmayıl ... ondan asılı olmayan səbəblər üzündən uduzmuş, lakin son nəticədə düşməni geri çəkilməyə məcbur edə bilmişdi" (И.П.Петрушевский. Там же. Стр.242).
Şah İsmayıl Səfəvinin fəaliyyəti haqqında həm Qərbdə, həm də Şərqdə, o cümlədən onun vətəni Azərbaycanda çoxlu müxtəlif kitablar və məqalələr yazılmışdır. Lakin təəssüf ki, müəlliflər heç də həmişə onun dövlətçilik xidmətlərini və uğurlarını ön plana çəkməyə, tam şəkildə və həqiqi miqyasda göstərməyə müvəffəq olmurlar. Səfəvilər dövlətinin banisi haqqında çox vaxt təhrif edilmiş obraz, dini fanatik və ya romantik şair barədə bir mif yaradılır. Bütövlükdə Səfəvilər sülaləsinin və İsmayılın etnik mənşəyini təhrif edən əsərlər də vardır.

Çoxlu sayda ilk mənbələrin ("Səffat əs-səfa", "Tarix-i aləmarayi-Abbasi" və s.) və şəhadətlərin olmasına baxmayaraq, bəzi Qərb, habelə İran tarixçiləri bu gün də Şah İsmayıl Səfəvini yalnız İranın maraqları ilə bağlı şəxsiyyət kimi təqdim etmək cəhdlərindən əl çəkmirlər. Onlar Səfəvilər dövlətini İranda ərəb, türk və monqol fatehlərinin dövlətini əvəz etmiş milli İran dövləti kimi xarakterizə edirlər. Şah İsmayılın iranlıları türklərdən xilas etməyə, əzəli İran torpaqlarını birləşdirməyə və İran milli dövləti yaratmağa çalışdığı bildirilir. Hərçənd, alimlər orta əsr mənbələri əsasında sübut etmişlər ki, Şah İsmayıl heç vaxt öz qarşısına İranın siyasi və milli birliyini bərpa etmək məqsədi qoymamışdır.
Şah İsmayılın tarixinin gözəl bilicisi, Azərbaycan tarixçisi Oqtay Əfəndiyev çoxsaylı mənbələrə əsaslanaraq yazır: "Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi ilə, onun sonrakı etnik konsolidasiyası ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın cənub və şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş hüdudları daxilində birləşdirilməsi bu vilayətlərin keçmişə nisbətən daha sıx siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaratmışdı. Onilliklər boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI əsrdə yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniyyət sahəsində müəyyən tərəqqiyə nail olmuşdu (Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. B. 2007, s.6).
Böyük şərqşünas, orta əsrlər dövründə Cənubi Qafqazın və İranın tarixinə dair parlaq araşdırmaların müəllifi M.F.Minorski hesab edirdi ki, Səfəvilər Qaraqoyunlular və Ağqoyunlular sülalələrinin birbaşa varisləri, onlarla çoxtərəfli qohum olmuşlar. O, ilk Səfəvi hökmdarlarının dövlətini İranda Azərbaycan dövlətinin üçüncü fazası hesab edir. Bu halda həmin dövlətin ilk iki fazası Qaraqoyunlu və Ağqoyunlu dövləti olmuşdur (Цит. по О.А. Эфендиев. Сб. Против буржуазных фальсификаторов истории и культуры Азербайджана. Под ред. А.С. Сумбатзаде. Баку, 1978, стр. 134).

Səfəvilər sülaləsinin türk mənşəyi haqqında V.V.Bartoldun fikri ən mötəbər fikir olaraq qalır və tarixi mənbələrin yeni məlumatları ilə təsdiqlənir. Alim həmin sülalənin banisi Şeyx Səfiəddinin (1252-1324) və onun varislərinin mənşəyi ilə əlaqədar yazırdı ki, bu Ərdəbil şeyxləri, heç şübhəsiz, fars mənşəli deyil, türk mənşəli olmuşlar (В.В. Бартольд. Соч. т.II, ч.I. М. 1963, стр.748).
Səfəvilər sülaləsinin kürdlərə də heç bir aidiyyəti yoxdur, hərçənd bəzi müəlliflər bunun üçün zəruri mənbələr və ciddi dəlillər olmadığı halda bu haqda yazırlar.
İran tarixi üzrə tanınmış mütəxəssis N.D.Mikluxo-Maklay Səfəvilər sülaləsinin etnik mənşəyi məsələsinə toxunaraq yazır: "Sonralar qızılbaşlar adlanmış bu tayfalar öz dilinə və mənşəyinə görə XV əsrdə ardıcıl surətdə Azərbaycanın və İranın böyük hissəsinin sahibi olmuş, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaratmış Azərbaycan tayfaları ilə qohum idilər (Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. B. 2007, s.53.).

Sitatların çoxluğu oxucunu təəccübləndirməsin. Mən bu iqtibaslara bilərəkdən müraciət edirəm ki, şərh edilənlərin mötəbərliyinə heç kəsdə şübhə yeri qalmasın.
Demək lazımdır ki, Səfəvilərin etnik mənşəyi barədə cəfəng mülahizələrin yayılmasına şərait yaradan odur ki, son illərdə Azərbaycan tarixşünaslığında səfəvilər mövzusunda fundamental əsərlər, demək olar yazılmır, bu isə Şah İsmayılın Azərbaycan mənşəli olması barədə heç eşitmək belə istəməyənlər üçün diskussiya meydanı yaradır.
Bu qədər subyektiv cəhdlərə baxmayaraq, sevindirici haldır ki, dünya şöhrətli alimlər vaxtilə gözəl əsərlər yazmışdır. Həmin əsərlərdə bütün əsas ittihamlar dəlillərlə təkzib edilir və Azərbaycan xalqının böyük oğlunun şəxsiyyəti öz həqiqi qiymətini tapır. V.V.Bartold, İ.P.Petruşevski, A.Y.Krımski, B.N.Zaxoder, V.F.Minorski kimi görkəmli şərqşünasların, rusiyalı böyük iranist N.D.Mikluxo-Maklayın, türkiyəli məşhur tarixçi F.Köprülüzadə və başqalarının səyləri sayəsində Şah İsmayıl irsi onu doğma Azərbaycandan ayırmağa yönəlmiş subyektiv şərhlərdən qorunmuşdur. Ədalət naminə, tanınmış Azərbaycan tarixçisi, Səfəvi şahlarının, o cümlədən Şah İsmayıl Səfəvinin irsinin öyrənilməsi və tanıdılması üçün çox işlər görmüş O.A.Əfəndiyevin töhfəsini də vurğulamaq lazımdır.

