“Mənim üçün Milli Şura indi yoxdur...” - Eldar Namazov

"Milli Şurada güclü və zəif söhbəti olmamalı idi"

"El" Hərəkatının sədri Eldar Namazoun Milli Şurada yaranan son durumla bağlı "Qafqazinfo"ya müsahibəsi

- Milli Şuradakı son vəziyyəti necə dəyərləndirirsiniz?


- Bir neçə gün əvvəl mən mətbuata bildirmişdim ki, mənim üçün mayda yaranan Milli Şura indi yoxdur. Ona görə ki, Milli Şura təkcə bir ad deyildi, o eyni zamanda yanaşma, fəlsəfə, müəyyən prinsiplər idi. Mayda biz Milli Şuranı yaradanda çalışırdıq ki, demokratik dəyişiklik istəyən bütün qüvvələri burda olsun.

Fərqi yoxdur onlar bir-birinə yaxındır, ya da münasibətləri yaxşı deyil. Bu insanları birləşdirən bir ideya olmalıdır ki, xalq özü seçkilərdə azad seçim edə bilsin. Ancaq indiki zamanda heç bir siyasi partiyanın təkbaşına ölkədə vəziyyəti dəyişmək üçün resursları, potensialı, təhsili kifayət etmir. Ona görə də tək siyasi partiyalar yox, eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri də Milli Şurada bir araya gəldi.

Buna nail olmaq üçün böyük bir koalisiyanın içində ayrı-seçkilik olmamalı idi. Kim daha güclü, kim daha zəif söhbəti olmamalı idi. Bunu hamı bilir ki. qüvvələr hamısı eyni səviyyədə deyil. Milli Şura yaranandan sonra həm ölkənin daxilində, həm də ölkənin xaricində rezonans doğurdu. Qısa müddətdə Milli Şuranın beynəlxalq əlaqələri formalaşdı. Bunu Rüstəm müəllimin ABŞ , Avropaya səfərləri zamanı gördük. Mənim də Avropa ölkələrinə səfərlərim oldu. Ölkə daxilində bir canlanma yarandı.

- Nə baş verdi ki, Milli Şurada bu qədər ayri seçkilik yarandı?

- Son dövrlərdə Milli Şuranın fəaliyyətində xoşagəlməz hallar da yarandı. Ənənəvi olaraq kim daha güclü zəif məsələsi, aralarında nə vaxtsa olan problemlər müzakirə mövzusu oldu. Milli Şuradan qopmalar oldu. Lalə Şövkət, Rəsul Quliyev istefa verdi. Rüstəm müəllim fəxri sədrlikdən istefa verdi. İndi isə Müsavat getdi.

-Milli Şuranın taleyi ilə bağlı müzakirələr davam edir. Sizcə, Milli Şuranın perspektivi varmı?


- İndi köhnə ad altında ancaq eyni zamanda yeni bir quruma çevrilmək prosesi gedir. May ayında Milli Şuranın elan edilmiş təməl prinsiplərinə də müəyyən zədə dəyib. İndi müzakirələr aparılır ki, maraqları uzlaşdırmaq olacaqmı? Ayrı-ayrı qopmalar olmasına baxmayaraq mənim yanaşmam odur ki, Milli Şuranın taleyi ilə bağlı bir yerdə konsensusla qərar qəbul edək. Ona görə də biz məsləhətləşmələr aparırıq. Çünki bir yerdə bir təşkilat yaratdığımız qüvvələrə hörmətlə yanaşırıq.

Bizim bu məsələ ilə bağlı konkret mövqeyimiz var. Öz qərarımız da qəbul edə bilərik. Amma istəyirik ki, dostlarımızla, əməkdaşlıq etdiyimiz qurumlarla bu qərarı birlikdə qəbul edək. Orda qəbul olunmuş qərarın mahiyyətindən çox, qərar necə qəbul olundu vacib olur.

-"EL"in mövqeyi nədən ibarətdir?


- Bizim mövqeyimiz bir neçə vacib prinsiplərə əsaslanır. Sadəcə olaraq başqa qüvvələrlə apardığımız danışıqlar da bizim son qərarımıza öz təsirini göstərə bilər. Ona görə də istəməzdim ki, indidən konkret söz deyim. "El " İdarə Heyətinin məsləhətləşmələri davam edir. Məsləhətləşmələrimiz bu gün də davam edir, sabah da davam edəcək.

- Söhbət var ki, Milli Şuranın sədri Cəmil Həsənli çalışır ki, "El " Milli Şurada qalsın.


- Bizim söhbətimizin detallarını çox da açmaq istəmirəm. Bu təbii dir. Müzakirələrin bir qismi Cəmil Həsənlinin "Azadlıq" qəzetində bizim əleyhimizə ciddi ittihamlar səsləndirməsi oldu. Söhbətin bir qismi də Milli Şuranın indiki durumu və gələcəyi ilə bağlı oldu. Bilirsiniz ki, dünən Cəmil Həsənli tərəfindən mətbuatda belə bir açıqlama olmuşdu ki, Milli Şuranın Koordinasiya Şurasının siyahısını "Yeni Müsavat" qəzetinə "El " Hərəkatının İdarə Heyətinin üzvlərindən biri ötürüb.

Eyni zamanda iddia olunur ki, "El " Hərəkatı Koordinasiya Şurasında daha çox yer istəyirlər. İddianın hər ikisi yanlış və əsassız idi. "El" İdarə Heyətinin 30 dekabr iclasında üzvlərə bu haqda şifahi məlumat verilmişdi. Onlar sənədi çap şəklində gözləri ilə görməyiblər. Mən bunları Cəmil müəllimə izah etdim. Güman edirəm ki, o, bir daha bu məlumatın "Yeni Müsavat" qəzetinə necə çatdığını götür-qoy edib daha dəqiq nəticəyə gələcək.

- Siz şəxsən Milli Şurada qalmaq, yoxsa getmək istəyirsiz?


- Məsləhətləşmələr başa çatdıqdan sonra bu haqda danışaq. Prinsipcə nəinki "El" digər qurumlar da bir araya gəlib qərar qəbul edək. Dekabr 30-da verdiyimiz qərarlar yekdilliklə qəbul olunub. Biz bundan sonra da çalışacağıq ki, qərarlarımızı elə əsaslandıraq ki hamı üçün aydın və məqbul olsun.

AzNews.az