07:34
(077) 610-22-33

"ATƏT işğalçı dövlətin nazı ilə oynamamalıdır" - Millət vəkillərindən açıqlama

  • >
101 14 Sentyabr 16:15 | Siyasət

Sentyabrın 12-də Azərbaycanda səfərdə olan ATƏT-in baş katibi Tomas Qreminger Prezident İlham Əliyev və digər ölkə rəsmiləri ilə görüşdü. Səfər çərçivəsində bir çox sahələr üzrə, eyni zamanda, ölkəmiz üçün yeganə önəmli məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqqında da geniş müzakirələr aparıldı.

Milli Məclisin deputatları Elman Nəsirov və Aydın Mirzəzadə ilə əlaqə saxlayaraq səfərin əhəmiyyəti ilə bağlı fikirlərini öyrəndik.

“ATƏT-in baş katibi ilə münaqişənin son vəziyyəti ilə bağlı müzakirələr aparılması, real vəziyyətin qiymətləndirilməsi olduqca çox vacib məsələdir” deyən Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, bu görüşdə Prezident İlham Əliyev ilk növbədə baş katibin nəzərinə çatdırdı ki, Ermənistanın baş naziri Nikol Paşinyan ilk günlərdən ziddiyyətli bəyanatlar verir, hətta o, danışıqlarda qondarma “Dağlıq Qarabağ respublikası”nın bir dövlət kimi iştirak etməli olduğunu iddia edir. Bu, bizim üçün qəbuledilməzdir: “Məsələnin bu cür qoyuluşu onu göstərir ki, Paşinyan bu münaqişənin həllində maraqlı deyil və elə bəyanatlar verir ki, danışıqlar prosesi pozulsun. Paşinyan son bəyanatında, Dağlıq Qarabağla bərabər işğal altındakı digər Azərbaycan ərazilərini də qondarma respublikanın tərkib hissəsi kimi gördüyünü deyib. Bu, danışıqlar prosesinə vurulmuş ağır bir zərbədir. Yəni, cənab Prezident T.Qremingerin nəzərinə çatdırdı ki, Ermənistanın münaqişənin həlli ilə bağlı davranışı, siyasi bəyanatları, atdığı addımlar danışıqların bərpa edilməsinə istiqamətlənməyib. Danışıqlar olmayan yerdə, şübhəsiz, müharibə versiyası aktuallaşır. Paşinyan öz siyasəti ilə tərəfləri münaqişənin dinc yolla deyil, hərbi yolla həllinə sürükləmiş olur”.

Deputat, həmçinin onu da diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş nazirinin siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, işğalçı ölkədə yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciətinin də məğzi ondan ibarətdir ki, Ermənistanda insan haqları kobud şəkildə pozulur və yeni rəhbərlik siyasi opponentlərinə qarşı təzyiqlər göstərir: “Ermənistanda demokratiya adı altında antidemokratik addımlar atılmaqdadır. Cənab Prezidentin söylədiyi bu fikirlərin təsdiqi olaraq onu da qeyd edim ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Anemisyan, ilk növbədə, Ermənistanda insan haqlarının pozulması ilə bağlı məlumatlardan bəhs etdi. Ermənistanın Milli Təhlükəsizlik Xidməti ilə Xüsusi İstintaq Xidmətinin rəhbərlərinin telefon danışıqlarını ortaya qoydu. Həmçinin bildirdi ki, Ermənistanda rəhbərlik öz siyasi rəqiblərinə qarşı yalnız zor dili ilə danışır. Elə bu səbəbdən də AŞPA qərar qəbul etdi ki, bu məsələ AŞPA-nın monitorinq komitəsinə tapşırılsın və araşdırmalara başlanılsın. Azərbaycan Prezidentinin Tomas Qremingerə söylədiyi bu fikirləri əslində Ermənistanın vitse-spikeri də AŞPA tribunasından səsləndirir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə açıqlmasında bildirdi ki, ATƏT-in baş katibinin ölkəmizə səfəri Ermənistanın yeni rəhbərliyinin apardığı qeyri-konstruktiv siyasətin ifşası baxımından son dərəcə əhəmiyyətli oldu: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə ona Ermənistanın yeni rəhbərliyindən konstruktiv bir mövqe gözləməsi barəsində fikirlərini bildirməsi onu göstərir ki, Azərbaycan hələ də problemin dinc, diplomatik yolla həll edilməsinin mümkünlüyünə inanır. Lakin işğalçı Ermənistan isə beynəlxalq hüquqa əhəmiyyət vermir, onları kobud şəkildə pozur, dünya ictimaiyyətinə sayğısızlıq nümayiş etdirir. Ancaq bununla belə Ermənistan bu gün özünün daxili siyasətində gərginliyi artırmaqla yanaşı, həmçinin Azərbaycan ilə münasibətlərdə də müharibə çağırışı edir. Yəni bu, çox böyük təəccüb və təəssüf doğurur. Bu da Azərbaycanı artıq danışıqlar barəsində ciddi düşünməyə vadar edir. Bu gün Azərbaycanın bütün sahələrdə uğurlu inkişafı onun ən ağırlı milli problemin həll etməsi üçün böyük şərait yaradır. Lakin bizim istəyimiz məsələnin sülh yolu ilə həllidir”.

Deputat, onu da diqqətə çatdırdı ki, ATƏT artıq bu məsələni diqqətdə saxlamalıdır: “Hesab edirəm ki, cənab Prezidentin mövqeyi həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistana çox ciddi bir mesajdır. Beynəlxalq ictimaiyyət bir daha Azərbaycan torpaqlarının hələ də işğalda qalması sualı ətrafında ciddi düşünməlidir. Ermənistan isə vəziyyətin heç də uzun müddət davam edə bilməyəcəyinin və özü öz hərəkətləri, çağırışları ilə vəziyyətin gərginləşməsinə şərait yaratdığının fərqinə varmalıdır”. (İki sahil)

AzNews.az

Bağla X