04:06
(077) 610-22-33

Əli Əliyev: “Müxalifət vahid namizədi kənarda axtarmalıdır”

  • >
325 6 Mart 2013 13:40 | Siyasət

“Bəziləri Moskvanın layihəsində rol almaq üçün fəallıq göstərir”



Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyevin AzNews.az-a müsahibəsi



- Əli bəy, siyasi düşərgə layiqli vahid namizəd axtarışına çıxıb və hamı da özünü görür bu statusda...

- Mənə elə gəlir ki, bu 2013-cü il reallıqları üçün səhv yanaşmadır. Əvvəla Azərbaycanda vahid namizədliyə layiqli namizəd bəlkə də çoxdur. Amma layiqlilik həm də siyasi baxımdan imkanlara söykənməlidir, layiqli namizəd olmaqla yanaşı, vahid namizəd digərlərindən hansısa göstəricilərinə görə də fərqlənməlidir. Mən istərdim ki, müxalifət 2013-cü ildə vahid namizəd məsələsinə fərdi baxımdan axtarış həyata keçirməsin, məsələni də belə qoymasın.

- Konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Məsələn, kriteriyaları təxminən belə müəyyənləşdirmək olar. Vahid namizəd seçkinin maddi təminatını öz üzərinə götürmək baxımından, daha güclü təşkilati struktura malik olmaq nöqteyi-nəzərdən, cəmiyyətdə birmənalı şəkildə daha nüfuzlu keyfiyyətə malik olmaq göstəriciləri ilə digər namizədlərdən üstün olmalıdır.

- Qeyd etdiyiniz parametrlərə uyğun siyasətçi varmı və səmimi olaraq siz bu statusda kimi görürsünüz?

- Siyasilər arasında vahid namizəd axtarışı 2013-cü il üçün ona görə uğursuzdur ki, heç bir namizəd sadaladığım keyfiyyətlər, hətta bir sıra digər parametrlərə görə də fərlənmir. Daha uğurlu formul müxalifətin vahid masasını formalaşdırmaqdır. Ola bilər, siyasilər, ola da bilər neytral şəxslərdən biri məhz müxalifətin birliyi tərəfindən bu statusa layiq görülsün və müxalifət partiyalarının imkanları həmin namizədin təbliğat kampaniyasına yönəldiltin. Təbii ki, həmin şəxs bulaşmamış reputasiyaya malik olmalı, öz nüfuzu ilə seçilməlidir. Bu adam siyasi də, qeyri-siyasi də ola bilər. Daha yaxşı olar ki, müxalifət vahid namizədi öz sırasından deyil, kənardan tapmağa nail ola bilsin. Əks halda müxalifət təşkilatları arasında onsuz da soyuq olan münasibətlər bir qədər də soyuyacaq və biz vahid namizəd məsələsində heç bir razılığa gələ bilməyəcəyik. Onu da əlavə edim ki, müxalifət təşkilatlana bilməsə və bu seçkidə vahid namizədlə çıxış edə bilməsə hakimiyyətin namizədinin şansı qat-qat yüksələcək.

- Vahid namizədin kənarda axtarılmasını zəruri sayırsınız. Nəzərdə tutduğunuz konkret şəxs varmı?

- Mən kənar deyəndə təbii ki, hansısa kənar ölkəni nəzərdə tutmuram, qeyri-siyasi müstəvidə namizəd axtarışını nəzərdə tuturam. Təbii ki, müxalifət sırasında belə adam tapmaq mümkündür, ancaq siyasilər arasında axtarış müxalifətin birləşməsinə deyil, bir-birindən daha da uzaqlaşmasına gətirib çıxaracaq. Ona görə də vahid namizədi axtarışını siyasi müstəvidən kənarda qeyri-siyasi obrazlı şəxslər arasında aparmaq məqsədəuyğundur.

- Belə bir təssürat yaranır ki, indi vahid namizədin müəyyənləşməsindən çox, real namizədin sıradan çıxarılması istiqamətində mübarizə gedir. Yəni hakimiyyət namizədi ilə rəqabət mübarizəsi arxa plana keçirilib...

- Bir sıra siyasətçilər Azəbaycan və onun ətrafında baş verən hadisələrin 2013-cü ildən sonrakı dövrə təsadüf edəcəyini düşünürlər. Yəni, mənə elə gəlir ki, siyasi mühitdə olan durğunluğun 2013-cü il seçkiləri ilə əlaqəli olmadığı qənaətindədirlər. Ona görə də daha çox uğur formulu ətrafında deyil, şəxsi və partiya, zümrə maraqları uğrunda mübarizə qabarır. Bu süni də ola bilər, kənardan da stimullaşdırıla bilər. Əminəm ki, hakimiyyət bu istiqamətdə mütləq "5-ci kalon"dan istifadə edir və çalışır ki, kimlərisə bu prosesdə önə çıxarsın, süni rəqabət təşkil etsin, müxalifətin təşkilatlanma məsəsləsi də arxa plana keçirilsin. Digər bir tərəfdən kimlərsə öz qənaətlərinə görə düşünsünlər ki, Azərbaycanda 2013-cü ildə heç nə baş verməyəcək. Ona görə də onlar 2015-ci il parlament seçkiləri zamanı ehtimal olunan dəyişiklik dalğasına hazırlaşmaq, özlərini qorumağı daha məqsədəuyğun sayırlar. Amma son hadisələr göstərir ki, daha bir ehtimal qabarmağa başlayır.

- Hansı ehtimaldır o?

- Rusiya-Azərbaycan hökumətləri münasibətlərində problemli dönəm yaşanır. Bizim siyasətçilər də Azərbaycanın "Avrasiya ittifaqı"na sürüklənməsi məsələsindən yararlanmaq istəyirlər. Hakimiyyət isə açıq şəkildə olmasa da hələlik üstüörtülü olaraq Kremlin planına yox deyir. İstisna deyil ki, Putin Administrasiyası Azərbaycanın daxilində fəallıq nümayiş etdirir və bir qrup hesab edir ki, bu yeni dalğa onları uğura apara bilər. Ona görə bəziləri vahid namizədin müəyyənləşməsi istiqamətində aktiv deyillər. Onlar daha çox Moskvanın layihəsində rol almaq üçün fəallıq göstərirlər.

Gültəkin
AzNews.az

Bağla X