21:27
(077) 610-22-33

Partiya sədrləri Saakaşvilinin “çevriliş xəbərdarlığı” haqda nə düşünür?

  • >
260 2 Mart 2013 12:06 | Siyasət

Fazil Mustafa: "Gürcü prezident əsaslandırılmış fikir deyir"

İqbal Ağazadə: "Rusiyanın Cənubi Qafqazdan konkret istələri var"

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycan səfəri başa çatdıqdan sonra Tiflis aeroportunda jurnalistlərə sensasiya doğuran açıqlama verib. Onun "Rusiya iş adamları Söyün Sadıqov və Vahid Ələkbərov vasitəsiylə Azərbaycanda çevriliş hazırlayır" fikri Azərbaycanda birmənalı qarşılanmayıb.

Politoloq Vəfa Quluzadə deyib ki, Saakaşvili prezident İlham Əliyevlə təkbətək görüşdə bunu deyə bilərdi. Amma bunu mətbuatda səsləndirməsinin arxasında bir sıra məsələlər dayana bilər.

Məsələylə bağlı Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa AzNews.az-a deyib ki, Saakaşvilinin belə bir bəyanatla çıxış etməsində əsasasən Azərbaycan və Gürcüstan üçün ciddi təhlükənin varlığını vurğulamaq dayanıb: "Hər halda Saakaşvilinin informasiyası kifayət qədər genişdir. Məncə, gürcü prezident əsaslandırılmış fikir deyir. Ona görə də Azərbaycan cəmiyyəti bu məsələlərə hazır olmalıdır".

Səfər başa çatdıqdan sonra belə fikirlər səsləndirməsinin səbəbinə gəlincə, F.Mustafa qeyd edib ki, məqsəd gözlənilən təhlükələrin detallarını dəqiqləşdirmək olub: "Görünür, Azərbaycanda fikir mübadiləsi zamanı əldə etdiyi informasiyaların detallarını özü üçün daha da dəqiqləşdirib"
"Saakaşvili məlumatsız adam deyil. Cənubi Qafqazın Qərbə inteqrasiya olunmasında xüsusi rolu və yeri olan bir adamdır". Bu fikirləri isə, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib.
Onun fikrincə, gürcü prezidentin açıqlamaları həm daxili, həm də beynəlxalq aləmdən aldığı məlumatlara, kəşfiyyat materiallarına əsaslanmış məlumatdır. Buna baxmayaraq, Ümid sədri hesab edir ki, verilən bəyanatda yeni nəsə yoxdur: "Hələ keçən ilin avqustunda mən bununla bağlı müsahibələrimdə ardıcıl olaraq mövqeyimi ifadə etmişdim. Təəssüflər olsun ki, bunlar təsdiqini tapır. Rusiyanın Cənubi Qafqazdan konkret istələri var. Cənubi Qafqazı özünə tabe etmək, onu idarə etmək və içərisində yer alaraq özünün möhkəm qalasına çevirmək istəyir. Bu gün Gürcüstan hakimiyyətinin bir qolu, Azərbaycan hakimiyyətinin əhəmiyyətli bir hissəsi Rusiyanın bu planları ilə razı deyil və Qərbin yanında yer almaqda daha maraqlı görünür".

İ.Ağazadənin sözlərinə görə, Azərbaycan hakimiyyətinin əhəmiyyətli hissəsinin gücü ölkəni Qərbə doğru aparmaqdır: "Rusiya ənənəvi metodlardan istifadə edir. Etnik milli konfliktlər vasitəsi ilə regiona girməyi düşünür. Buna görə də Azərbaycan hökuməti və müxalifəti ciddi düşünməlidir".

Gültəkin
AzNews.az





Bağla X