İlk mənbələrdə Səfəvilər dövlətinin banisinə aid edilən çoxsaylı mülahizələr onun türklərlə və Azərbaycanla ayrılmaz əlaqəsini birbaşa göstərir. Şübhəsiz, belə faktlardan ən məşhuru və inandırıcısı İsmayıl Səfəvinin Şirvandakı Gülüstan qalası mühasirəyə alınan vaxt dediyi sözlərdir. İsmayıl atası Şeyx Heydərin qatili, şirvanşah Fərrux Yəsar üzərində qələbədən sonra öz düşməninin qüvvələrini tamamilə darmadağın etmək üçün qoşunlarını irəlilətmişdi. Lakin Şirvan qoşunlarının qalıqları və əhalinin bir hissəsi Gülüstan qalasında mövqelərini möhkəmlədərək, İsmayılın qoşunlarına müqavimət göstərməyi qərara almışdı. Orta əsr Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi İsgəndər bəy Münşi (1560-1634) yazır ki, İsmayıl Şirvanın ən əlçatmaz istehkamlarından birini mühasirəyə aldıqdan sonra hərbi şura çağıraraq, sərkərdələrə belə bir sualla müraciət etmişdir: "Siz Azərbaycan səltənətinimi (taxtgah), yoxsa Gülüstan qalasınımı istəyirsiniz!".

O, mühasirənin çox üzücü olacağını başa düşərək, qalanın ətrafından keçməyi qərara almışdı, çünki əmin idi ki, Yəsarın özü həlak olandan sonra Şirvan qoşunları qısa müddətdə qüvvə toplayaraq ona ciddi müqavimət göstərə bilməyəcəkdir. İsmayıl vaxt qazanaraq, bütün Azərbaycan boyu sürətli yürüşünü mümkün qədər tezliklə qələbə ilə başa çatdırmağa çalışırdı.
XV əsrin son rübündə ölkədəki vəziyyət dövlətin oturuşmamasını açıq-aşkar göstərirdi. Təbriz taxt-tacında sultanların tez-tez dəyişməsi (10 il ərzində 8 hökmdar), feodal çəkişmələri, sülalə müharibələri, müstəqilliyə can atan vilayət hakimləri arasında mərkəzdənqaçma əhval-ruhiyyəsinin güclənməsi, sadə xalqın yoxsul vəziyyətdə olması, əmirlər və bəylər arasında saysız-hesabsız silahlı toqquşmalarda iştirak etməkdən təngə gəlməsi və s. - İsmayıl Səfəvi və onun yaxın ətrafı ölkəni tamamilə dağılmaqdan xilas etməyi qərara alan vaxt belə bir kədərli mənzərə vardı.
İsmayıl Səfəvi öz vəzifəsini siyasi mərkəzi Azərbaycanda olmaqla yeni qüdrətli imperiya yaratmaqda görürdü. Onun məqsədi Azərbaycan türklərinin hakim mövqeyinin bütün səviyyələrdə öz təsdiqini tapdığı və mümkün olan bütün formalarda təzahür etdiyi ilk mərkəzləşdirilmiş dövlət yaratmaqdan ibarət idi.

Beləliklə, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə əsas özəyini Azərbaycan türk tayfaları təşkil edən, sonrakı iki yüzillik ərzində Osmanlı dövləti ilə rəqabət aparan Səfəvilər dövlətinin yaradılması ilə başa çatdı. Hətta İran, İraq, Əfqanıstan və digər ərazilərdə müxtəlif xalqların konqlomeratı olan nəhəng imperiya yaradılandan sonra da hərbi və siyasi elita təşkil edən azərbaycanlılar dövlətin əsas dayağı statusunu qoruyub saxlamışdılar.

İ.P.Petruşevski çoxsaylı mənbələrə əsaslanaraq yazır: "İran, Rum, Kürdüstan və başqa ölkələrdə qızılbaşların işğalının kortəbii şəkildə yayılması onunla nəticələnmişdir ki, İsmayılın yaratdığı dövlət Azərbaycanın hüdudları ilə kifayətlənməmiş, ölkələrin və xalqların konqlomeratına çevrilmişdir. Lakin bu dövlətdə XVI əsrin lap axırlarına, I Şah Abbasın islahatlarına qədər Azərbaycan elementi ... üstün siyasi rol oynayırdı" (И.П.Петрушевский. Сборник статей по истории Азербайджана. Стр. 243).
Orta əsrlər Şərqinin böyük bilicisi B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın rolu mövzusuna toxunaraq yazırdı: "Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində olan Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqaz və İran ərazisində yaranmış geniş dövlətin özəyini təşkil edirdi. Bu dövlətə çoxlu tayfa və xalqlar daxil idi, lakin orada uzun müddət Azərbaycan feodalları üstünlük təşkil edir, ilk Səfəvilər onların hərbi gücünə arxalanırdı". (Всемирная история. Т.IV, М. 1959, стр.558).

O.Əfəndiyev yazır ki, müasir İran tarix məktəbinin ən parlaq nümayəndələrindən biri, məşhur tarixçi Nəsrulla Fəlsəfinin etirafları da çox əlamətdardır. Səfəvilərin etnik mənşəyi barədə İranda formalaşmış ənənəvi subyektiv yanaşmanın əksinə olaraq, o, İsmayılın Azərbaycan-türk hökmdarı olmasını qətiyyətlə qəbul edir, obyektiv dəlilləri, məntiqi mühakimələri və ciddi mənbələri şovinist nəşrlərdən üstün tutur. O, öz əsərlərində İsmayılın istər sarayda, istərsə də ədəbi mühitdə türk, yəni Azərbaycan dilinin mövqeyinin möhkəmlənməsinə çox böyük qayğı göstərməsi faktına xüsusi diqqət yetirir. O yazır: "Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd peyğəmbərin nəslindən olan - O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin - O.Ə.) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi... Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi... Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı". O, daha sonra yazır: "Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksəkdə tutur, onları (iranlıları - O.Ə.) həqarətlə tatlar və taciklər adlandırırdılar" (O.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. 2007, s.34-35).

Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan "Dəhnamə" ("On məktub") poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları imzalayır və beləliklə, Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olurdu. Bununla bağlı İ.P.Petruşevskinin bir fikrini xatırlatmaq istərdim. O yazırdı: "Aldığı tərbiyəyə və maraqlarına görə İsmayıl qızılbaş tayfaları və köçəri əyanları ilə sıx bağlı idi. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə himayədarlıq edirdi. Xətai təxəllüsü götürmüş İsmayıl öz vaxtının tanınmış şairi idi, özündən sonra şeirlər toplusu (divan) qoyub getmişdir. Diqqətəlayiq cəhət həm də odur ki, şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi qələmə vermək cəhdlərinin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında azərbaycanca danışırdılar (Петрушевский И.П. В книге Сборник статей по истории Азербайджана. Стр. 242-243).
Şah İsmayıl Şərq tarixində görkəmli sərkərdə və dövlət xadimi kimi tanınırdısa, Azərbaycan klassik poeziyası xəzinəsində Xətai təxəllüslü şair kimi də şərəfli yeri vardır. Heç də təsadüfi deyil ki, Şah İsmayıl Xətai indiyədək yeddi böyük ələvi şairindən biri sayılır.
Ana dilinə qayğı və məhəbbətlə yanaşmağın vacibliyi İsmayılın vəsiyyətində də əksini tapmışdır: "Mən həmişə doğma torpağın bir parçasını qızıldan, ana dilinin bir sözünü ləl-cavahirdən üstün tutmuşam. Qısa ömrümdə sizin üçün nə bacardım elədim. Əldə qılınc qələbələr qazanaraq, parçalanmış Vətəni birləşdirməyə çalışdım" ("Xətaişünaslığa töhfə". Tərtibçi: Axund Hacı Soltan Hüseynoğlu. II kitab, Bakı, 1998, səh.2).

Məxəzlərdə göstərildiyi kimi, artıq XIII-XIV əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti Azərbaycan dilində danışırdı. Təkcə Kürün cənubunda deyil, ondan şimalda - Şirvanda da Azərbaycan dili üstünlük təşkil edirdi. O dövrdə Azərbaycanda olmuş italyan müəllifləri də bu barədə kifayət qədər məlumat verirlər.
XIII-XIV əsrlərdə Azərbaycan dilinin mədəni rolu xeyli artmışdı. Tanınmış şərqşünasların fikrinə görə, Azərbaycan dili İranın, İraqın, qismən də Kiçik Asiya regionunun müxtəlif tayfalardan ibarət türkdilli əhalisi üçün ədəbi dilə çevrildi. Azərbaycanın hüdudlarından kənarda yaşayan şairlər Nur Həsən, Qazi Bürhanəddin (Sivasi) və digərləri Azərbaycan dilində yazırdılar. XV əsrdə Azərbaycan dili beynəlxalq əhəmiyyətini hələ saxlayırdı. Dövlətin paytaxtı Təbriz isə Mançester Universitetinin professoru K.E.Bosvortun yazdığı kimi, təbiət elmlərinə xüsusi önəm verilən böyük mərkəz idi ("Мусульманские династии". Наука. М., 1971 г.).

O vaxtın azərbaycandilli əhalisinin şair Həbibi, Sururi, Tüfeyli, miniatürçü rəssam, Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd kimi təhsil görmüş hissəsinin məhz İsmayılın ətrafına yığılması tarixi faktdır. Şah İsmayıl Azərbaycan türkləri içərisindən çıxmış elmli adamları öz ətrafında birləşdirməklə dövlətçiliyin elmi və yaradıcı potensialını formalaşdırırdı. O vaxt olduğu kimi, bu gün də köhnəni qoruyanlar, eyni zamanda, yenilik yaradanlar intellektuallardır. Mədəniyyətdə həmişə gələcək inkişaf üçün müxtəlif təməllər qoyulur. Bunlar müasirlərin gözünə görünməyə, onların diqqətini çəkməyə bilər, lakin bunlar gələcək nəsillər naminə dövlətçiliyin xüsusi qatını təşkil edir.
Beləliklə, Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Azərbaycan şairlərinin başqa dillərdə yazıb-yaratması ənənəsinə birdəfəlik son qoyuldu. Müasirlərinin dediyinə görə, Şərq miniatür sənətinin inkişafının ən parlaq zirvələrindən biri məhz həmin dövrə təsadüf edir. Elm, sənət xiridarı olan Xətainin sarayında yaradıcılıq üçün əlverişli şəraitdə, diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə böyük rəssam Behzad, habelə bir çox digər istedadlı heykəltəraş, xəttat, musiqiçi yaşayırdı. Hətta məşum Çaldıran döyüşü ərəfəsində belə Şah İsmayıl ilk növbədə, istedadlı rəssam və alimlərə qayğı göstərir, onları təhlükəsiz yerdə gizlətməyi, qorumağı əmr edirdi.
Şah İsmayılın bütün fəaliyyəti kimi, dini dözümlülüyü (xüsusən də ölkənin daxilində olan xristianlara münasibətdə), eləcə də Avropanın xristian ölkələri ilə geniş diplomatik əlaqələr qurması onu sülhün, firavanlığın, ölkəsinin tərəqqisinin qeydinə qalan müdrik hökmdar və düşmən dövlətlərə qarşı mübarizədə etibarlı müttəfiqlər axtarıb tapan böyük diplomat kimi səciyyələndirir.

Səfəvilər dövlətinin daha bir səciyyəvi xüsusiyyəti dövlətçilik ənənələrinin, eləcə də tolerantlığın, çoxmədəniyyətli, çoxmillətli dövlət ənənələrinin varisliyidir. Səfəvi imperiyasında yaşayan xalqların dilləri bu günə qədər qorunub saxlanmışdır və eynilə incəsənət və memarlıq abidələri kimi tarixi mirasdır.
Şah İsmayıl şair və filosof kimi keçmişin mədəni və mənəvi irsinə çox həssaslıqla yanaşırdı. O, qədim kitab kolleksiyalarının saxlanıldığı, xəttatların, rəssamların, nəqqaşların, cildçilərin çalışdığı kitabxanaların yaradılmasına xüsusi diqqət yetirirdi. Şah İsmayılın Təbriz şəhərində çox qiymətli kitabların, əlyazmaların toplandığı Səfəvi saray kitabxanasının yaradılması barədə imzaladığı fərman bunun bariz nümunəsidir. O, Qaraqoyunlu sülaləsinin hələ Uzun Həsənin dövründən toplanan zəngin kitab kolleksiyasına xüsusi qayğı göstərmişdir. Əksər tarixçilərin fikrincə, bu kolleksiya İsmayılın ixtiyarına 1501-ci ildə, daha dəqiq desək, onun Ağqoyunlu sülaləsinin sonuncu iki varisindən biri olan Əlvənd Mirzə üzərində qələbəsindən sonra keçmişdir (О.Ф.Акимушкин. "Средневековый Иран: культура, история, филология", Санкт-Петербург, 2004, стр. 364).

