15:50
(077) 610-22-33

"Gəncədə baş verən hadisələr heç də təsadüfi deyil" - Yunus Oğuz

  • >
1 274 11 İyul 20:28 | Siyasət

"Azərbaycanın inkişafını istəməyən qüvvələr ölkədə xaos, anarxiya yaratmaq istəyirlər"

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu yazıçı-publisist Yunus Oğuz deyib.

Y.Oğuz bu günlər ölkədə, xüsusilə Gəncə şəhərində baş verən hadisələrə toxunaraq cərəyan edən proseslərin heç də təsadüfi olmadığını diqqətə çatdırıb:

"Burada xarici qüvvələrin də əli var. Eyni zamanda daxildə də bəzi şəxslərin və qrupların bu hadisələrdə marağı var. Həmçinin xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qrant alaraq ölkəmizə qarşı çıxanlar bu proseslərdə maraqlıdırlar. Bu hadisələrin baş vermə zamanı da kifayət qədər diqqət çəkir. Belə ki, TAP və TANAP-ın özülü qoyulur, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi möhtəşəm şəkildə qeyd edilir. Eyni zamanda Azərbaycan qaz ehtiyatlarının xarici bazarlara çıxarılmasında aparıcı mövqeyə sahib olan ölkəyə çevrilir. Bu zaman da Azərbaycanın inkişafını istəməyən qüvvələr ölkədə xaos, anarxiya yaratmaq istəyir, dövlətimizi Suriyaya çevirməyi hədəfləyirlər. Yəni bütün bunlar qabaqcadan düşünülmüş, planlaşdırılmış hadisələrdir".

O, əlavə edib ki, bu hadisələr Gəncə yox, başqa bir şəhərdə baş verə bilərdi: "Tamamilə mümkün idi. Amma ssenari Gəncə üçün qurulmuşdu. Guya bu da dinlə bağlıdır. Əslində burada heç bir din amili yoxdur. Sadəcə 150-200 nəfər kəsici-deşici alətlərlə küçələrə çıxaraq polisə hücum edib və iki polis zabitimizi qətlə yetirib. Bunların əsas məqsədi ölkədə xaos yaratmaq idi. Ancaq cəmiyyətimiz hər zaman olduğu kimi, bu dəfə də dövlətimizin yanında oldu və onu müdafiə etdi. Ölkədə xaos, anarxiya yaratmaq istəyənlərə fürsət vermədi, onlara dəstək nümayiş etdirmədi".

O qeyd edib ki, hüquq-mühafizə orqanları bu dəfə də dövlətçiliyi hədəf seçənləri zərərsizləşdirməyə nail olacaqlar:

"Buna heç bir şübhə olmamalıdır. Çünki bu gün Azərbaycan dövləti çox güclü, qüdrətlidir. Hüquq-mühafizə orqanlarımız istənilən qeyri-qanuni addımların qarşısını alacaq, cəmiyyətimizdə sabitliyi, ictimai asayişi bərpa edəcək. İstənilən təxribat, sabitliyi pozmağa yönəlik cəhdin qarşısı qətiyyətlə alınmalıdır. Azərbaycanda xaos, anarxiya yaratmaq olmaz. Həmin xoşagəlməz prosesləri, anarxiyanı 90-cı illərdə görmüşük. Məhz həmin xaos, anarxiya nəticəsində nə qədər torpağımızı itirdik. Bu gün elə bir situasiya yetişib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində bizim üçün fürsət yaranıb və addım-addım irəliləyərək torpaqlarımızı işğaldan azad edirik. Görünür, bu da kimlərisə narahat edir, Azərbaycanın öz torpaqlarını azad etməsini istəmirlər. Rusiyalı diplomatlar Azərbaycana gəlir və Cocuq Mərcanlıya gedərək orada açıq şəkildə bəyan edirlər ki, Qarabağ Azərbaycanın ərazisidir. Artıq bu istiqamətdə iş gedir və bunu da istəməyən qüvvələr belə cəhdlər edir, təxribatlar törədirlər. Bir sözlə, ölkədə ictimai-siyasi sabitliyi pozmaqla həm Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, həm ölkəmizə investisiya qoyuluşunun qarşısını almaq, həm də xarici turistlərin Azərbaycana səfər etməsinə maneçilik törətmək istəyirlər. Azərbaycanı zəiflədib öz bildikləri kimi idarə etmək niyyətləri güdülür. Sevindirici haldır ki, Azərbaycan dövləti bunu qarşısını sərt şəkildə aldı".

Y.Oğuz deyib ki, müəyyən qüvvələr Azərbaycanda anarxiya yaranmasını və bundan da öz xeyirlərinə istifadə etmələrini istəyirlər: "Onların da kimlər olduğunu hər kəs bilir. Xaos yaranmasını istəməyən, Azərbaycanın güclü, qüdrətli olmasını istəyən hər bir şəxs, təşkilat, siyasi partiya dövlətin yanında olmalıdır".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bağla X