09:54
(077) 610-22-33

Hakimiyyət müxalifətin ABŞ səfiriylə görüşündən narahatdır

  • >
325 28 Fevral 2013 16:41 | Siyasət

Aydın Mirzəzadə: “Səfirin müxalifət liderləri ilə qapalı şəkildə hansısa məsləhətləşmələr keçirməsi xeyli suallar yaradır”



Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bir sıra müxalifət partiyalarının liderləri ilə görüşüb.

Müxalifət nümayəndələrinin verdiyi məlumata görə, ABŞ səfirinin dəvəti ilə keçirilən görüş zamanı Azərbaycanda insan haqları, korrupsiya halları, həbsdə olan siyasi partiya funksionerləri, iqtidar-müxalifət münasibətləri, prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Toplantıda İsmayıllı hadisələri ilə əlaqədar saxlanılan şəxslərin, o cümlədən "REAL" Hərəkatının sədri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov və bu qurumun üzvlərinin həbsləri müzakirə edilib.

Görüşlə bağlı AzNews.az-ın sualını cavablandıran YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə hesab edir ki, xarici ölkə səfirlərinin qapalı şəkildə müxalifət nümayəndələri ilə görüşü olduqca həssas məsələdir: "Bir var, diplomatik qəbullar, hansısa məsələ barəsində fikir mübadiləsi, bir də var ki, xarici ölkə səfirinin Azərbaycanda müxalifət liderləri ilə qapalı şəkildə hansısa məsləhətləşmələr keçirməsi. Bu Azərbaycanda narahatlıq və xeyli suallar yaradır. Çünki daxili məsələlərin, hakimiyyət uğrunda mübarizə prosesinin xarici ölkələrin Azərbaycandakı təmsilçiləri ilə müzakirəsi düzgün qəbul edilmir. Çox təəssüf ki, ABŞ səfirliyində bu praktikaya geniş yol verilir. Müxalitətlə ya fərdi, ya da qrup şəklində görüş keçirilir və həmin görüş barəsində Azərbaycan cəmiyyətinə heç bir məlumat verilmir".

A.Mirzəzadənin sözlərinə görə, bu tipli görüşlər barədə cəmiyyətə məlumat verilməməsi də müəmma doğurur: "Əgər bu sadəcə diplomatik etiketdirsə, niyə məhz müxalifət nümayəndələri ilə görüşlər keçirilir. Yox əgər burada hansısa mühüm məsələ müzakirə olunursa, niyə onun məzmunu ictimaiyyətdən gizlədilir?"

Gültəkin
AzNews.az



Bağla X