Şah İsmayıl fenomeninin ən mühüm əlaməti ondan ibarətdir ki, poeziya, yaradıcılıq dövlət başçısı üçün əyləncə, ikinci dərəcəli məşğuliyyət deyildi, əksinə, siyasi ideyaları daha təsirli, inandırıcı şəkildə təbliğ etmək, öz ideallarını, məqsəd və vəzifələrini yaymaq və izah etmək üsulu idi.
Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya yaradan Şah İsmayıl həm də Qərbi Avropada Papalıq, Fransa, İspaniya, Venesiya, Genuya və s. ilə səmərəli qarşılıqlı münasibətlərin möhkəm bünövrəsini qurmuşdu.
Bu münasibətlərin əsasını Osmanlı sultanlarının təcavüzkar niyyətlərini cilovlamaq məqsədi ilə antiosmanlı koalisiyasının formalaşdırılması təşkil edirdi. Bu əlaqələr həmin dövlətlərlə ticarəti inkişaf etdirməyə də müsbət təsir göstərirdi. Asiya ilə Avropa arasında ticarət yollarının üstündə yerləşən Səfəvilər dövləti tranzit daşımalardan böyük gəlir götürürdü. Məhz Şah İsmayılla Qərb arasında yaranmış sıx siyasi təmaslar sayəsində Avropadan Təbrizə ticarət missiyaları gəlməyə və burada daimi nümayəndəliklər açılmağa başlamışdı. O, diplomatik yolla zəmanəsinin digər qüdrətli siyasi mərkəzi - Hindistandakı Böyük Moğollar imperiyası ilə də kifayət qədər möhkəm dostluq əlaqələri yaratmışdı. Osmanlı imperiyası ilə mehriban münasibətlərinə baxmayaraq, Böyük Moğollar sona qədər Səfəvi-Osmanlı müharibələrinə qarışmamağı üstün tuturdular.

Şah İsmayılın səyləri ilə Azərbaycan amili orta əsrlərdə siyasi elitanın və müsəlman Şərqində Azərbaycanın ziyalı təbəqəsinin simasında öz siyasi təşəkkülünü tapdı. Artıq o vaxt bu amil müasir dövrdə bizim "azərbaycançılıq" ideyası kimi qavradığımız fenomeni formalaşdırdı.
Şah İsmayıl fəlsəfəsində Azərbaycan amili xüsusi ideoloji konstruksiya kimi xalqın daxili tələbatının ödənilməsinə, onun spesifik maraqlarının təmin edilməsinə yönəlmişdi. Əgər o dövr üçün işlədilə bilərsə, "azərbaycançılıq" bir növ milli identifikasiya forması kimi çıxış etməyə başlamışdı. İndi "azərbaycançılıq" ideyasının məzmunu həm ölkə daxilində dövlətçilik məsələlərinin həllinə, həm də onun hüdudlarından kənarda maraqların qorunmasına yönəlmiş yeni mənalarla zənginləşmişdir. Lakin həmin illərdə olduğu kimi, elə amillər var ki, onların təsiri altında bu ideya indiyə qədər saflaşır. Həmin illərdə olduğu kimi, azərbaycançılıq ideyası dövlət müstəqilliyinin güclənməsinə və dövlət suverenliyinin möhkəmlənməsinə xidmət edir. Keçmişdə olduğu kimi, Avrasiya kontinentindəki aralıq mövqeyi Azərbaycanın həm Qərbin, həm də Şərqin siyasi təsiri rejimində fəaliyyət göstərməsini şərtləndirmişdir.

Dövlət üçün istənilən xarici təhdid, yaxud cəmiyyətin varlığı üçün təhlükə yaradan hər hansı sarsıntı etnik identikliyin dərk edilməsini gücləndirən mənbəyə çevrilir. Etnosun mahiyyəti isə xalqın mübarizəsində özünü daha qabarıq şəkildə göstərir. Bu mübarizə liderin rəhbərliyi altında insanların müəyyən məqsədlərə, əksər hallarda siyasi məqsədlərə nail olmağa yönəlmiş fəaliyyətindən ibarətdir. Odur ki, əsas diqqəti böyük dövlət xadimi Şah İsmayılın fəaliyyətinin və Azərbaycan ideya-siyasi platformasını formalaşdırmaq cəhdlərinin təhlili üzərində cəmləşdirmək lazımdır. Bu, Səfəvilərin ideoloji doktrinasını başa düşmək üçün müəyyən baza yaradır.

Şah İsmayıla, bütövlükdə Səfəvilərə qədər də Azərbaycan türklərinin Yaxın və Orta Şərqdə baş verən hərbi proseslərdə sanballı rolu olmuşdur. Azərbaycan türklərinin qüdrəti bəzən yaratdıqları dövlətin hüdudlarından da kənara çıxan Atabəylər (Eldənizlər), Qaraqoyunlu və Ağqoyunlu kimi dövlətləri buna misal ola bilər. Lakin heç vaxt, bu sülalələrin heç bir nümayəndəsinin dövründə etnik mənsubiyyət məsələsi bu cür açıq şəkildə qabardılmamış və hökmdarın şəxsi nümunəsi ilə dəstəklənməmişdi. Üstəlik, Şah İsmayıla qədər Azərbaycan hökmdarlarından heç kim bütün Azərbaycan torpaqlarını məhz vahid siyasi və ideoloji bayraq altında birləşdirə bilməmişdi. Beləliklə, milli identikliyin güclənməsi həm Azərbaycan torpaqlarının birləşdirilməsinin, Azərbaycan türklərinə və onların dövlətçiliyinin mövcudluğuna yönəlmiş təhlükənin artmasının, həm də dövlət başçısının - güclü siyasi şəxsiyyətin təsiri altında baş verirdi.

Tamamilə aydındır ki, vahid Azərbaycan Səfəvilər dövlətinin yaradılması ölkənin siyasi inkişafına kömək etməklə yanaşı, həm də iqtisadi dirçəlişə səbəb olmuşdu. Vahid sosial-tarixi və siyasi orqanizmin əhalisinin etnik tərkibinin müxtəlifliyi imperiya hüdudlarında onlarca millətin yaranmasına yalnız imkan vermişdi. Bu imkanın gerçəkləşdirilməsi üçün, təkcə etnik yox, digər amillərin - ən başlıcası iqtisadi və siyasi amillərin təsiri zəruri idi. Məhz bu amillər Azərbaycan xalqının formalaşması üçün baza olmuşdur.

