İnsanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 26 il keçir. İnsanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 26 il keçir.

Bəşəriyyətin dəhşətli qan yaddaşı - Xocalı soyqırımı

İnsanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 26 il keçir.

1992-ci ilin bu günü, qanlı-qadalı fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətdilər. Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı bəşər tarixində XX əsrin ən dəhşətli faciələrindən biridir.

Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək

Dinc, silahsız xocalılılara bir gecənin içində amansız divan tutuldu. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak oldu. Yüzlərlə insan yaralandı, ciddi xəsarət aldı, şikəst oldu, əsir düşdü. Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu.

Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olmuşlar. Vəhşi ermənilər tərəfindən şəhər qana bələnmiş, viran edilmişdir. Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər odlu silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstərdilər. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od içində çəkdikləri kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri iliyinədək sarsıdır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır.

26 fevral xalqımızın qan yaddaşı, mübarizlik, qəhrəmanlıq, rəşadət tarixidir

Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.

Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Artıq 26 fevral xalqımızın qan yaddaşı, mübarizlik, qəhrəmanlıq, rəşadət tarixidir. Bizə dədə-baba əmanəti olan doğma torpaqlarımız uğrunda şəhidliyə ucalmaq məqamıdır.

O gün Xocalı sakinləri sübut etdilər ki, uğrunda qan tökülən torpaq - vətəndir

Tarixi faktlar göstərir ki, XIX və XX əsrlərdə belə faciələr daha çox olmuşdur. Bu qanlı hadisələrin əksəriyyəti insan mənəviyyatından uzaq iyrənc bir ideologiyanın əsirinə çevrilmiş, xalqımızın düşməni olan ermənilər tərəfindən törədilmişdir. XIX əsrdə məqsədli şəkildə Qafqaza yerləşdirilmiş ermənilərin tarixi torpaqlarımızın zəbt olunmasına hesablanmış siyasətindən regionda maraqları olan işğalçı qüvvələr zaman-zaman istifadə etmişlər. Azərbaycan xalqı həmişə öz istiqlalına can atanda, müstəqilliyi uğrunda mübarizə aparanda bu qüvvələr ermənilərdən bir vasitə kimi istifadə etmiş, Azərbaycanda soyqırımı törətmiş, xalqımıza qarşı deportasiya siyasətini həyata keçirmişlər. Tarix XX əsrin sonunda da təkrar olunmuş, xalqımız özünün istiqlal mübarizəsində 20 Yanvar faciəsini yaşamış, bundan iki il sonra törədilən Xocalı soyqırımı qan yaddaşımıza əbədi həkk olunmuşdur.

Xocalı soyqırımı öz miqyasına görə XX əsrin Xatın və Sonqmi faciələri ilə bir sırada dayanır. Bu, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı birinci dəfə 1905-ci ildə, sonra isə 1918-ci ildə yandırılmışdır. Nəhayət, 1992-ci ildə Xocalıda üçüncü dəfə daha qanlı, daha dəhşətli faciə törədilmişdir.

Məqsəd həm də azərbaycanlılara məxsus bu mədəniyyəti yer üzündən silmək idi

Ciddi strateji əhəmiyyət daşıyan Xocalı faktiki olaraq ermənilərin yolu üstündə böyük bir maneə idi. Xocalı öz coğrafi mövqeyi ilə Dağlıq Qarabağda həm magistral yolun, həm də dəmir yolunun üstündə yerləşir. Dəmir yolu Xocalının içindən keçirdi, hava limanı da burada idi. Ona görə də ermənilər hər vəchlə Xocalının əhalisini didərgin salmağa, məhv etməyə və bu ərazini ələ keçirməyə çalışırdılar. Onlar Xocalı şəhərini hədəfə almaqla Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, Qarabağı yalın əllə olsa belə, müdafiə edən, öz ata-baba yurdlarını qoruyan azərbaycanlıların iradəsini sındırmaq istəyirdilər.

Tarixən azərbaycanlılara məxsus olan Xocalı həm də tarix məbədgahı idi. Xocalı o yaşayış məskəni idi ki, Azərbaycan tarixinin qədim dövrlərdən müasir dövrə qədərki mərhələsini özündə əks etdirirdi. Tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşən zəngin mədəniyyət məhz burada təşəkkül tapmışdı. Bu ərazi siklopları, kurqanları və digər abidələri ilə Azərbaycanın qədim tarixini yaşadırdı. Deməli, məqsəd həm də azərbaycanlılara məxsus bu mədəniyyəti Yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal edilən kimi onun ətrafında olan qədim Xocalı qəbiristanlığı darmadağın edilmişdir.

"Ölülərin üzərindən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: Qorxma, ürəklə keç!.."

Xocalı 1991-ci ilin oktyabr ayından blokadaya alınmışdı Xocalı. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsildiyindən yeganə nəqliyyat vasitəsi olaraq vertolyotdan istifadə edilirdi. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun ermənilər tərəfindən vurulması və nəticədə, 40 nəfərin həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi. Şəhər ancaq əhalinin və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi üçün yerli özünümüdafiə dəstəsi təşkil edilmişdi.

Bu gün dünya ictimaiyyətinə məlumdur ki, Xocalı faciəsindən 3-4 gün sonra, 1-3 mart 1992-ci ildə 200-ə yaxın azərbaycanlı əsir ermənilər tərəfindən dəhşətli şəkildə qətlə yetirilmişdir. Xocalı qətliamının icraçılarından biri olan David Xeyreyan “Xaç naminə” kitabında etiraf etmişdir ki, “fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid körpü düzəltdilər. Mən ölülərin üzərindən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: “Qorxma, ürəklə keç! Bu hal müharibənin qanunlarından biridir”. Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üzərindən adlayıb bataqlığı keçdim... Ayaqlarım və fotokameram qana batmışdı”.

“Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür”. Bu məlumat Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinə məxsusdur.

Bu xalqın Mübariz İbrahimov, Çingiz Qurbanov kimi oğulları var

Xocalıda istifadəsi qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilməsi də həmin mərkəzin məlumatında öz əksini tapmışdır. Bütün bu faktlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.

Soyqırımın şahidi olmuş rus zabiti, polkovnik V.R.Saveleyev hadisə ilə əlaqədar hazırladığı arayışda yazırdı: “İnsanların güllədən keçirilmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Yazdığımız məxfi arayışı Kremlə və Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinə göndərdim və “oxuyun, görün biz rus zabitlərinin şərəfi necə ləkələndi”, – dedim”.

Ancaq həmin “əzabkeş və məzlum millət” iki il əvvəl aprel hadisələrini yəqin ki, unutmayıb. Bu xalqın Mübariz İbrahimov, Çingiz Qurbanov kimi oğulları var. Ali Baş Komandanın bircə tapşırığı kifayətdir ki, əsli-kökü olmayan ermənilər əzəli Azərbaycan torpaqlarından çıxarılsın. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər ötən hər gün bu problemin həllində öz sözünü deyir, bizə o torpağa qayıdacağımız günü yaxınlaşdırır. Xalqımıza məxsus olan yüksək vətənpərvərlik ruhu, yurda bağlılıq, torpaqlarımızın hər qarışına və ölkəmizin sabahına, ərazi bütövlüyümüzə cavabdehlik hissi, hər bir azərbaycanlının damarlarında axan qan o günün uzaqda olmadığına inamımızı daha da artırır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Tədbirlər planında bu gün Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələrində qanlı qırğını əks etdirən materialların yayılması nəzərdə tutulub. Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər soyqırımına həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, respublika ərazisində dövlət bayraqları endiriləcək.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description