Siyavuş Novruzov: “Müxalifətin çöpü əlində qalıb”

Azərbaycan parlamentinin bu gün keçirilən plenar iclasında Milli Məclisin 2013-cü il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə olunub. APA-nın məlumatına görə, müzakirələr zamanı deputat Elmira Axundova alpinizmlə bağlı qanunun qəbulunu vacib sayıb.

O bu sahənin qanunvericiliklə tənzimlənməsini zəruri sayıb. Deputat İqbal Ağazadə seçki qanunvericiliyinə dəyişiklərin edilməsinin bu sessiya ərzində müzakirə olunmasını təklif edib. O seçki komissiyaları ilə bağlı məsələyə yenidən baxmağı vacib hesab edib. YAP icraçı katibinin müavini, deputat Siyavuş Novruzov seçki komissiyaları ilə bağlı məsələnin qaldırılmasını düzgün saymayıb. Siyavuş Novruzov deyib ki, kiməsə səs verilmirsə, buna görə günahkar seçki komissiyası deyil. O, təbliğat müddətinin uzadılması barədə təklifləri də yersiz sayıb: "Cəmiyyət sizi tanıyır, mövqeyiniz də bəllidir. İkincisi, özəl telekanallar var, pulunu ödə, təbliğatını apar, bu, başqa ölkələrdə belədir. Amma hətta bizdə İctimai Televiziyada da pulsuz efir vaxtı ayrılır".

O, "Binə" Ticarət Mərkəzində, hansısa rayonda baş verən hadisənin qiyam adlandırılmasını yersiz hesab edib: "Əllərində çöp arı yuvası axtarırlar. Çöpləri əllərində qalıb. Xaricdəki ağaları ilə arı yuvası axtarırlar".

Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT sektoru ilə bağlı 3 qanun layihəsi hazırlayaraq təqdim edildiyini söyləyib. O, sosial ipotekanın daha əlçatan olmasının vacib olduğunu bildirib. Deputat Məlahət İbrahimqızı isə Hepatit-C xəstəliyi ilə bağlı xüsusi qanun qəbul edilməsini təklif edib: "Statistika bu xəstəliyin Azərbaycanda hər il artdığını göstərir. Bu, kifayət qədər maliyyə tutumlu məsələdir. Baxmayaraq ki, icbari tibbi sığorta ilə bağlı qanun qəbul edilib, agentlik yaradılıb, ancaq işlər həyata keçirilmir".

Daha sonra Milli Məclisin yaz sessiyasında qanunvericilik işlər planı təsdiqlənib. İşlər planına Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, "İctimai iştirakçılıq haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Reklam haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihələri və Rəqabət Məcəlləsinin layihəsi daxildir.

İşlər planına "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Elm siyasəti haqqında", "Memarlıq fəaliyyəti haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", o cümlədən Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında və Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri də daxil edilib.

AzNews.az