Bir sıra tarixçilər haqlı olaraq, Azərbaycanın və azərbaycanlıların bütün orta əsrlər dövründə ən güclü etnosiyasi amil kimi tarix səhnəsinə çıxmasını Səfəvilər dövlətinin mövcud olduğu mərhələyə aid edirlər. Azərbaycan türklərinin Yaxın və Orta Şərqdə gedən siyasi proseslərə təsiri o dərəcədə hissedilən idi ki, bunu hətta ən bədbin meyilli tədqiqatçılar belə inkar edə bilməmişlər.
Səfəvilər dövləti yarandığı gündən qısa müddət ərzində bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilmişdi. Özü də xalqın obrazı və siyasətin mahiyyəti mövcud geosiyasi reallıqlar və digər ölkələrlə münasibətlərin xarakteri ilə müəyyən olunurdu. Şah İsmayılın yaratdığı Azərbaycan dövlətçiliyi Azərbaycan türklərinin dünyagörüşünün təkamülünə, o cümlədən öz-özünü və etnosiyasi məkanın formalaşmasında rolunu yenidən qiymətləndirməyə kömək etmişdi. Bu, Şah İsmayılın müasirlərinə, eləcə də gələcək nəsillərə həm dövlət suverenliyi və müstəqilliyini, həm də ideoloji suverenlik və müstəqilliyi möhkəmlətmək uğrunda mübarizənin zəruriliyini dərk etməyə imkan yaratmışdı. Onun dövründə Azərbaycan türklərinin baxış, təsəvvür, dəyər, birlik sistemi, maraq prioritetləri formalaşmağa başlamışdı. Azərbaycan təkcə müstəqil dövlət deyildi, həm də orta əsrlər dünyasının sosiomədəni və mədəni strukturunun müstəqil subyekti idi.
Təəssüf ki, indiyə qədər də Səfəvilər sülaləsinin ərəb əsilli olmasını sübut etməyə cəhdlər göstərilir. Bunun üçün vaxtilə səfəvi ideoloqları tərəfindən ortaya atılmış müxtəlif ideyalardan istifadə olunur. Bunların da ən başlıcası Səfəvilər sülaləsinin kökünün şiə imamlarına gedib çıxması, yəni türk yox, ərəb əsilli olması barədə versiyadır. Bir sıra hallarda Şah İsmayılın özü də sərkərdə, uzaqgörən dövlət xadimi kimi yetişməsində böyük rolu olmuş xilaskarları və tərbiyəçilərinin lap uşaq vaxtlarından ona təlqin etdikləri bu versiyaya müraciət etmişdir. Lakin sülalənin tarixinin daha dərin tədqiqi sübut etdi ki, bu qəbildən olan fikirlər ideoloji- konyunktura xarakteri, siyasi xarakter daşımışdır və məqsəd böyük xalq kütlələrini vahid mərkəz ətrafında birləşdirmək idi. Həqiqətən də, strateji məqsədlərə nail olmaq üçün birləşdirici ideya lazım idi. Şiəlik təriqəti (ərəb dilində "şiə" tərəfdarlar, partiya mənasını verir) Azərbaycan qızılbaşlarının doktrinası olaraq bu rolu öz üzərinə götürmüşdü.
Səfəvilərin mənəvi rəhbəri olan Şah İsmayıl dövləti fəaliyyətində dini ideologiyadan daha çox siyasi doktrinaya əməl edirdi. Şiə-qızılbaş hərəkatının beşiyi olan Azərbaycanda sünnilərin çoxluq təşkil etməsinə baxmayaraq, Şah İsmayıl və onun varisləri mötədil şiə idilər və qızılbaş hərəkatındakı qatı şiələrin yaydıqları baxışlarla razı deyildilər.
XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatının görkəmli nümayəndəsi, yazıçı, alim, ictimai xadim və ideoloq Əhməd bəy Ağaoğlunun (1869-1939) "İran və inqilabı" əsərində bu məsələyə aydınlıq gətirilir: "Fəqət bu sülalənin zəncirləmə təhriki ilə İmam Rzaya bağlanması həqiqətdirmi? - zənn etmirik. Şərqdə sülalələri qədim və nəcabətli hesab olunan əsillərə bağlamaq bir adətdir. Məsələn, Qacar ailəsinin əsli-nəcabəti hər kəsə məlum ikən bir sıra düyünlərlə ta Daraya qədər çıxarılır. Məhəmmədin əcdadı məlum ikən İbrahimə qədər götürülür. İnsanların nəzərində qədimlik daim bir şərəf və nəcabət əlaməti olmuşdur.
Səfəvilərin türk və Ağqoyunlu tayfasına mənsub olmalarına şübhə edilməz. Bunlara ilk əvvəl ağqoyunluların yerləşdiyi sahədə təsadüf edirik. Sonra, bunlar ilk zamanlar yalnız türkcə danışırlar. Ərəbcə və farsca danışdıqlarına dair əlimizdə heç bir dəlil yoxdur.
... Fəqət İsmayılın özünün İmam Rzaya bağlanmasını dəstəkləməsinə də şübhə edilməz. Bu təşəbbüs onun quracağı sistem ilə irəli sürəcəyi iddia üçün çox lazımdı. Ələvilər "Ricəti Əli Mühəmmədə", İmam Rzanın kiçik nəvəsi olan Mehdinin zühuruna intizar etmirlərmi? İştə, Şah İsmayıl özü tam bu Mehdidir. İranın fars əhalisinin nəzərində bu nə qədər qiymətli bir alətdir! Yuxarıda gördük ki, Şah İsmayılın cəddi Şeyx Səfiəddin Gilan və Mazandaran şeyxləri ilə əlaqə və münasibətdə olmuş və Şah İsmayıl özü də düşmənlərdən qaçarkən Gilana sığınmışdı. İndi onun zühuru bura xalqında nə qədər ümidlər oyandırmış olacaqdı" (Ə.Ağaoğlu. İran və inqilabı. Bakı, 2009, səh. 36-37).

Qızılbaş hərəkatı öz sıralarına tərəfdarlar cəlb etmək məqsədi ilə əhalinin böyük əksəriyyəti tərəfindən razılıqla qarşılanan ideyadan istifadə etmişdir. O vaxt şiəlik əhalinin yoxsul təbəqələri arasında yayılmışdı. İ.P.Petruşevski yazır ki, "Belə vəziyyətdə Şah İsmayıl bir sıra ölkələri öz hüdudlarına daxil edən böyük şiə məmləkəti yaratmağa çalışan ardıcıllarının istəyini dəstəkləmək məcburiyyətində qalırdı" (И.П.Петрушевский. Азербайджан в XVI-XVII вв., стр.288).
V.F.Minorski yazır ki, Şah İsmayılın şeirlər toplusu erkən Səfəvilərin sirli bidətinə açar ola bilər. "Bu dinamik, zahirən mistik görünən dini ideyalar bilavasitə fəaliyyətdə asanlıqla öz ifadəsini tapır. Bunlar hərəkatın zərbə qüvvəsini təşkil edən həmin ünsürlərin siyasi xəttini təmsil edirlər (O.Əfəndiyev "Azərbaycan Səfəvilər dövləti, səh 52).
V.V.Bartold sübut etmişdir ki, Səfəvilərin əcdadları heç də seyid (Məhəmməd Peyğəmbərin nəsli) olmamışlar, onların şəcərəsi sonradan səfəvi tarixçiləri tərəfindən uydurulmuşdur. Hər necə olsa, Şah İsmayılın birbaşa İmamın nəslindən olması ideyası Səfəvilər dövlətinin qurulmasında çox mühüm rol oynamışdır. Bu cür taktiki və strateji gediş sayəsində dövlət siyasəti hakimiyyət və idarəçiliyi həyata keçirmək üçün bir sıra mühüm keyfiyyətlər əldə etdi, kütlələri birləşdirə bilən yeganə səmərəli ideoloji vasitəyə çevrildi. Çox sonralar, XIX əsrin əvvəllərində, bütün Avropada milli özünüdərkin artması prosesi gedəndə xalqların çoxunun ya öz dövləti yox idi, ya da öz iradəsindən asılı olmayaraq, dövlətlərin bir hissəsi idi. Məhz o vaxt, o tarixi dövrdə dövlətlərin yaranmasında və millətlərin formalaşmasında artıq din yox, millətçilik böyük rol oynamışdır.

