XİN-in mətbuat xidmətinin rəhbəri Portuqaliyanın “Diario de noticias” portalına müsahibəsində Ermənistanın işğalçılıq siyasətindən danışıb XİN-in mətbuat xidmətinin rəhbəri Portuqaliyanın “Diario de noticias” portalına müsahibəsində Ermənistanın işğalçılıq siyasətindən danışıb

Ermənistan yeganə monoetnik ölkədir - Hikmət Hacıyev

XİN-in mətbuat xidmətinin rəhbəri Portuqaliyanın “Diario de noticias” portalına müsahibəsində Ermənistanın işğalçılıq siyasətindən danışıb

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Portuqaliyanın “Diario de noticias” portalı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müsahibəsini dərc edib.

Hikmət Hacıyev müsahibəsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə danışıb. XİN rəsmisi deyib ki, Ermənistan kənar güclərdən də istifadə edərək işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə aparıb və təxminən bir milyondan artıq azərbaycanlı yurdundan didərgin salınıb. Təəssüf ki, atəşkəs rejiminə baxmayaraq bu gün də güllə yağışı səngimək bilmir və bu da insan itkisinə səbəb olur. Ermənistanın etməli olduğu ilk iş hərbi qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqdır.

Hikmət Hacıyev qeyd edib ki, münaqişənin həlli üçün ilk növbədə işğal faktına son qoyulmalı və Azərbaycanın işğal altındakı torpaqları qeyd-şərtsiz azad edilməlidir. Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz və tam şəkildə Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın hazırda Dağlıq Qarabağda yaşayan erməni əhalisi ilə dialoq problemi yoxdur, lakin bunun reallaşması üçün Ermənistan hərbi qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır. Məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlılar da öz tarixi yurd-yuvalarına qayıtmalıdırlar.

Mətbuat xidmətinin rəhbəri deyib ki, beynəlxalq hüquqa əsasən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan da anlamalıdır ki, bu feodal qaydalar XXI əsrdə yolverilməzdir. Ermənistan ona aid olmayan əraziləri işğal edib, həmin ərazilərdə etnik təmizləmə aparıb, mülki əmlakı dağıdıb və ondan sonra bunun nəticələrini öz müqəddəratını təyinetmə kimi təqdim edir. Bu, yolverilməzdir. Əgər Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərini tərk edərsə, Azərbaycan Dağlıq Qarabağa öz sərhədləri daxilində yüksək muxtariyyət statusu verə bilər.

Jurnalistin “Ermənistanda belə bir fikir formalaşıb ki, Azərbaycan tərəfinin nifrəti çox böyükdür. Siz bunu necə şərh edərdiniz?” sualına Hikmət Hacıyev belə cavab verib: “Məsləhət görərdim ki, Ermənistanda orta məktəb dərsliklərinə baxasınız. Siz orada ksenofobiya və nifrətin ən ifrat təzahürlərini görəcəksiniz. Ermənistan dünyada yeganə monoetnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi şəkildə aparılıb. İki il əvvəl Ermənistan prezidenti Serj Sarkisyan demişdi ki, ermənilər və azərbaycanlılar etnik baxımdan uyğunsuzdurlar. Bu, artıq irqi ayrı-seçkilik xarakterli bəyanatdır”.

Azərbaycanın Dağlıq Qarabağı hərb yolu ilə geri qaytarmaq ehtimalına dair suala cavabında XİN sözçüsü deyib ki, əlbəttə, münaqişənin sülh yolu ilə həlli imkanları tükənməyib. Bununla bərabər, bütün dünya dövlətləri kimi Azərbaycanın da özünü müdafiə etmək hüququ var.