14:37
(077) 610-22-33

“Hesab edirəm ki, buna nail ola bildik” - Prezident

  • >
3 360 1 May 2017 13:52 | Siyasət

“Neft sektoru bu gün ölkəmizin həyatında çox mühüm rol oynayır və gələcəkdə də oynayacaq. Bizim təşəbbüsümüzlə icra edilən layihələr artıq çoxdan ölkə hüdudlarından çıxıb, beynəlxalq məna daşıyır”

AzNews.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında deyib.

Prezident “Əsrin kontraktı”nın artıq 20 ildən çoxdur ki, icra edildiyini vurğulayıb: “Biz bütün bu nailiyyətlərə “Əsrin kontraktı”nın nəticəsində çata bilmişik. Bu gün isə XXI əsrin kontraktı - “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Azərbaycan bu nəhəng meqalayihənin icrasında liderlik rolunu oynayır. Bu liderlik rolumuz artıq üçüncü dəfə Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının qətnaməsində də öz əksini tapmışdır. Bu layihədə iştirak edən bütün ölkələr, eyni zamanda, Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın nümayəndəlikləri qəbul edilmiş qətnamədə ölkəmizin liderlik rolunu bir daha göstərirlər, bunu təsdiq edirlər. Bu, böyük şərəfdir və böyük məsuliyyətdir. Azərbaycan nəinki ölkə daxilində enerji məsələlərinin həllində nümunə göstərir, biz regional və qlobal əməkdaşlıq baxımından da bu gün xüsusi rol oynayırıq. Bu gün icra olunan Cənub Qaz Dəhlizi Avropada ən böyük infrastruktur layihəsidir, 40 milyard dollar səviyyəsində sərmayə qoyuluşu nəzərdə tutulur. Bütün işlər qrafik üzrə gedir. Əminəm ki, gələn il biz bu layihənin ən önəmli hissəsi olan “Şahdəniz-2” və TANAP layihələrinin icrasına nail olacağıq. Ümid edirəm ki, layihənin qalan bütün seqmentləri də vaxtında icra ediləcək”.

Prezident bildirib ki, 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan layihəsi bundan sonra qaz layihələrinin icrasına gətirib çıxarıb: “Mən və Xoşbəxt müəllim yaxşı xatırlayırıq ki, bu kontraktın ərsəyə gəlməsi nə qədər çətin idi. Ulu Öndər o vaxt bizi Neft Şirkətinin nümayəndələri kimi, Hyustona ezam etmişdi. Biz orada bir aydan çox danışıqlar aparmışdıq və çalışırdıq ki, Azərbaycan dövlətinin maraqlarını tam müdafiə edək. Hesab edirəm ki, buna nail ola bildik. Gərgin, bəzi hallarda çox çətin şəraitdə keçən, bəzi hallarda qarşıdurmalara gətirib çıxaran danışıqlarda Azərbaycan çox böyük uğurlara nail ola bilibdir və bunun nəticəsində bu gün mənfəət neftinin 75 faizi Azərbaycana qalır. Baxmayaraq ki, “Əsrin kontraktı”nın bütün investisiyaları xarici şirkətlər tərəfindən qoyulmuşdur və digər bir çox önəmli məsələlər burada öz əksini tapmışdır. O cümlədən xüsusi qeyd etməliyəm ki, bizim təkidimizlə kontraktın şərtlərinə salındı ki, Azərbaycan mütəxəssislərinin sayı bütün bu kontrakt işlərində tədricən artacaq və bu gün biz bunu görürük. Əgər 1994-cü ildə mütəxəssislərimizin say nisbəti təqribən 5-10 faiz idisə, bu gün bu, 90 faizə çatıb və bütün ən çətin, ən mürəkkəb texnoloji proseslərdə bizim mütəxəssislərimiz iştirak edirlər. Ona görə “Əsrin kontraktı”nın əhəmiyyətini artıq Azərbaycan xalqı görür. Əgər o vaxt bu kontrakt imzalanmasaydı, Azərbaycana heç kim investisiya qoymazdı, biz nəhəng neft infrastrukturu yarada bilməzdik” .

Bağla X