Bu gün biz Tunisdə, Misirdə, Liviyada dinin yenidən müəyyən qüvvələrin hakimiyyətə gəlməsinə kömək edən çox rahat siyasi alətə çevrilməsinin şahidiyik. İndi isə bu, Suriyada tətbiq olunur.
Şah İsmayıl dövlətin başında durduğu bütün illərdə praqmatik olmuşdur. Bütün Azərbaycanı və İranı birləşdirməyi qarşısına məqsəd qoyan Şah İsmayıl lap əvvəldən türk tayfalarının hərbi dəstəyinə arxalanırdı. Türk əsilli olması ona Azərbaycan türklərinin Əfşar, Qacar, Ustac, Şamlu və digər tayfalarının dəstəyi və köməyindən bəhrələnməyə imkan vermişdi. Bu tayfalar Şah İsmayılı özlərinin əsl başçısı sayırdılar.
Səfəvilərin hakimiyyətini möhkəmləndirən bu cür siyasət nəinki digər ölkələri regional ekspansiyadan çəkindirir, hətta Osmanlı imperiyasının daxili sabitliyinə ciddi təhdid yaradırdı. Müasirlərinin sözlərinə görə, Şah İsmayıl klan və tayfa başçılarının əhval-ruhiyyəsi və maraqlarından məharətlə istifadə edir, tez-tez onların türk düşüncəsini xatırladırdı. Məhz dövlət maraqlarını dərk etməsi, onu fəaliyyətə sövq edir və bu prosesdə həmin maraqlar həyata keçirilirdi. Şah İsmayılın xalqın və dövlətin həyatının bütün tərəflərini əhatə edən fəaliyyəti xalqın öz köklərini dərk etməsinə, dayanıqlı etnik kodun və mədəni identikliyin formalaşmasına kömək edirdi. Prinsipcə bu, suverenliyini və müstəqilliyini yenicə qazanmış dövlətdə qanunauyğun haldır. Lakin dağınıq cəmiyyəti vahid ideya ətrafında birləşdirmək üçün lider dühası tələb olunur.

Şah İsmayılın strateji məqsədi dövlət maraqlarını müdafiə etmək idi. Dövlətin ərazisinin yeni torpaqlar hesabına genişlənməsinə, Azərbaycan dövlətinin keyfiyyətcə yeni xarakter almasına baxmayaraq, yeni türk əyaləti deyil, öz xüsusi məqsəd və maraqları olan imperiya yaradılmışdı. Bu, vahid, mərkəzləşdirilmiş, öz etnik tarixi, ərazisi və ideologiyası, bütün zəruri dövlət atributları olan Azərbaycan dövləti idi və təsir dairəsi uğrunda rəqabət aparan qonşularla münasibətlərdə özünü göstərməyə bilməzdi.

Qızılbaş ordusunun Yaxın Şərqdə sürətli irəliləyişini cəsarətlə Şah İsmayıl Xətainin uzağa hesablanmış planları üçün ilkin zəmini kimi qiymətləndirmək olar. Əbəs yerə deyil ki, qızılbaşların təbliğat maşını onun ətrafında şiə müsəlmanların nicatı, göylərin elçisi, sünniliyin dayağının - Osmanlı imperiyasının zülmündən qurtaran xilaskar obrazı yaradırdılar.

Bu ideoloji kontekstdə Osmanlı imperiyasının əsas rəqib kimi seçilməsi heç də təsadüfi deyildi. Səfəvilər çox gözəl başa düşürdülər ki, Yaxın Şərqdə nüfuz uğrunda mübarizədə sultan Türkiyəsi ilə toqquşma qaçılmazdır. Yalnız bircə sual qalırdı - "nə vaxt?". I Səlimin atası II Bəyazidin hakimiyyəti dövründə (1481-1512) tərəflər, müxtəlif təxribatlar istisna edilməklə, açıq toqquşmalardan yayınmağa müvəffəq ola bilirdilər. Döyüş meydanında onlar yalnız 1512-ci ildə, artıq Səlimin vaxtında üz-üzə gəldilər.
Bunu qabaqcadan duyan Şah İsmayıl Orta Asiya istiqamətində Şeybanilər dövlətinə qarşı hərbi əməliyyata başladı və bu yolla Osmanlı Türkiyəsi ilə toqquşma ərəfəsində imperiyanın arxadan təhlükəsizliyini təmin etdi.
Həmin vaxt bu iki türk fövqəldövlətinin Yaxın Şərqdə ciddi geosiyasi, ideoloji və iqtisadi maraqları var idi. İki türk imperiyasının toqquşmasını şiələr və sünnilər arasında din müharibəsi hesab edənlər kökündən yanılırlar. Həm Səfəvilər imperiyasının, həm də Osmanlı imperiyasının son məqsədi yeganə dünya dövləti olmaq idi. Bunun üçün dünya müsəlmanlarının iki əsas müqəddəs mərkəzi olan Məkkə və Mədinənin yerləşdiyi Hicazı ələ keçirmək lazım idi. Bu strateji məqsədə can atılması Çaldıran döyüşündən sonra müşahidə olunan proseslərdə də öz təsdiqini tapır. Belə ki, Osmanlı sultanı I Səlim Səfəvilər üzərində qələbə çalandan sonra, əsas qüvvələri Ərəbistan yarımadası istiqamətinə göndərmişdi. 1516-cı ildə Məmlükləri məğlub edəndən sonra o, Misiri, daha sonra Hicazın yerləşdiyi müasir Səudiyyə Ərəbistanının ərazisini istila edir. Səlim 1518-ci ildə, Məkkəni tutduqdan sonra bir vaxt monqollar tərəfindən tar-mar edilmiş Xilafətin qalıqlarını ləğv edir və özünü bütün mömin müsəlmanların xəlifəsi elan edir. Nəticədə xəlifə titulu Osmanlı sultanlarına keçir, xilafətin mərkəzi isə İstanbula köçürülür. Mərkəz yalnız XX əsrin əvvəlində Osmanlı imperiyası dağılandan sonra əhəmiyyətini itirir.

