20:25
(077) 610-22-33

Ermənilərlə dostluq: nəyin hesabına?

  • >
364 7 Fevral 2013 11:20 | Siyasət


Zahid Oruc

Çəmbərəkənd qəbristanlığı. Sovet illərində öz əllərimizlə üzərinə asfalt örtüyü çəkdiyimiz tarix. Minlərlə şəhidlərin silinməsi hesabına biz yeni imperiyadakı yerimizi möhkəmləndirməyə çalışdıq. Orda uyuyan Mehmandarov, yaxud xeyriyyəçi Musa Nağıyev silahdaşları ilə bərabər artıq Azərbaycanın sovet quruluşunun tələblərinə uyğun deyildi. Beləcə Serqey Kirovun heykəli altında əzib yox etdiyimiz keçmişlə vidalaşdıq və yerində yeni sistemin xalqlar dostluğunu vəsf edən dağüstü parklar, xiyabanlar və qardaşlıq məzarlıqları inşa etdik.

Beynəlmiləl ordunun sıralarında çiyin-çiyinə addımlayan erməni-azərbaycanlı əsgərlərinin xatirəsini vahid bir ünvanda əbədiləşdirmək üçün Şaumyandan, Kamodan başlamış marşal Baqramyana və Babacanyana qədər onlarla erməni sovet qəhrəmanlarına Azərbaycanda ucaltdığımız heykəllərin kölgəsində bütün əzəli düşmənçiliklərin arxada qaldığına özümüzü inandırmağa çalışdıq. Buna görə indi ermənilərə dostluq mesajı verdiyini bəyan edən xalq yazıçısı öz millətinə barış və sülh gətirmək üçün tutduğu yolun gələcəyini görməkdə çətinlik çəkməməlidir.

Düşmənlər arasında barış təkcə bizim aqibətimiz deyil. Lakin nəyin hesabına? Naxçıvanda on iki kilsənin ermənilərin Məkkəsi olduğunu iddia etməkləmi? Yaxud Bakıda sürü ilə gəzən millətinin ibtidai icma təfəkkürünə malik olduğunu və dəyişdirilmiş erməni evlərində dolaşan ruhların soydaşlarımıza rahatlıq vermədiyini dilə gətirməkləmi? Xeyr,əsla. Bütün düşmənçilikləri və müharibəni törətməkdə suçlanan azərbaycanlı obrazı sülhün əbədiliyinin qarantı ola bilməz. Təkcə ona görə yox ki, itirdiyimiz insanların ruhları bizi bağışlamaz, həm də ona görə ki, düşmənin qarşısındakı bu miskinlik əfv və ehtiram doğurmur, əksinə yeni işğala və qəsbkarlığa təşviq edir.

Azərbaycanın müharibə qərarına razılıq ala bilməməsi, ordunun milli etimada yiyələnmə dərəcəsi və başqa problemlər bu illər ərzində torpaqların itirilməsini ona görə rəsmiləşdirməyə imkan vermədi ki, insanlarımızın təfəkküründə ölkənin bütövlüyü ideyası həmişə yerini qoruyub saxlaya bildi. Obrazlı desək,təxəyyülündə və yuxularında Vətənini TAM görən azərbaycanlının beyni işğala məruz qalmadı. Ən modern silahlı qüvvələr belə ədəbiyyat adamlarımızın tərənnüm etdiyi ermənilərlə qardaşlıq və özümüzün olmayan torpaqlar durumunda heç nəyə qadir olmayacaq. Çünki əsgər ilk növbədə qəlbində haqq işi apardığına əmin olmalıdır ki,silaha bütün varlığı ilə sarıla bilsin.

İndi isə çoxlu titullar daşıyan ustad qələm sahibi mötəbərliklə sübut etməyə çalışır ki, Əylisdə ermənilərin müqəddəs ünvanları olub. Bu zəhərli ayələrin inkarına qalxan ziyalı da, onu rədd edən hərbçi də artıq öz minalarımızın partlamasından ziyan çəkirlər. Heç bir düşmən artilleriyası belə xaos və parçalanma doğurmazdı, nəinki ədəbi atəşlərin yerə sərdiyi insanımızın cəsədləri göz qabağındadır.