Sultanı xəlifə kimi qəbul etməkdən qəti boyun qaçıran yeganə qüvvə hətta Şah İsmayılın ölümündən sonra da şiə ideologiyasına sadiq qalan Səfəvilər idi. Bu fakt qızılbaş ideoloqlarının son anadək Məkkəni tutmaq və bununla da bütün müsəlman dünyası üzərində öz legitimliyini bərqərar və təsbit etmək ümidlərini itirmədiklərini sübut edir.
Buna nail olmağa və öz dövlətçiliyini qorumağa çalışan qatı şiələr sünniliklə bağlı istənilən meyilləri beşikdəcə boğurdular. Səfəvi sarayında ənənəvi hörmət və ehtiram göstərilən rəssamlar, şairlər, alimlər də bağışlanmırdı. Böyük Azərbaycan rəssamı və xəttatı Mir İmadın (1553-1615) faciəli taleyi Səfəvi sultanlarının prinsipial mövqeyinin kədərli və qanlı nümunəsidir. Qatı qızılbaş ideoloqları Şah İsmayıl Xətainin Azərbaycan torpaqlarını birləşdirmək məqsədi ilə bir vaxtlar ideya-siyasi platforma qismində istifadə etdiyi şiəliyə əsas ideoloji silah kimi baxaraq sonadək mübarizə aparmaq əzmində idilər.
İndi, üstündən beş yüz il keçəndən sonra, 1514-cü ildə Çaldıran döyüşünə gətirib çıxaran səbəbləri və işləri başa düşmək bizə daha asandır. Həmin münaqişə təkcə siyasi, iqtisadi və sosial maraqlar deyil, iddialı məqsədlər zəminində yaranmışdı. Osmanlı və Səfəvi dövlətləri arasında özünün geosiyasi və geoiqtisadi kulminasiya nöqtəsinə çatan rəqabət tam qarşıdurma forması almışdı. Təəssüf ki, dövlət maraqları ilə birlikdə rəqabətin bu cür kəskinliyi vahid coğrafi məkanda inkişaf edən bu iki türk imperiyasının ifrat qütbləşməsinə gətirib çıxardı və onları uzunsürən, üzücü müharibələrə sürüklədi. Bu müharibədə dövlət başçılarından hansının günahkar olmasında israr edərkən son dərəcə ehtiyatlı olmaq lazımdır. Çox güman ki, "günahkar" ortaya çıxan rəqabətdir. Bu, elə bir vaxt idi ki, dövlətlər arasında geosiyasi rəqabəti dinc vasitələrlə, danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etmək mümkün deyildi.

Onu da nəzərə almaq vacibdir ki, burada hər bir dövlətin, hətta hər bir siyasi qurumun (nəsil, tayfa, orda) öz geosiyasi sərhədlərini qonşuları hesabına durmadan genişləndirdiyi dövrdən söhbət gedir. Bu isə güclü rəqiblərlə toqquşmalara səbəb olurdu. Sərhədlər yalnız bu cür tarazlıq nəticəsində bu və ya digər dəqiqliklə müəyyən edilirdi, lakin həmişə mübahisəli olur, həmişə dəyişilirdi. Məhz bu səbəbdən siyasi qurumların hərbi münaqişəsi kimi müharibə fenomeni bəşər tarixində barışıqdan daha çox olmuşdur. Müharibə məsələlərində ən böyük mütəxəssislərdən biri olan Karl fon Klauzevisin sözlərini dəyişərək deyə bilərik ki, heç kim müharibə ilə nəyə və müharibənin özündə nəyə nail olacağını düşünmədən müharibəyə başlamır. Burada birincisi - müharibənin məqsədidir, sonuncusu - müharibənin qarşısında qoyulan məqsəddir.
Ən yeni tarix göstərdi ki, hətta uzunmüddətli sülh dövrlərində də unutmaq olmaz ki, bu, yalnız rəqabətdə olan qüvvələrin tarazlığının nəticəsidir. Buradan belə bir qənaətə gəlmək olar ki, dövlətin sərhədləri statik formalar deyil, maraqların kəsişdiyi, daxili və xarici təzyiqlərin tarazlığa gətirildiyi güc xətləridir. Bu tarazlıq pozulanda dövlətin ərazicə genişlənməsi, kiçilməsi, yaxud məhvi baş verir.

Səfəvi-Osmanlı münasibətlərinin kəskinləşməsinə digər amil - Qərbi Avropa ölkələrinin türk imperiyalarını bir-biri ilə salışdırmağa yönələn siyasəti də təsir göstərmişdir. Hər şey son dərəcə sadədir - Qərb diplomatiyası öz ölkələrini təhlükədən qorumaq üçün I Səlimin müsəlman Şərqində hökmranlığı ələ keçirmək istəyindən bəhrələnmiş və proseslərin gedişini vaxtında öz xeyrinə yönəldərək, Şah İsmayılın xarici siyasətdəki oxşar cəhdlərindən öz maraqları naminə istifadə etmişdir. Bütün dünya tarixi göstərir ki, beynəlxalq siyasətdə fəal rol oynayan dövlətlər - Osmanlı və Səfəvi imperiyaları isə o vaxt öz fəallıqlarının zirvəsində idilər - müharibə formasındakı mütəşəkkil zorakılığa ya daim hazırlaşmış, ya cəlb olunmuş, yaxud da müharibədən sonra qüvvəsini bərpa etmişlər. Əfsuslar olsun ki, etnik birliyə baxmayaraq, iki türk imperiyasının bir-birini inkar edən maraqları var idi və Avropa bundan istifadə etmək fürsətini əldən vermədi.

Çaldıran döyüşünün nəticələrindən asılı olmayaraq, Şah İsmayılın dühası, onun Azərbaycan xalqı qarşısındakı xidmətləri danılmazdır. O, həm mərkəzləşdirilmiş qüdrətli Azərbaycan dövləti qurmuş, həm də milli poeziyamızın, bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafı üçün əlverişli şəraitin formalaşmasına imkan yaratmışdır. Onun dövrü haqlı olaraq orta əsrlərdə Ön Asiya tarixində ən mütərəqqi dövrlərdən biri sayılır.

Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə (Azərbaycan dilinin dövlət müəssisələri və hərbi işdə tətbiqi də daxil olmaqla) üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdı.
Azərbaycan hər zaman öz dini dözümlülüyü və tolerantlığı ilə seçilsə də, bu keyfiyyətlər rəsmi siyasət qismində hərtərəfli təzahürünü yalnız Şah İsmayılın hakimiyyətdə olduğu illərdə tapmışdı. Məhz vahid siyasi məkana mənsubluğun dərk edilməsinin insanlarda əmin-amanlıq və öz ölkəsinə inam hissi doğurması dövlətin təhlükəsizliyi və sabitliyi üçün son dərəcə vacib idi.

Şah İsmayıl qızılbaşlığın vahid ideologiyasını yaratdı. Bu ideologiya bütün Azərbaycan türklərini o vaxt üçün öz ətrafında uğurla birləşdirdi və onlara nəhəng ərazidə siyasi dominant statusunu əldə saxlamağa imkan verdi.

Şah İsmayıl səmərəli dövlət idarəetmə mexanizmi formalaşdırdı. Həm dil baxımından, həm də xarakter etibarı ilə bu yalnız türk-Azərbaycan mexanizmi idi. Nəticədə Azərbaycan dili çox böyük sayda inzibati və hərbi terminlərlə zənginləşdi.
Şah İsmayıl irsini nəzərə alaraq indi deyə bilərik ki, Kabildən Dərbəndə qədər uzanan Səfəvilər imperiyasının səciyyəvi cəhətlərindən biri təcrid olunmağı, etnik ifratçılığı, milli və dini ədavəti qəbul etməməsidir.
Azərbaycan xalqının Şah İsmayılla təkcə böyük dövlət xadimi kimi deyil, həm də cəsur, istedadlı sərkərdə, yüksək mənəvi keyfiyyətləri hətta o vaxtlar Azərbaycana gələn Qərb diplomatlarında da heyranlıq doğuran şəxsiyyət kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə istedadı sayəsində yaranmış tarixi dövlətin varisləriyik, elə bir dövlətin ki, sonralar ərazisində bır sıra dövlətlər yaranmışdır və indi də mövcuddur.
İ.P.Petruşevski bu sübutları ümumiləşdirərək, Şah İsmayılın çox gözəl portretini yaradır. O yazır: "I Şah İsmayıl Xətainin şəxsiyyəti müasirləri tərəfindən müxtəlif cür qiymətləndirilirdi. Siyasi və dini meylindən asılı olaraq, bəziləri onun haqqında şövqlə danışır, digərləri isə ona qatı nifrət bəsləyirdilər. Belə şəraitdə müasirləri tərəfindən İsmayıla qarşı qərəzsiz münasibət gözləmək, belə bir münasibətə rast gəlmək çətindir. Lakin müasirləri onun hərbi istedadının etiraf olunmasında yekdildirlər. Tarixçi Xondəmir İsmayılın hərbi dühasını xüsusilə şişirdir... Şah İsmayılın böyük çoxtayfalı dövlət təşkil etmək uğrunda fəaliyyəti və mülki idarəçiləri seçmək bacarığı onun böyük siyasi xadim olduğunu göstərir" (И.П.Петрушевский. В книге Сборник статей по истории Азербайджана, Выпуск I, стр.242).

İndi, beş əsrdən sonra Şah İsmayılın böyük xidmətlərini (onlarsız Azərbaycanı sonrakı əsrlərdə nələr gözləyə biləcəyini söyləmək çətindir) təsdiq etmək üçün heç də hər kəs özündə cəsarət və obyektivlik tapa bilmir. Şah İsmayıl zəmanəsinin övladı idi. Bunu dərk etmək əvəzinə, Şah İsmayılda ona yaraşmayan xüsusiyyətlər axtarmaq lazım deyildir. Ən başlıcası isə o, əsl vətənpərvər idi, çox mürəkkəb, qarışıq bir vaxtda öz ölkəsini birləşdirmək və ayağa qaldırmaq üçün əlindən gələni etmişdi. Şah İsmayıl Səfəvinin timsalında biz daxili problemləri uğurla çözələyən, beynəlxalq vəziyyətdən gözəl baş çıxaran böyük dövlət lideri obrazını görürük. Sosial təcrübənin inanılmaz mürəkkəb şəraitində iti zəkasını qoruyub saxlayan, ruhdan düşməyən Şah İsmayıl hər tərəfdə siyasi hərc-mərcliyin tüğyan etdiyi bir vaxtda dövlət məsələləri, xalqın mənəvi problemləri barədə düşünür və bunları həll edir, müstəqil dövlət qurmaq ideyasını tam həyata keçirməyə ciddi hazırlaşırdı. XV əsrin sonunda feodal pərakəndəliyi vəziyyətində olan, daxili müharibələrin didib-dağıtdığı Azərbaycan, on altıncı yüzilliyin əvvəlində müsəlman Şərqində hökmranlıq üstündə qüdrətli Osmanlı imperiyası ilə uğurla rəqabət aparan dövlətə çevrilmişdi.

Şah İsmayılın obrazı təbiətin Azərbaycan xalqına necə böyük mənəvi və fiziki potensial bəxş etməsinin nümunəsi olmuşdur və olacaqdır. Biz əcdadlarımızın böyük əməlləri ilə yalnız fəxr etməklə kifayətlənməməliyik, həm də bu keyfiyyətləri itirməmək, həyatda onların bizə yol yoldaşı olması üçün əməli fəaliyyət göstərməliyik. Bunu xüsusilə yaşlı nəsli əvəz edəcək gənclər yadda saxlamalıdırlar. Haradan qaynaqlandığından asılı olmayaraq, tariximizə edilən hücumlara layiqli cavab vermək üçün ictimai rəyi səfərbər etmək çox vacibdir. Zəngin keçmişə malik formalaşmış millət olmağımızı dünyaya yalnız bu yolla bəyan edə bilərik.
Heç şübhəsiz, öz tarixi keçmişi kimi möhkəm bünövrəyə arxalanmayan xalqın gələcəyi ola bilməz. Xalqın keçmiş tarixinin məşhur obrazları, bu tarixdə böyük şəxsiyyətlərin quruculuq rolu milli "Mən"in təsdiqlənməsində mühüm amildir. Dünya tarixinin təcrübəsi göstərir ki, dövlət quruluşunun istənilən formasında əgər dövlət başçısı postuna liderlik keyfiyyətləri olan şəxsiyyət gəlirsə, bir qayda olaraq o, xalqının həyatı və inkişafında aparıcı rol oynayır. Siyasi xaos və birliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri, dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Məhz belə dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur. Siyasi düha keyfiyyətlərinin təzahürü və əsl vətənpərvərlərin qələbəsi bu deyilmi? /AzərTAc/

AzNews.az
Bağla X