On gündür ki, hamının-hamıya qarşı savaşı gedir.Hər kəs əmin olsun ki, Ermənistanda azərbaycanlıya ehtiram göstərib heykəl qoyacaqlarsa, bunu yumşalmaya və buzların sındırılmasına deyil, gələcək yüz ilin müharibəsi üçün onu ideya-siyasi dayağa çevirmək naminə edəcəklər. Harda müsəlman görürsə, qorxan ermənilərin "daş yuxuları" yeni Böyük Ermənistanın xəyallarını daha da gücləndirəcək. Ona görə bir millətin əvəzindən günahı üstünə götürmək mahiyyətcə durduğumuz tarixi və mənəvi həqiqətləri əlimizdən almaq cəhdidir və 50 milyonluq bir toplumun indiyədək apardığı davanın hədəflərini dəyişmək təşəbbüsüdür.

Qarabağı təslim etmək, İrəvanın qədim ərazilər kimi ermənilərə mənsubluğunu ortaya qoymaq, əsrlərlə təcavüz və barbarlığı azərbaycanlıların ayağına yazmaqla sülh gözləyən nəinki ədəbiyyat adamları eləcə də siyasətçilər analoji olaraq hansı məğlub milləti bizə nümunə göstərmək istəyirlər? Ərazisinin beşdə biri zəbt olunmuş ölkənin vətəndaşı düşmənə dostluq əli uzadarmı və onu qəbul edərlərmi?

İshaq Rabinin taleyindən görk almaq istəyənlərin nəzərinə çatdıraq ki, İsrail dövlətinin qalib vəziyyəti ilə bizim durumumuz tamam əksiklik təşkil edir.Orada hökumət başçısının sülh təşəbbüslərinə güllə atanların məqsədi tamam ayrı idi. Yəhudilərin qəzəbinə səbəb Osloda imzalanmş sazişin yeni itkilərə yol açacağı qorxusuydu və sağçı ekstremistlər bunu baş nazirlərinə bağışlamadılar.

İndi Azərbaycan yazıçısı ona faşist münasibəti bəsləndiyindən şikayət edir. Mənəvi terror siyasətini düşmənçilik tərəfdarlarının apardığını söyləyir. Doğrudanmı təslimçilik aktının tərəfdarları o qədər çoxdur ki, hakimiyyət kursunu dəyişməli, qəddarlığı, təcavüzü və qana-qan prinsipini deyil, birgəyaşayışı, dinc yanaşı yaşamanı stimullaşdırmalıdır? Onda vahid dövlət və referendum prinsiplərini guya tanıdığına görə iqtidarın üzərinə ekstremistcəsinə gedənlərin qabağına niyə çıxmırsız? Onlar ki,elə həmin forumlarda və antiiqtidar barrikadalarında cəmləşiblər.

Yazıçıya tanıdığınız haqqı sülh danışıqlarını aparan dövlətin yetkililərinə də verməlisiniz. Deyin ki, qırmızı xətt "Daş yuxular"dakı ərazilərdən və onların hamısını Ermənistanınkı elan etməklə cəmi 50 min kvadrat kilometrlik torpaqlarda azərbaycanlıların müqəddəratını təyin etməkdən keçir. Götürün bu barış missiyasını və aparın Qarabağa. Orda ermənilərin ağ bayrağınıza atacaqları güllələri sizə "sülh göyərçini" olmağın aqibətini yaşadacaq. Onda görəcəksiniz ki, bu xalqa barmaq silkələyib tərcüməni qadağa edə bilsəniz də ermənilər nəinki öz, dünyanın bütün əsas dillərinə əsərinizi çevirib kitabxanaların, soyqırım mərkəzlərinin, dövlət adamlarının arxivinə ötürdükləri "yuxu"larınızın çin olmağına çalışırlar. Bunu obyektivlik mücəssiməsi olan bir azərbaycanlının tərənnümü üçün deyil, Ağdamın, Fizulinin ələ keçirilməsində xammal kimi ondan istifadəyə yararlı hesab etdiklərindən bu vasitələrə əl atırlar. Bax onda sizlərin düşmənə verdiyi bu mərmilər bizi daha yaxşı nişangaha çevirəcək və on illərlə qurduğumuz qalanı dağıdacaq. Onda biləcəksiniz ki, millətini məğlub edib, alçaldıb və vandalizmi öz boynuna götürüb bu bölgədə əmin-amanlıq yarada bilməzsiniz. Verə biləcəksinizmi onda kitabınızı tərcümə edən Sarkisyanı məhkəməyə? Siz romanın orijinal müəllifliyinə uzanan əllərə hüquq davası açarkən, millətinin də torpaq mülkiyyətinin beynəlxalq məhkəməsinə "dur" deyə bilməzsiziniz. Unutmayın ki, ədalətsiz sülh yeni toqquşmalar və fəlakətlər doğuracaqdır.

Niyə 30 min erməninin paytaxtımızda yaşamasına dözən Azərbaycan Əkrəm Əylislini linç etməyə ayağa qalxır. Ona görə yox ki, millət dözümsüz və yad fikirliliyə qapalıdır, yaxud kütlənin patriotik hisslərinin istismarı üçün göydəndüşmə meydan açılıb. İddia etdiyiniz kimi olsaydı insanların hiddətindən çoxdan daş-qalaq olmuşdunuz. Kütlələrin nifrətini dövlətin təşkil etməyinə yox, qarşısını aldığına əmin olsanız biləcəksiniz ki, dünya bizi ermənipərəstlik edənin orden və medallarını əlindən almaq, onu qovmaqla hədələyəcək qədər natamamlıq kompleksindən əziyyət çəkən toplum kimi qiymətləndirə bilməyəcəkdir. Çünki taliblərə, əl-qaidəçilərə güzəştsiz olan Qərbin bizdən işğala tolerantlıq ummağa haqqı ola bilməz. Bu təhqirə, saxtalaşdırmaya, iftira və böhtana hayqıran insanların səsidir. Dünya bizləri barmaqla göstərib suçlandıranda ki, erməni sözü Azərbaycanda təhqirə bərabər tutulur, onda bütün aləmə göstərməyə bir sənəd var.O da Ermənistanın Konstitusiyasıdır. Açın oxuyun və milləti suçlandırmayın.

İndi ermənilərin yuxusu daha haraları görürsə,bunu sabah dərimizdə hiss edəcəyik. Bizə daş, yoxsa başdaş kimi yuxularından danışan ziyalımız Xocalını dostu Hrant Matevosyanın övladlarının qələmə alacağına ümid bəsləyib iki yüzillik müharibənin bitəcəyini gözləyir. Halbuki ermənilər Xocalını üzərinə götürəcək şəxsi anındaca yer üzündən silər və faşist damğasından qorxmazdılar.
Fransızlarla almanlar arasında Roma imperiyası dövründən Strasburq ətrafında gedən savaşların yekununda əldə olunmuş sülh şərtlərini araşdıran yazıçılarımız üçün bu ermənilərlə birgə yaşamanın yolunu təslimçilikdə görməyə əsas ola bilməz.

Çəmbərəkənddə basdırılan cəsədlərdən qurtulmaq mümkün olmadığı kimi Şəhidlər Xiyabanından da yan keçib sülh sazişi imzalamaq ölümə varislilk demək olacaqdır. Çünki qəbirlər də canlılar kimi irsi davamlılığı "sevirlər". Minsk qrupu "xalqınızı sülhə hazırlayın" tələbini edərkən məhz bunu nəzərdə tutur. Halbuki Şuşasız və digər müqəddəs məkanlarımız olmadan bu millətin varlığı sual altındadır. Bilirsinizmi niyə?

Sizlərə kor bir ermənin diliylə cavab verməkdən böyük əzab olmasa da buna məcburam. Azərbaycanlı qələm adamının 3 il öncə İrəvana səfəri zamanı evlərini ziyarət etməsi və yaşadığı sarsıntılar fonunda yeganə bir nişanə kimi babalarının divardan asılmış xalçasını götürmək istəyinə göz işığından məhrum erməninin cavabı belə olmuşdu: "Bəs üstündəkini hara vurum"?

Xalçanın üzərində isə Qarabağda məhv olunmuş oğlunun şəkli asılıbmış!

Lakin mən bu müqayisə ilə heç bir azərbaycanlının dırnağını belə kor erməniyə dəyişmək istəmirəm! Onun yuxusu necə olsa da!
Bağla X